Modern.az

Müsabiqələrdə jurnalistləri təhqir edirlər

Müsabiqələrdə jurnalistləri təhqir edirlər

Media

25 Dekabr 2015, 13:05


Tez-tez jurnalistlər üçün müxtəlif təşkilat və ya dövlət qurumları tərəfindən yazı müsabiqələri keçirilir. Bu, bir tərəfdən jurnalistlərin müxtəlif istiqamətlərdə fəaliyyətlərini stimullaşdırılmasına gətirirsə, digər tərəfdən maddi məsələlərdə də müəyyən mənada onlar üçün dəstək rolunu oynayır.

Amma müşahidələr göstərir ki, son 10 ildə keçirilən bu cür jurnalist müsabiqələri cəmiyyət və jurnalistlər tərəfindən o qədər də razılıqla qarşılanmır. Əksər vaxtlarda belə müsabiqələrdə obyektivlikdən daha çox kimlərinsə yaxınlığı  əsas götürülür. Belə olmasaydı, 10 il ərzində qalib yazılardan hansısa cəmiyyətdə geniş əks-səda doğurardı. Yaxud heç olmasa qalib yazı jurnalistlərin yadında qalardı.

Təbii ki, bu, jurnalistika üçün ən böyük faciə, əsl jurnalistlər üçün isə təhqirdir. Neynəyəsən ki, çağdaş jurnalistikamızın gerçəkliyi budur. Onu da qeyd edək ki, bu müsabiqələrdən jurnalistlərin narazılıqları ilə bağlı dəfələrlə mətbuatda informasiyalar yazılıb və narazılıqlar tam olaraq əsaslandırılıb. Bəzi qurumlar tərəfindən keçirilən müsabiqələrdə hər dəfə eyni şəxslərin qalib olması, bir mətbuat orqnaından eyni vaxtda 5-6 nəfərin qaliblər siyahısında adının qeyd edilməsi qələm adamları tərəfindən ikrah hissi ilə qarşılanır.

Fəaliyyətini dayandırmış “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Modern.az-a açıqlamasında bildirib ki, istənilən müsabiqə özündə subyektivlik çalarları daşıyır. O qeyd edib ki, dünyanın istənilən yerində verilən mükafatlarda belə hallar olur.

“Tək-tük hallarda istisnalar olur. 1000 adamın xoşuna gəlirsə, birinin xoşuna gəlməməsi dəqiq məsələdir. Bizdə jurnalist müsabiqələrinin qəhrəmanları, onların nəticələri cəmiyyətimizin tam əksidir. Cəmiyyətdə ictimai dərrakədə, şüurda nə proseslər gedirsə, bu, həmin müsabiqələrdə də özünü biruzə verir”.

E.Şıxlı bildirib ki, Azərbaycan cəmiyyətində olan qeyri-obyektivlik həyatımızın hər sahəsində baş alıb gedir.

“Ona görə həyatda ictimaiyyət səviyyəsində vəziyyət necədirsə, keçirilən müsabiqələrdə də vəziyyət eynidir. Yəni bu cəmiyyətin güzgüsü olan hər hansı bir strukturun başqa cür müsabiqə keçirməsini gölzəməyə dəyməz”.

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonundunun (KİVDF) Müşahidə Şurasının üzvü  Bəxtiyar Sadıqov konkret olaraq diqqəti KİVDF-yə yönəldib və qeyd edib ki, bu, Azərbaycan hökumətinin jurnalistlərə qayğısıdır. Onun sözlərinə görə, Fond müsabiqələrində redaksiyaların, jurnalistlərin daxili işinə qarışmadan nəyi necə yazdığını, öz iradəsini qəbul etdirmədən stimullaşdırır.

“Bu Fond vasitəsilə nə qədər jurnalistimiz müxtəlif mükafalatlar alıb, onlara mənzillər tikilib paylanılıb. Burada məqsəd jurnalistləri yaradıcılığa həvəsləndirmək, onların peşəkarlığını inkişaf etdirmək, hardasa jurnalistlər arasında yarışma təşkil etməkdir. Niyyət, məqsəd budur. Ekspertlərimiz səriştəli insanlardır və o adları qəsdən gizli saxlayırıq ki, kimsə təsir edər və deyər ki, “mənə yüksək bal ver” və s. Burada bəzən kimsə narazı qalır ki, “mənim yazım yaxşı idi, aşağı bal verildi” və ya deyilir ki, “niyə eyni adamlar qalib gəlir?”. Məsələ burasındadır ki, yazıları müsabiqəyə yazmaq və göndərmək lazımdır. Heç bir məhdudiyyət və maneə yoxdur. Elə jurnalistlər var ki, onların qələmləri yaxşıdır, qoçaqdılar, mövzularla bağlı işləyirlər, hətta bu mövzuları işıqlandırmaqda səriştə də toplayıblar və ona görə onların yazıları daha keyfiyyətli və səviyyəli olur, qiymələndirirlər”.

B.Sadıqovun sözlərinə görə, nədənsə jurnalistlər təqsiri özündə görmür və deyirlər ki, onun yazısı başqalarından yaxşı olub.

“Sən digər yazını görmədən necə deyə bilərsən ki, sənin yazın ondan yaxşıdır. Ola bilər ki, hardasa zövqlər müxtəlifdir. Bir neçə dəfə ekspertlik etmişəm. Son dövrlər ekspert olmuram. Çünki ora yazılan yazılar xoşuma gəlimir və aşağı qiymət verirəm. Qiymət fərqi nəticəsində ekspertlər arasında narazılıq yaranır, ona görə də ekspertlikdən imtina etmişəm”.

Bəxtiyar Sadıqov müsabiqələrə jurnalistlərın güzəranlarının yaxşılaşdırması üçün əlavə qazanc mənbəyi baxımından yaxşı baxdığını deyib.

“Müsabiqələrə jurnalistlərin peşəkarlığının yüksəldilməsi üçün yaradılmış imkan kimi baxıram. Hər işdə nöqsan olur. Demirəm nöqsan yoxdur. Ümumi götürəndə bu, xeyirxah, vacib addımdır və mən belə müsabiqələrin daha çox olmasını, jurnalistlərin fəal iştirak etməsini, hamının bəhrələnməsini istəyirəm”.

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi