2015-ci il bir çox hadisələrlə yada qaldı. Əsas hadisələrdən biri ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi oldu.
Gerida buraxmağa hazırlaşdığımız ildə baş verən idman hadisələrinə idman jurnalistlərinin gözü ilə baxaq. Modern.az saytı onların təəssüratlarını təqdim edir.
Qol.az saytının baş redaktoru Aydın Bağırov: “İlin əsas idman hadisələrindən biri, iki futbol klubumuzun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması oldu. Bundan başqa, Azərbaycanın milli futbol komandasının 4 rəsmi oyunda uduzmaması futbol tariximizdə bir yenilik idi. Amma bunlarla yanaşı, deyə bilərik ki, çox da uğurlu il olmadı. “Qarabağ” klubundan hamı yüksək nəticə gözləyirdi. Amma zədələr və uğurlu transferlərin olmaması kuluba təsir etdi. Biz güman edirik ki, 2015-də belə problemlər olmaz və klubumuz daha yuxarı nəticə göstərərək, Çempionlar Liqasının qrup mərhələsinə düşməyə nail olar. Bəzi klublarımız problemlər yaşayır. Bu il “Bakı”, “İnter”, “Xəzər-Lənkaran” klublarında çoxlu problemlər oldu. Bir sıra klublarımız isə ciddi maliyyə problemi ilə üzləşdi. Bir neçəsinin fəaliyyəti isə sual altındadır. Bu baxımdan 2015-i futbolda uğurlu il saymıram.
Amma tam da uğursuz il hesab etmirəm çünki, bəzi yeniliklər də oldu”
Ədalət qəzetinin müxbiri Sahib Əsədbəyli: “Azərbaycan üçün ilin əsas idman hadisəsi ilk Avropa Oyunlarının paytaxtımızda təşkil olunması idi. 50 ölkədən təşrif buyurmuş 6000-də çox idmançının iştirakı ilə keçirilən bu turnir uzun illər unudulmayacaq. Medalların istər kəmiyyətinə, istərsə də keyfiyyətinə nəzər salsaq, əminliklə deyə bilərik ki, yığmamız gözləniləndən daha yüksək səviyyədə çıxış sərgilədi. Xüsusən də güləş, boks, taekvondo və karate kimi döyüş növlərində yüksək nəticələr qazandıq. Əldə edilən 21 qızıl medaldan 19-u məhz bu növlərin hesabına yazıldı.
Avropa Oyunlarından başqa, Avropa və Dünya çempionatlarında, o cümlədən, bir sıra nüfuzlu turnirlərdə əvvəlki illərdə olduğu kimi 2015-də də təkbətək idman növlərində qazanılan uğurlarla fərqlənə bildik. Legionerlərin sayəsində olduğunu nəzərə almasaq, ağır atletikada da əldə edilən nəticələri qeyd edə bilərik.
Ölkə ağır atletika tarixinə ilk qadın dünya çempionu kimi adını yazdıran Boyanka Kostova, həmçinin Nizami Paşayevin çempionluğundan sonra yaranmış 10 illik qızıl medal həsrətinə son qoyması.. Taekvondoçumuz Radik İsayev isə 14 illik aradan sonra mundialda ölkəmizin himnini səsləndirdi.
Digər hadisə isə Qazaxıstanı təmsil edən həmyerlimiz Nicat Rəhimovun ağır atletlər arasında qaliblər sırasında olması idi. Bununla Nicat digər ölkə adına dünya çempionluğu qazanan ilk azərbaycanlı oldu. İlə uğursuz start verən, Avropa Oyunlarında və ardıcıl ikinci Dünya Çempionatında uğursuz çıxışla idmansevərləri pərişan edən cüdo yığmamızda federasiya səviyyəsində edilən dəyişikliklər qismən özünü doğrultmaqdadır. Beynəlxalq turnirlərdə qazanılan reytinq xalları hesabına 4 lisenziyanı sığortalayan tatami ustalarımızın yeni, daha qayğıkeş rəhbərliklə növbəti yarışlarda bunun sayını artıracağı gözlənilir. Ümumilikdə il ərzində 29 rəsmi lisenziya qazanılıb ki, bu da ötən illərin analoji dövründən müsbət mənada fərqlənir. Hərçənd, bunların demək olar 80 faizi legionerlərin hesabındadır. Bu hal bizləri qayğılandırmaya bilməz”.
"Report"un əməkdaşı Rövşən Əhlimanoğlu: "2015-ci il Azərbaycan idmanı tarixində böyük səhifə açdı. "Bakı 2015" I Avropa Oyunlarının, şahmat üzrə Dünya Kubokunun Bakıda keçirilməsi, eləcə də idmançılarımızın başqa ölkələrdə təşkil olunmuş dünya və Avropa və digər beynəlxalq turnirlərdə uğurlu çıxışları idman sahəsinə Azərbaycan möhürünü vurub. Nəzərə almaq lazımdır ki, idmançılarımız beynəlxalq turnirlərdə 823 medal qazanıblar. Bu medallardan 321-nin qızıl, 222-sinin gümüş və 280-nin bürünc əyarlı olması böyük uğurdur. Fikrimcə, bu medallar heç vaxt unudulmayacaq. Üstəlik 2016-da Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 7 idman növü üzrə 30-a yaxın lisenziyanın qazanılması da Azərbaycanda idmana olan diqqəti göz önünə çəkir.
Demək olar ki, 2016-cı il də cari ildən heç də geri qalmayacaq. Çünki növbəti il dünya idman ictimaiyyətinin maraqla izləyəcəyi "Formula 1" Qran Prisi Bakıda keçiriləcək. Bu baxımdan şübhəsiz ki, cari ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu demək olar.
“Qaynar.info”nun müxbiri Səbuhi Tofiqoğlu: "Azərbaycan idmanı 2015-ci il üçün nəzərdə tutulanda ilk növbədə Bakıda keçirilmiş Avropa Oyunlarını qeyd etmək olar. Avropanın ilk Olimpiya Oyunlarının Bakıda keçirilməsi çox yaxşı hal idi. Yenə bu sahədə təşkilatçılıq bacarığımızın olmasını göstərə bildik. Güləş, boks, karate və taekvondoda ciddi uğurlar qazandıq. Ancaq bu idman növlərinin əvvəldən də inkişafda olduğunu nəzərə alsaq, düşünürəm ki, ən böyük uğurları futbolda etdik. Halbuki, buna qədər hamı "Azərbaycanda futbol var" sualını verirdi. Avropa Çempionatında iştirak edəcək Xorvatiyadan Bakıda, Norveçdən Osloda xal almağımız çox yaxşı nəticə idi. Bu da Robert Prosineçkinin gəlişindən sonra millidəki inkişafın olmasından xəbər verir. Eləcə də ilk dəfə 2 futbol komandamız - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələlərində çıxış etdi. Yenə qrup mərhələsini adlaya bilməsək də, "Qarabağ"ın "Tottenhem", "Anderlext" və "Monako" kimi Avropanın məşhur komandalarından oyun komponentində səviyyəcə geri qalmaması bizləri sevindirməyə bilməz".
“APAsport”un müxbiri Zaur Xudiyev: “2015-ci il Azərbaycan idmanı üçün daha çox Avropa Oyunları ilə yadda qaldı. Ancaq digər sferalarda da bir neçə uğurlu çıxışlar oldu. Müxtəlif növlərdə idmançılarımız fərdi uğurlar qazandılar. Qəbələdə atıcılıq üzrə dünya çempionatı keçirildi. Uğurlardan danışarkən fərdi növlərlə yanaşı, komanda idman növlərini də mütləq vurğulamaq lazımdı. "Qarabağ" futbol komandası ikinci dəfə, "Qəbələ" isə qısa tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Ümumilikdə idman sahəsində uğurlu il hesab etmək olar”.
Emil Rasim