2015-ci ildə də məcburi köçkün həyatı yaşayanlar doğma torpaqlarına pənah apara bilmədilər. Dağlıq Qarabağ məsələsi yenə də nəticəsiz başa çatdı.
Bəs siyasi şərhçilər bu barədə nə düşünür? 2015-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından necə il oldu?Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında 2015-ci il ərzində Qarabağ münaqişəsi ətrafında kütləvi informasiya vasitələrində nikbin rəylərin yer almasını diqqətə çatdıraraq, bu məsələnin daha çox Rusiyanın mövqeyi ilə əlaqədar olduğunu deyib:
“Çünki Rusiya bu məsələdə obyektiv mövqe tutacağı barədə Azərbaycan rəhbərliyini məlumatlandırmışdı. İki ilə yaxın idi ki, ciddi danışıqlar aparılırdı. Məsələnin üzü payıza doğru həll ediləcəyi barədə fikirlər söylənilirdi. Lakin Rusiyanın üzü birdən-birə dəyişdi. Görünür, burada Türkiyə dövləti ilə yaranan mövcud vəziyyət də rol oynadı. Bundan sonra işğalçı Ermənistanın ayağı bir az da yer aldı.
Ermənistanı silahla təchiz etməyə davam edən Rusiya işğalçı dövlətə yeni təlimatlar verdi. Cəbhədə qarşıdurma artdı. Azərbaycan və Ermənistan prezidentlərinin Berndə keçirilən görüşü demək olar ki, nəticəsiz bitdi. Sadəcə olaraq, quru açıqlama ilə tərəflərin sülh danışıqlarına sadiq olması barədə bəyanatla yekunlaşdı. Bu dövrdə danışıqlar prosesi heç nə ilə yadda qalmadı. Əksinə, təmas xətti boyunca silahlı qüvvələrin qarşıdurması daha da gücləndi”.
Qabil Hüseynlinin sözlərinə görə, 2015-ci ildə Azərbaycan ordusu çevikliyi ilə yadda qalıb:
“Azərbaycan ordusu Ermənistan ordusu ilə nisbətdə ermənilərin provokasiyalarına daha tutarlı cavablar verə bildi. Yalnız öyünüləsi, yadda qalan bir şey Azərbaycan ordusunun döyüş səviyyəsinin artması, döyüş ruhunun yüksəlməsi, torpaqlarımızı azad etməyə qadir olması faktının təsdiqlənməsi idi”.
Ekspert 2016-cı ildə Qarabağ məsələsinin müsbət həll edilməsində Rusiyanın mövqeyini xüsusi vurğulayıb: “Rusiyada ciddi dəyişikliklər, xüsusilə zehniyyət dəyişikliyi olmasa, bu məsələləri çözmək olmur. Çünki Ermənistan Rusiyanın bir qoluna çevrilib.
Bütün tapşırıqlar Kremldən gəlir. Rusiya isə son dövrlərdə bütün dünyaya meydan oxuyan mövqe sərgiləyir. Bu nöqteyi-nəzərdən də Rusiya ilə məsələlərin nə səviyyədə olması Qarabağ məsələsinin çözülməsinə kömək edə bilər. Görünür, ən effektli variant Rusiyanın bölgədəki təsirinin zəifləməsi və proseslərdə nüfuzunun heçə endirilməsi Qarabağ probleminin həll edilməsi üçün əhəmiyyətli rol oynaya bilər”.
Namidə BİNGÖL