Modern.az

Famil Mehdinin oğlu: “Atamı Qarabağ öldürdü”

Famil Mehdinin oğlu: “Atamı Qarabağ öldürdü”

25 Dekabr 2015, 16:45

Bu gün çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından biri, şair, professor, Famil Mehdinin anadan olmasından 81 il ötür. 1934-cü ildə Ağdamın Sarıhacılı kəndində anadan olan Famil Mehdi 2003-cü ildə 68 yaşında vəfat edib. Bir sıra mətbu orqanlarda və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində çalışıb.

Modern.az saytı bu gün 81 yaşı tamam olan mərhum Famil Mehdinin oğlu Şamil Mehdi ilə  söhbətləşib:

- Sizcə bu gün insanlar Famil Mehdinin necə xatırlayırlar?  

- Artıq 12 ildir ki, atam həyatda yoxdur. Buna baxmayaraq, həm sadə insanlar, həm tələbələri, həm də keçmiş iş yoldaşları tərəfindən bu gün də xatırlanır. Biz də ailəsi olaraq onun xatirəsinin əbədiləşdirməsi üçün nəsə etməyə çalışırıq. Arxiv materiallarını, çap olunmayan şeirlərini, publisistikasını yığıb kitab halında çap edirik. Ötən il 80 yaşı münasibətilə onun şeirlərini 3 dildə (azərbaycan, rus, ingilis) çap etdirdik.

Ondan əvvəl xatirə kitabı buraxıldı. Hələ arxivdə bir xeyli materialları Onları toplayıb düzəlişlər etmişik və  çap etmək haqqında düşünürük. Bundan başqa, tanımadığım adamlar tərəfindən Famil Mehdinin adına “feysbuk”da səhifə yaradılıb. Həmin səhifəyə də baxanda Famil Mehdiyə nə qədər böyük diqqətin olduğunu görərik.

- Famil Mehdinin hansı müsbət cəhəti, maraqlı tərəfi insanlardan gizli qaldı?  

- Yaddaşıma həkk olunan meyarlardan çıxış edərək sualınıza cavab verə bilərəm. Hər bir zaman həyata açıq şəxs olub. Açıqlığı da ondan irəli gəlib ki, atam hər zaman həyatda ədalətli olmağa çalışıb. Məsələlərə hər zaman obyektiv münasibət göstərib. Kimə qarsısa ədalətsizlik görəndə, heç zaman biganə qalmayıb, kənara çəkilmədən öz mövqeyini göstərib. Mənə elə gəlir ki, bu cəhətinə görə də insanlar onu çox yüksək dəyərləndiriblər.  

- Ömrünün son günlərində Qarabağı necə xatırlayırdı?  

- Qarabağ mövzusu onun ən yaralı yeri idi. 1987-ci ilin sonlarında Qarabağ münaqişəsinin ilk işartılarının görünməsi Famil Mehdinin həyatının dönüş nöqtəsi oldu. Mən elə düşünürəm ki, onun həyatında ən böyük zərbə elə Qarabağ oldu. Bu, həddində artıq ağır zərbə oldu. Onun publisistikasında da, onun poeziyasında da öz əksini tapdı. Bu mövzuda yazdığı əsərləri paylaşırdı, heç birisini arxiv üçün yazmırdı.

Amma hər zaman ümid bəsləyirdi, möcüzə gözləyirdi ki, torpaqlar qayıdacaq. Ömrünün sonuna qədər buna inanırdı. Hər dəfə cavanlara deyirdi ki, çalışıb torpaqları qaytarmaq lazımdır. Heç zaman unutmaq, yaddan çıxarmaq olmaz. Amma öz vətəndaşlıq mövqeyini heç zaman dəyişmədi. Son gününədək ona sadiq qaldı. Düşünürəm ki, ömrünün qıs olmasının əsas səbəbi də Qarabağ itkisi idi.  

- Son illərdə yazdığı şeirlərdə böyük etiraz ruhu hiss olunurdu. Həmin şeirlərinə və publisistikasına görə başını ağrıtmırdılar ki?  

- Ömrü boyu müxtəlif təzyiqlərə məruz qalıb. Son 20 ildə ölkədə baş verən hadisələr onu bir vətəndaş kimi daha da ağrıdırdı. O, baş verənlərlə barışa bilmirdi. Hər gün bizim evə ən az 4-5 nəfər zəng edib dərdlərini danışırdılar. Ömrünün sonuna yaxın həkimlər tövsiyə edirdilər ki, mənfi enerjidən uzaq olsun.

Amma ömrünün sonuna qədər həmin insanları dinləyirdi. Onlara kömək etmək istəyirdi. Sözsüz ki, tənqidedici mövqedə dayanan ziyalı insan hər zaman hakim dairələrin müsbət reaksiyasını qazanmır. Famil Mehdi bunu özü üçün problem hesab etmirdi. Məsələn, kiçik bir nümunəni deyim. Məlum məsələdir ki, hər bir yaradıcı adam üçün onun kitabının çapı böyük hadisədir. Amma Famil Mehdinin 1992-ci ildən 2003-cü ilə qədər kitabı çap olunmadı. 2003-cü ildə özümüz kitabını çap etdirdik. Adamın 11 ildə heç bir kitabı işıq üzü görmədi. Bunun özü də bir zərbə  idi. Onu da qeyd edim ki, atam məhsuldar yaradıcılığına baxmayaraq, bir dəfə də olsun dövlət mükafatına və heç bir fəxri ada layiq görülmədi.  

- Bu gün kimlər zəng vurub Famil Mehdini yad etdi?

- Belə insanların sayı çoxdur. Konkret adlar çəkməyəcəyəm, Çünki ola bilər ki,  kimlərinsə adını unudum. Amma bir sözüm deyim, bu gün ailəliklə atamın məzarını ziyarət etməyə gedəndə artıq orada güllər, əklillər var idi. Hər zaman belə olub. Orada çalışan adamlar da bizə deyirlər ki, çox zaman atanızın məzarına adamlar gəlir və yasin oxutdururlar, yad edirlər.  Mən o insanların hamısına minnətdaram.


Elmin NURİ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI