Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Alimlər Birliyinin (AAB) Təşəbbüs Qrupunun təsis konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov bildirib ki, AAB-nin yaranması zərurətdən irəli gəlib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində alim-ziyalı mövqeyinin bərpasına, alimlərin sosial problemlərinin həllinə ciddi ehtiyac var.
AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə elmlər doktoru Yadigar Türkel isə çıxışında AAB-nin yaranması prosesindən söz açıb.
Daha sonra fəlsəfə doktoru Faiq Qəzənfəroğlu AAB-nin əsas məqsəd və vəzifələri haqqında danışıb. Onun sözlərinə görə, AAB müxtəlif elm sahəsində çalışan alimlərin elmi əsərlərinin və kəşflərinin ictimai müzakirələrini, əlaqələndirilməsini, təbliğini həyata keçirəcək. AAB-nin qarşısında duran vəzifələrdən biri də gənc alimlərin qarşısına çıxan bürokratik əngəllərin, o cümlədən xarici dil üzrə beynəlxalq sertifikat (TOEFL, İELTS) məsələsinin də müsbət şəkildə həlli olacaq. Eyni zamanda AAB-nin saytı fəaliyyət göstərəcək, jurnalı nəşr olunacaq.
F.Qəzənfəroğlu bildirib ki, AAB cəmiyyət, elm üçün yeni bir nəfəs olacaq. Elmdə yuxarıdan aşağıya olan təzyiq sindromuna son qoyaraq, aşağının yuxarıya təzyiqinə nail olacaq. Bununla yanaşı, “Elm haqqında” Qanunun layihəsinin parlamentdə tezliklə qəbul olunmasına çalşacaq.
Daha sonra AAB-nin nizmanaməsi qəbul edilərək, 7 nəfərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Yadigar Türkel, Dilavər Əzimli, Paşa Həsənli, Alı Balayev, Əzizağa Ələkbərov, Faiq Qəzənfəroğlu və Şahin Fərzəliyev daxildirlər.
Təsis konfransında tanınmış alimlərdən Dilavər Əzimli, Yasamən Qaraqoyunlu, Tahir Cəbiyev və başqaları da çıxış ediblər.
Modern.az