Modern.az

Əli Əhmədov: "Dərmanların qiyməti son dəyişikliklərə uyğunlaşdırılacaq”

Əli Əhmədov: "Dərmanların qiyməti son dəyişikliklərə uyğunlaşdırılacaq”

24 Dekabr 2015, 12:33



“Manatın dollara olan məzənnəsinin enməsi ilə əlaqədar olaraq təbii ki, dərmanların qiymətlərində dəyişikliklər aparılacaq və bu məzənnəyə uyğunlaşdırılacaq”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, qaydalara görə Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir: “Əlbəttə, belə bir addımı atmaqla hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər. Buna da nail olunub. Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq, dərmanların qiymətləri məzənnədə baş verən dəyişikliklərə uyğunlaşdırılacaq. İndi də atılan addım ondan ibarət olacaq ki, iş adamları, Azərbaycana dərman idxal edən sahibkarlar ziyana düşməsinlər”.

Ə. Əhmədov qeyd edib ki, dərmanların qiymətləri ilə bağlı optimal bir variant işlənib hazırlanacaq: “Dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək. Manatın məzənnəsinin aşağı düşməsinə uyğun şəkildə qiymətlər yenidən müəyyənləşdiriləcək və heç kim ziyanda qalmayacaq”.

Əli Əhmədov deyib ki, manat ucuzlaşandan sonra yaranmış vəziyyətdən faydalanmaq istəyənlər ortaya çıxır.

"Bu, düzgün hərəkət deyil. Hörmətli prezidentimiz bu cür hallara yol verənlərə dair münasibətini bildirib. Güman edirəm ki, Azərbaycan hökuməti, müvafiq qurumlar tərəfindən fürsətdən istifadə edib, süni surətdə, heç bir obyektiv əsas olmadan satdığı məhsulların qiymətlərini qaldırmağa çalışanlara qarşı tədbirlər görüləcək”.

Baş nazirin müavini qeyd edib ki, bu tədbirlər qanun çərçivəsində olacaq: “Çalışmaq lazımdır ki, Azərbaycan vətəndaşları əlavə əziyyətlər çəkməsin, yaranmış vəziyyətdə sıxıntı keçirməsinlər. Obyektiv olaraq qiymətlərdə baş verən artımlarına gəldikdə isə, güman edirəm ki, bu, o qədər də böyük olmayacaq. Xüsusilə də yerli istehsalla əlaqədar olan məhsulların qiymətlərində ciddi artım olmayacaq. Ola bilsin ki, bu məhsulların bəzi komponentləri xaricdən gətirilir və onların gətirilməsi üçün xarici valyutadan istifadə olunur. Qiymət artımı o dərəcədə ola bilər. Amma bu, artıq bəzilərinin istifadə etdiyi mexanizmlər şəklində qiymət artımına gətirib çıxarmamalıdır. Süni qiymət artımından faydalanmaq istəyənlərin arzularının reallaşmasına imkan verilməməlidir”.


Modern.az
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama