Manatın dəyərdən düşməsi, iqtisadi böhranın dərinləşməsi Yeni il ərəfəsinə təsadüf etdi. Bu səbəbdən də bayrama 3 gün qalmasına baxmayaraq, insanlarda Yeni il əhval-ruhiyyəsini görə bilmirik. Modern.az bu barədə psixoloq, motivasiya təlimçisi Rövşən Abdullaoğlu ilə hazırladığı müsahibəni təqdim edir. O, cəmiyyətdə hazırda yaşanan psixoloji gərginliyi əsaslandırmaqla yanaşı , həm də insanlara bundan xilas olmaq yollarını da göstərir:
- Əvvəlcə iqtisadi böhranın, manatın kəskin ucuzlaşmasının insan psixologiyasına nə dərəcədə zərbə vurmasından danışaq...
- Hazırda dünyada bütün psixoloji institutlar bu mövzuya köklənib. Ümumiyyətlə, cəmiyyətdə hər hansı dəyişikliyin insan psixologiyasına təsir etməməsi mümkün deyil. İqtisadi çətinliklər isə həmin cəmiyyətdə insanların psixologiyasına daha çox mənfi təsir göstərir. İnsan yaşayış tərzində daha çox rahatlıq istəyir və həmin rahatlığı da özünün iqtisadi durumunun yaxşılığında görür. Əgər onun iqtisadi vəziyyəti normaldırsa, deməli, rahatlığı da var. İqtisadi çətinliklərdən ən çox devalvasiya insanın psixoloji sabitliyinə zərbə vurur. Çünki insan əvvəlcədən öz iqtisadi durumuna görə nələrisə planlaşdırır. Amma pulun qəflətən dəyərdən düşməsi onun planlarının üstündən xətt çəkir. Bu da öz növbəsində psixoloji sabitliyi pozur. Bundan sonra o ancaq bir istiqamətdə düşünür və problemi onun gündəlik həyat tərzinə çevrilir. Əgər bir insan ailə başçısıdırsa, öz ailəsinin gələcək taleyi ilə, hər hansı müəssisənin başçısıdırsa, öz işçilərinin maddi rifahı haqqında dayanmadan düşünməyə başlayır. Bu artıq psixoloji səviyyəyə çatır və insanda sayrışan fikirlər əmələ gəlir. Belə məqamlarda insanlarda yuxu pozuntuları, rejimsizlik, yalnız mənfi hallara reaksiya, inamsızlıq kimi meyarlar çoxalır.
- İndiki böhran vəziyyətində insanlarda başqa hansı psixoloji sarsıntılar yaranır?
- Bəzilərində psixoloji sindromlar o qədər inkişaf edir ki, bütün həyat fəaliyyəti dəyişir. Demək olar ki, hər şeydə ifrata varırlar. Normal qənaət etmək əvəzinə bəzən zəruri ehtiyaclarını da ödəmirlər ki, birdən gələcəkdə daha kəskin vəziyyət baş verə bilər. Bu isə onlarda psixoloji sindromu daha da artırır və get-gedə cəmiyyət daxilində xaosla nəticələnir. Bəzən bir qrup insanda iştahadan kəsilmə halları da müşahidə olunur. Bu onun fiziki sağlıq durumu ilə yox, məhz psixoloji sabitliyinin pozulması nəticəsində yaranır. Təkcə bu deyil. Bu kimi hallarda psixoloji cəhətdən sarsıntı keçirən insanlarda şiddətli ürək döyüntüləri, kəskin baş ağrıları, qan təzyiqinin qalxması halları da müşahidə edilir.
- Müasir psixologiyanın təcrübəsində insanlar bu vəziyyətdən çıxmaq üçün nə edir?
- Psixoloji təcrübədə göstərilir ki, dünyanın bir çox yerlərində məhz bu səbəbdən insanlar məlum sarsıntını azaltmaq üçün əsasən sosial şəbəkələrdən istifadə edirlər. Bir-biriləri ilə problemi bölüşürlər. İnternetdə hər hansı bir toplumla eyni problemi paylaşmaq insana müəyyən mənada rahatlıq gətirir. Amma praktikada bu da var – çox təəssüflər olsun ki, bəzi insanlar böhranın gətirdiyi problemlərdən bir anlıq da olsa yaxa qurtarmaq üçün içkiyə, narkotikə, siqaretə meyl edirlər. Bu, təbii ki, arzu olunan deyil.
- Bu cür durumlarda siz psixoloq olaraq nəyi məsləhət görərdiniz? Belə hallarda nə etmək lazımdır?
- Bu günlər üçün ən aktual məsələ vəziyyətdən çıxış yollarını öyrənməkdir. İlk növbədə deyərdim ki, insanlar çətin iqtisadi vəziyyətə baxmayaraq, öz sakitliklərini qoruyub saxlaya bilsinlər. Çünki təşvişə düşmək, gərgin olmaq onların vəziyyətini daha da ağırlaşdıracaq. İkincisi, çox yaxşı olardı ki, yalnız özünü təsdiqləmiş xəbər portallarını, informasiya agentliklərini, qəzetləri izləsinlər və manatın devalvasiyası ilə bağlı dəqiq xəbərləri oradan oxusunlar. Çünki indi internetin yüksək inkişaf etdiyi bir dövrdə xəbər portallarının sayı həddindən artıq çoxdur. Bəziləri reytinq xatirinə aldadıcı xəbərlər yayırlar. Bu da insanlarda çaşqınlıq yaradır. Odur ki, özünü daha artıq gərginlikdən qorumaq istəyən insan hər yazılana və deyilənə qulaq verməsin. Üçüncüsü, istər sosial şəbəkələrdə, istərsə də real həyatda, ictimai yerlərdə bu mövzuda olan müzakirələrə qətiyyən baş qoşmasınlar. Bu insana psixoloji baxımdan çox pis təsir edir. Şüuraltı olaraq onu bu problemi və onun mənfi təsirinə kökləyir. Dördüncüsü, işdən evə qayıdan kişi, yaxud xanım evdə bu barədə uşaqların yanında çox da danışmasın. Təbii ki, reallığı nəzərə alaraq müzakirə etmək olar və bu vacibdir. Amma bunu hədindən artıq böyük problem kimi uşaqların yanında demək evdəki sakitliyi və sabitliyi pozacaq.
- Amma iqtisadi böhranın, manatın ucuzlaşmasının bayramqabağı baş verməsi yeni il əhvalına mənfi təsir göstərdi. Bayram əhvalının aşağı düşməsi cəmiyyətdə nəyin göstəricisidir? Biz həqiqətənmi yeni ilin qeyd edilməsinə daha həssas yanaşırıq?
- Bu hadisələrin, manatın dəyərdən düşməsinin yeni il ərəfəsində, bayramqabağı olması insanlarda gərginliyi iki qat artırdı. Əgər bu adi günlərdə baş versəydi insanlarda, ailələrdə bu qədər gərginlik olmazdı. Çünki bu avtomatik olaraq insanların üzərinə əlavə məsuliyyət yüklədi. Xüsusən də ailədə valideynlər bayramı yaxşı qarşılaya bilməyəcəklərini düşünərək əlavə gərginliyə düşürlər. Bu da bayram ərəfəsində ovqatın yoxluğuna, insanlarda yeni il əhvalının öləziməsinə gətirib çıxarır. İqtisadi böhranın yeni il ərəfəsinə təsadüf etməsi cəmiyyət üçün ikiqat psixoloji zərbədir.
- İnsanlarda bu günlərdə stress, gərginlik faktorunu daha da kəskinləşdirən hansı faktlar var?
- Bayram əlavə stress gətirən detaldır. Amma belə məqamda stressi artıran başqa məqamlar da var. Məsələn, insan özünü bəzi məsələlərdə qınayır. Deyir ki, kaş bunu bir neçə gün qabaq etməyəydim, hansısa işi görməyə pul xərcləməyəydim. Bu, çox pis halıdır. Şüurları olaraq keçmiş xəta şəklində insanı idarə edir və onun psixologiyasına ağır zərbə vurur. Öncə bunu aradan qaldırmaq lazımdır.
Daha sonra insanda stressi artıran bir başqa detal isə gələcəklə bağlı müəmmalardır. Bir anlıq düşünək: bizim bütün narahatlıqlarımız gələcəklə bağlıdır. Yalnız gələcək haqqında düşünən zaman mənfi emosiyalara qapılırıq. Amma unutmayaq ki, gələcək hələ gəlməyib. Dünya təcrübəsində də belə hallar dəfələrdə yaşanıb ki, insanların gələcəklə bağlı narahat olduğu məsələlər çox keçmədən öz həllini tapıb. Amma həmin məsələnin insanda yaratdığı və yaşatdığı stress isə uzun müddət davam edib. Biz indinin övladlarıyıq. Hələ ki olmayan və bizdə zaman etibarilə uzaqda dayanan gələcək haqqında stressi özümüzə yükləməyək. Bir sözlə, gələcəyə mənfiliklə dolu müəmma kimi baxmaq əlavə psixoloji gərginlikdir. Bir detalı da qeyd edək. Belə bir məqamda mənəvi bağlantı, ilahi rabitəni də unutmaq olmaz. Bu həqiqətən də insanlara sakitlik gətirəcək. Onlarda gərginliyi azaldacaq. Müsəlmanlıq anlayışını qətiyyən unutmaq olmaz.
- Bayramı təmtəraqlı keçirə bilməməyin psixoloji gərginliyi də var... Bu, haradan qaynaqların və siz bu haqda nə deyə bilərsiniz?
- Yeni ilin bol süfrə ilə, təmtəraqla keçirilməsinin elə bir mahiyyəti yoxdur. Amma çox təəssüf ki, bizdə insanlar iki səbəbdən bu dəbdəbəyə qaçırlar. Birincisi, məchul bir etiqadla, inamla bağlıdır. Elə düşünürlər ki, yeni il axşamı bolluqla qarşılasalar, bütün il onlar üçün belə keçəcək. Məniə də bu barədə bir neçə sual verən olub. Amma həqiqətən Yeni il axşamının necə qarşılanmasının həmin ilin necə keçirilməsinə heç bir dəxli yoxdur.
İkinci problem isə adət halını almış situasiyadır. Məsələn, bahalıq vaxtı ev yiyəsi düşünür ki, hər il bayramda evimə qonq gələnlər daha dəbdəbəli süfrə görürdülər, bu il isə belə olmayacaq. Bu bizə adi görünsə də, həmin insanlara çox ağır zərbə vurur.
Elmin NURİ