Növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılaraq, 39 497 yer (onlardan 11 799 dövlət sifarişli) müəyyən olunub. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb və bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2015-ci il üzrə yekun hesabatında qeyd edilib. Sənəddə qeyd edilir ki, bu il müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb. Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilib. Bununla da “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb.
Digər məlumata görə, 2015-2016-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul zamanı minimal keçid balı 200 həddində müəyyən edilib. İlk dəfə olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə bir sıra ixtisaslara minimal keçid balları müəyyənləşdirilib və imtahanlardan sonra keçid balları aşağı salınmayıb. Nəticə etibarı ilə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin keyfiyyəti artıb, qəbul planı 85 faiz yerinə yetirilib və ya 32 849 nəfər tələbə adı qazanıb.
Məlumatda bildirilir ki, ötən tədris ilindən fəaliyyətə başlayan SABAH qruplarında 45 ixtisas üzrə 1629 tələbə təhsil alır. Elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərən bu qruplarda 500-dək müəllim dərs deyir.
Hesabatda qeyd edilib ki, 2015-ci ildə ölkə üzrə 19 ümumi təhsil müəssisəsi, 7 internat məktəb, 2 ali, 4 orta ixtisas, 3 ilk peşə-ixtisas təhsili, 2 məktəbdənkənar təhsil müəssisəsində tikinti, əsaslı təmir və ya yenidənqurma işləri aparılıb. Bir təhsil müəssisəsində abadlaşdırma işləri, 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb, eləcə də 12 təhsil müəssisəsi qazlaşdırılıb.
Aytən ZƏHRA