Göyçayda toy karvanı qəzaya düşüb. Modern.az saytı report.az-a istinadən xəbər verir ki, hadisə 21.00 radələrində Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraməryəm kəndi ərazisində baş verib.
Belə ki, “Mercedes” markalı 10 UG 540 dövlət nömrə nişanlı və "VAZ 21015" markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb.
Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub. Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.
APA-nın məlumatına görə, hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini 1961-ci il təvəllüdlü Kərimova Nərgiz Vəlimirzə qızı, Qaraməryəm kənd sakini 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini 1982-ci il təvəllüdlü Kamilov Fizuli Slavik oğlu dünyasını dəyişib, Şahsoltanlı kənd sakinləri 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü İsrafilov Raqib Vəlimirzə oğlu, 1988-ci il təvəllüdlü İsayev Ramin Ələkbər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Modern.az