Mərakeşdən olan 3 tələbə Kiyev-Paris təyyarə reysinə buraxılmayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, cavanlar təyyarənin göyərtəsində terrorçularla əlaqələrindən danışdıqları üçün düşürülüblər. Bu səbəbdən uçuş yubanıb.
“Üç Mərakeş vətəndaşının zarafatı Borispol hava limanından Parisə uçan təyyarə reysinin gecikməsinə səbəb olub. Kiyev-Paris təyyarəsinin göyərtəsində olan 3 Mərakeş vətəndaşı öz aralarında söhbət zamanı terror təşkilatlarındakı şəxslərlə dostluq əlaqələrindən danışıblar. Xidmət personalı dərhal aldıqları informasiyaya reaksiya verərək hava limanındakı sərhədçilərə və hüquq-mühafizə orqanlarına xəbər veriblər”, - Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib. Tələbələr isə and-aman ediblər ki, sadəcə, zarafatlaşıblar. Buna baxmayaraq, sonrakı araşdırmalar üçün onlar hüquq-mühafizə orqanlarına təhvil veriliblər.