Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasınının açılış mərasimində iştirak edib.
Modern.az xəbər verir ki, yeni binanın sakinlərilə görüşən dövlət başçısı onlar qarşısında çıxış edərək, bir sıra məsələlərə toxunub.
Prezident deyib ki, bu cür tikililərin istifadəyə verilməsi Azərbaycanda aparılan güclü sosial siyasətin əlamətidir.
“Çünki dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir”.
İlham Əliyevin sözlərinə görə, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Prezident bildirib ki, o, çox istəyir ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar.
“Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır. Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə, bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq.
Bu yaxınlarda Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşasına görə 10 milyon manat əlavə vəsait ayrılıbdır. Nazirlər Kabineti də yaxın vaxtlarda ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edibdir. Büdcə xərcləri, büdcə gəlirləri azalıbdır. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşibdir. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıbdır. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaqdır. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var”.