Modern.az

Qabilin nəsihətləri, vəsiyyətləri

Qabilin nəsihətləri, vəsiyyətləri

26 Dekabr 2015, 18:15

Bu başdan deyim ki, Qabil nə vəsiyyəti, nə də ki, nəsihəti sevirdi. Mənə də nə nəsihət edib, nə də vəsiyyət. Tövsiyyə deyilən anlayış da ona yad idi. Məsləhəti isə əmrdən seçilmirdi. Üç məsləhət-əmri bu gün də öz gücünü göstərməkdədir. Qüvvəsini itirmir. Daha doğrusu təməl daşımdır:

1. Universitetin Filologiya fakültəsinə daxil olacaqsan.
2. Əsgəri xidmətini Sərhəd Qoşunlarında çəkəcəksən. Orda qayda-qanun var.
3. Dostum Fəzailin qızı bu evin gəlini olmağa layiqdir.

İnsanda əgər istedad varsa, aldığın təhsil onu ikiqat gücləndirir. Türkiyədə əsgərlikdə olmayan, bərkə-boşa düşməyən  oğlana qız vermirlər. Arvad - bazarda satılan kartoşka deyil ki, çürük çıxsa, atasan. Sonra da gedib təzəsini alasan.

Başqa məsləhət eşitmədim atamdan. Nəsihət də... Vəsiyyət də eləmədi. Evin tək övladına nə vəsiyyət edəsən axı. Yox, ömrünün sonuna yaxın vəsiyyət elədi: “Mən ölsəm, anana yaxşı bax”.



Mən anadan olan gün mənə ilk verdiyi isə əmanət olub. Yazdığı “İmamverdiyev” şeiri vasitəsiylə.  4 misradır cəmi.

Səbrim ümman tutumunda
Qərq eləyib neçə ili.
Mən əmanət saxlamışdım
Sahibiyçün bu famili.

İmamverdiyev familiyası mənə əmanət olunmuşdu. Özü isə İmamverdiyev familiyasını atıb Qabil qalmışdı. Anam da qızlıq familiyasını dəyişməmişdi. Ailədə İmamverdiyev təkcə mən idim. Mən də öz növbəmdə bu familiyanı qızlarıma əmanət etdim. Onlardan biri ərə getməyinə baxmayaraq familiyasından imtina etmədi. Suğra İmamverdiyeva. Qabilin anasının – nənəmin  adı, familiyası da beləydi. Adları da əmanət kimi qoruyuram. Qabilimiz də var, Bəyimimiz də...

OĞLUM MAHİRLƏ SÖHBƏT

Universitetdə 2-ci kursda  oxuyurdum. Sevinc Hümbətova adlı qrup yoldaşım əsəbi halda mənə yaxınlaşıb:

- Mahir, atovun sənə həsr etdiyi “Oğlum Mahirlə söhbət” şeiri var?
- Var.
- Bu dəqiqə əzbər deməlisən şeiri mənə.

Tutuldum. Şeiri əzbər bilmədiyim üçün yox. Sadəcə bu müraciət mənim üçün gözlənilməz idi.

- Nə olub axı? – deyə xəbər aldım.
- Heç nə. O şeiri de mənimçün.
- Əzbər bilmirəm axı.
- Nə? Bilmirsən? Bəs onda mənim qardaşımın təqsiri nədir ki, atam iki gündür bu şeiri ona döyə-döyə əzbərlətdirir. Hə? Oğlu isə əzbər bilmir.

Güldüm. Yox. Qızarmadım. Heç tənqiddən nəticə də çıxarmadım. İndi də əzbər bilmirəm. Yalnız 1-ci və sonuncu bədlərindən başqa. Sadəcə evə gəlib bu şeiri, daha doğrusu poemanı  tələbə yoldaşım Sevincin atasının gözüylə bir də oxudum.

Əlli yaşında mən, on yaşında sən...
Sən - yaşıl tumurcuq, mən - sarı yarpaq.
Əlimdən sürüşən ömürdən-gündən
Əlimdə-ovcumda bir sənsən ancaq.

Quzum, uşaq şe’ri deyil bu şe’r...
Sabaha aparır məni yelkənim.
Bu gün heç sən bilmə atan nə deyir,
Gün gələr bilərsən, Mahirim mənim!

Kim öz ayranına turş deyib ki, kim...
Qoy mən də tə’rifi qoyum bir yana.
Başqa duyğularla çırpınır qəlbim,
Yaxın gəl, qulaq as şair atana.

Qorxma, nəsihətlə yormaram səni,
Quru nəsihəti yox görən gözüm.
Ey mənim ömrümün tənha yelkəni,
Başqadı mətləbim, başqadı sözüm.

Görərsən: hər kəsin öz taleyi var,
Heç bir şey talesiz deyil dünyada.
Küləksiz - şəlpətək yelkən sallanar,
Küləkdə qabarar yelkən dəryada.

Yelkənin taleyi küləkdir, külək,
Bu vaxt o qartaldır dor ağacında.
Küləksiz elə bil dara çəkərək,
Yelkəni asıblar dar ağacından.

Küləksiz yelkənə dönərdim sənsiz,
Həsrətlə baxardım dəryaya, oğlum!
Gərəksiz yelkənə dönərdim sənsiz,
İlişib sahildə qayaya, oğlum!

Qara torpaqdadır dənin sabahı,
Nimçələr içində dən çörək olmaz.
Mənim sabahımdır, sənin sabahın,
Daha başqa cürə düşünmək olmaz.

Lalənin taleyi - yaraşığında,
Nərgizin taleyi - ətrində, oğlum!
Gecə - qiyamətdir ay işığında,
Səhər - qızıl fəcrin çətrində, oğlum!

Ətrim yaraşığım, günəşim, ayım,
Qırmızı üfüqüm, yaşıl çəmənim.
Sahilsiz dənizim, hüdudsuz çayım,
Canım-gözüm mənim, taleyim mənim!

Bircə ağac bitsə, səhrada, oğul,
Yer-göy qıyıb ona, soldurmaz heç vaxt...
İnsan olan bəndə dünyada, oğul,
Yeganə ümidi öldürməz heç vaxt...

Mənim arzularım nəhəng okean,
Kiçicik bir salın ümidindəyəm.
Sənsən o kiçik sal... coşsa da tufan,
Uğurlu iqbalın ümidindəyəm.

Ömür sarayımdan hər saat, hər gün
Bir kərpic qopsa da, düşsə də, nə qəm.|
Ömrün bu işini bildiyim üçün -
İlləri irəli çəkmək istərəm.

Ey körpə şitilim, fidanım mənim,
Böyük, qol-budaqlı bir aləm ol sən!
Ağıllım, şıltağım, şeytanım mənim,
Gözüm görə-görə abidəm ol sən!

Şan-şöhrət heykəli deyil gərəyim,
Gözütox, könlütox, babat şairəm.
Hər sənə baxanda uçur ürəyim,
Babat olsam belə, xoşbəxt şairəm.

Tək şe’r yazmaqla şair olmağı,
Kifayət bilmirəm, - bəlkə də səhvəm.
Yalnız yazan kimi yadda qalmağı
Özcə taleyimçin kəm sayıram, kəm.

Ata həyəcanım, ata sevincim
Bütün yazdığıma bərabər mənim.
Coşur ürək qanım, axır göz incim
Mehrinə hər axşam, hər səhər mənim.

On ildir aləmin yadındayam mən,
Şirinim, şəkərim, qəndimlə, oğlum!
On ildir aləmin yanındayam mən,
Adına içdiyim andımla, oğlum!

Çox da bənd olan yox mənə on ildir;
Təzə yazdığım nə, yazacağım nə.
Hamı soruşur ki... necədir Mahir?
Hamı xeyir-dua diləyir sənə.

Mən səni çilçıraq görmək istərəm
Qaranlıq qovuşan asimanımda;
Mən səni min budaq görmək istərəm
Xəzanı başlayan bu ormanımda.

Mən ol, heç olmasa, bəd ayaqda sən...
Yox, əgər bacarsan min dəfə yüksəl!
Başqa söz demirəm, yaşamaqda sən
Ən azı mənə çək, mənə oxşa, gəl!

Bə’zən unuduram, uşaqsan hələ,
Səni böyük kimi dindirirəm mən.
Gəl, bunu zənn etmə sən elə-belə,
Bu “səhvim” bilirsən nədəndir, nədən?

Tükənir, qalmayır səbrim-qərarım,
Sənin gəncliyinə can atır ürək.
Əlvan arzularım, xoş arzularım,
Dolanır başına pərvanələrtək.

Dana bilməsəm də nəsihəti mən,
Xoşuma da gəlmir deyim düzünü;
Həyat vəsiqəni al taleyindən,
Unutma atanın gəl bu sözünü.

“Xüsusi çəki” var, kimyada, bala,
Yox, daş-tərəzilik deyil bu çəki,
Kim ki, onsuz yaşar dünyada, bala,
Vücudu qovuqdur hesab elə ki.

Dəniz qurban istər, qurban, Mahirim,
Gövhər ələ gəlməz asan, birtəhər.
Mənim də ürəyim ümman, Mahirim!-
Sən də bu ümmanın içində gövhər.

Mənim daşdan çıxıb hər işim, oğlum,
Gəl ki, dumdurudur, daşdan çıxan su.
Dünyaya belə gec gəlişin oğlum,
Görməmiş eləyib məni, doğrusu.

Yox, daşdan çıxmasın sənin qismətin,
Ancaq asana da heç vaxt dadanma.
İsti-soyuq sudur asanla-çətin...
Birində titrəyib... birində yanma!

Dənizdə küləyin işi ikiqat,
İkiqat çətindir, ikiqat, oğlum!
O həm özü üçün açır qol-qanad,
Həm yelkənə verir qol-qanad, oğlum!

Sən də dəryalarda küləklər kimi,
Qanad aç, qanadın qanadım olsun.
Zülmətləri yaran şimşəklər kimi
Qüdrətin, qüvvətin inadım olsun.

“Olsun”u, filanı... qoyaq kənara,
Mənim quzu balam, gül-çiçək balam.
Gedək bağçalara, gedək bağlara,
Əlini mənə ver, gəl gedək, balam!

Əlli yaşında mən, on yaşında sən...
Sən - yaşıl tumurcuq, mən - sarı yarpaq.
Əlimdən sürüşən ömürdən-gündən
Əlimdə-ovcumda bir sənsən, ancaq!
1976



QARIŞDIRMA

Bu şeir ciddi, fəlsəfi əsər olsa da, dayılarımın əsas zarafat alətinə çevrilmişdi. Yemək-içmək məclisində başlayırdılar öz variantlarını səsləndirməyə:

Araqla  konyakı qarışdırma
Dovğayla bozbaşı qarışdırma.
Aman...aman!!! Qarışdırma
Son pis olar...
Qurban olum, qarışdırma..

Yadımda qalanı budur... Nə bilim ki, nəvaxtsa bunları yazmalı olacağam. Yoxsa kağıza köçürərdim.

Qarışdırma

Oğlum Mahirə

Kobudluqla cəsarəti qarışdırma.
Yaltaqlıqla nəzakəti qarışdırma.
Mütiliklə sədaqəti qarışdırma.
Lovğalıqla ləyaqəti qarışdırma.
Tərs damarla dəyanəti qarışdırma.
Dəlibaşla şücaəti qarışdırma.
Tülkülüklə fərasəti qarışdırma.
Düşmənliklə rəqabəti qarışdırma.
Qızğınlıqla hərarəti qarışdırma.
Kef-damaqla səadəti qarışdırma.
Uydurmayla rəvayəti qarışdırma.
Xəsisliklə qənaəti qarışdırma.
Xata ilə cinayəti qarışdırma.
İsraf ilə səxavəti qarışdırma.
Küsü ilə küdurəti qarışdırma.
Zorbalıqla əzəməti qarışdırma.
Girov ilə əmanəti qarışdırma.
Güzəşt ilə bəraəti qarışdırma.
Hikkə ilə qətiyyəti qarışdırma.
Əsarətlə himayəti qarışdırma.
Məzlumluqla nəcabəti qarışdırma.
Yaxınlıqla məhəbbəti qarışdırma.
Yuyunmaqla qüdsiyyəti qarışdırma.
Mərtəbəylə ülviyyəti qarışdırma.
Daha nəyi... daha nəylə qarışdırma.
Tükü-tükdən ayrı sə’ylə, qarışdırma.
Aman... aman!!! Qarışdırma!
Heç bir yerdə,
Heç bir zaman
Qarışdırma!

SON

Vaxt tez keçir. Ömrün  orta həddinə çatıram. Bir az kövrəyəm. Bu qədər ata nəsihətinin-vəsiyyətinin yağmurunda hələ ki, özümü itirməmişəm. Yox. Deyəsən itirmişəm. İtirməsəydim bu vaxtacan hər yerdə deməzdim ki, atam mənə nə nəsihət edib, nə də vəsiyyət.


Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI