filologiya üzrə elmlər doktoru, professor
Arılar cəmiyyət halında yaşayır, öz qanunları ilə idarə olunur. Moris Meterlink arılarla məşğul olanlardan da bəhs edir. Məsələn, Aristotel, Katon, Varron, Plini, Kolumella, Paladias bu qəbildəndir. Moris Meterlink bu müəlliflərin arılar barədə yazdıqlarını oxuyub öyrənir və geniş məlumat alır. Eyni zamanda arı yuvasının birillik tarixçəsini izləyir. Ona görə də baharda ayılıb öz işinə başlayan ayrıca bir arı təknəsi üzərində müşahidə aparır. O, çox əhəmiyyətli epizodları öz gözləri ilə görür və müşahidə edir. Məsələn, arının beçə verməsini, beçənin uçub getməsini, uçub gedən beçənin başqa bir yerdə məskunlaşmasını, beçələrin doğulmasını, cavan məlikələrin nikah uçuşlarını, tənbəl arıların məhv edilməsini, arıların qış yuxusuna dalmasını və s.
Moris Meterlink arı ilinin aprel ayından başlandığını və ən uzağı sentyabr ayının sonuna qədər davam etdiyini arı ili kimi xarakterizə edir.
Moris Meterlink arı təknəsinin içərisində olan sakinləri də təqdim edir. Onların içərisində ana arını, minlərcə işçi arını təqdim edir. İşçi arıların içərisində dişi arının (minlərlə) və erkək arının (bir neçə yüz) olduğunu söyləyir. Ana arı padşahlıq edir. O, könüllü surətdə uzaqlaşdıqdan sonra işçi arıların arasında gələcək məlikənin əri–erkək arı seçilir.
Moris Meterlink arı təknəsinin açılmasında olan mənzərəni də xarakterizə edir. Bu zaman arının insanı çalmaması üçün görüləcək tədbirləri sadalayır. Qeyd edir ki, bir az tüstü püskürtməklə arının sancmasının qarşısını almaq olur. Tüstü püskürdərkən arı elə bilir ki, təknəyə heç kəs hücum etmir, bu, sadəcə olaraq təbii hadisədir, fəlakətdir və ona tabe olmaq lazımdır. Belə məqamda onları hissiyyatları aldatdığı üçün öz gələcəklərini xilas etmək naminə təknədəki materialları götürüb bal ehtiyatı toplamağa doğru tələsirlər.
Moris Meterlinkə görə, arı qarışqadan da ictimai məxluqdur. Arı cəmiyyəti təşəkkül tapıb inkişaf etdikcə onun hər bir üzvünün fərdi həyat maraqları ümumi maraqlara qurban verilir. Ancaq naqisliklər var. Məsələn, yaşlı işçi arılar sürfələrin ətrafında dolaşıb onları yeməyə çalışır. Ana arı işi var gücüylə onu qorumağa çalışır.
“Arların həyatı” əsərinin ikinci hissəsi “Arı beçəsi” adlanır. Qeyd olunur ki, fevralın ilk günlərindən məlikə sürfə qoymağa başlayır. İşçilər bal toplamaq üçün güllüklərə, çiçəkliklərə, ağaclıqlara... üz tuturlar. Bahar gəlir. Gündə minlərlə arı doğulur. Arılar saxlanan yerlər çiçək tozu ilə dolub-daşır.
Erkək arılar arı şanının üstündə ora-bura qaçışırlar. Arıların sayı o qədər artır ki, yüzlərlə işçi arı özünə yer tapmır və kandarda gecələməli olur. Bəzən soyuq onların sırasını seyrəldir.
Qoca məlikə arı hökmdar olduğu təknəni tək etməli olur. Halbuki o, bu təknəni qurub yaradıb. Bütün işçi arıları erkək arılar, sürfələr, puplar gənc şahzadələr onun bətnindən çıxmışdır.
Beçəvermə vaxtı firavan həyat sürən qüdrətli bir xalq (arı) öz əməyinin bəhrəsini gələcək nəslə qurban verir, heç bir təminatı olmayan yerə, naməlum yerə, Vətən axtarışına çıxır.
Arıların “köç” hadisəsi kor-koranə hadisə deyil. Bu, gələcək nəslə olan sevgidir.
“Arıların həyatı” əsərinin üçüncü hissəsi “Məskunlaşma” adlanır.
Ana arı – məlikə öz yeməyini özü götürmür. Onu cəfakeş işçi arılar körpə uşaq kimi yemləyirlər. Ana arı sürətlə yumurta qoyur və bunu görən işçi arılar yeni hücrələr tikməyə tələsirlər.
Əsərin “Gənc məlikələr” adlanan dördüncü hissəsində, “Nikah uçuşu” adlanan beşinci hissəsində, “Erkəklərin məhv edilməsi” adlanan altıncı hissəsində maraqlı müşahidələr verilir. Məsələn, məlikə mayalandıqdan sonra işçi arılar erkək arıların şıltaqlığına dözür. Erkək arılar avara-avara gəzib dolaşır, kef edirlər. Başqalarının işinə maneçilik törədirlər. Yuvanın ən yaxşı və isti yerində yatırlar. Yuxudan ayılan kimi ən yaxşı balın toplandığı hücrələri talan edirlər. İsti iyul-avqust aylarında saat 12-16 arası onlar təknənin kandarına ayaq da açırlar. Onların bu təkəbbürlü hərəkətlərinə olan səbr tükənir. Nəticədə onların dəbdəbəli həyatları alt-üst olur. İşçi arılar onlara mərhəmət göstərmir. Onların qanadlarını sındırır, onlara hücum edir, özü də amansız hücumlar edirlər. Erkək arıların cəsədləri yığışdırılır, növbəti bahar mövsümünə qədər onların xatirəsi yaddaşlardan silinir. Moris Meterlink belə hesab edir ki, yaxşı arı yuvasının hər biri səksən-yüz litrə qədər bal verir.
Əsərin yeddinci fəsli “Nəslin tərəqqisi” adlanır. Burada arının sakit qış yuxusuna getməsindən bəhs olunur.
Moris Meterlink belə hesab edir ki, arının dörd min beş yüz növü var. Onun fikrincə, müşahidələr əsasında arılardan ciddi əsərlər yazmaq üçün insan ömrü yetməz, kifayət etməz.
Moris Meterlink fərdin özünü nəslə qurban verməsindən, hər şeyin materiyadan təşkil olunmasından söhbət açır. O yazır: “Əgər bu dünyada hər şey materiyadan təşkil olunubsa, materiyanın buradakı immaterial hərəkətinin təzahürlərinə necə təəccüblənməmək olar?
Burada təsadüfi, miskin yaşayışı daha sabit, daha xoşbəxt həyata çevirməkdən söhbət gedir. Söhbət real olaraq bədəndə bir-birindən ayrı olan şeyləri ruhda birləşdirməkdən, fərdin özünü nəslə qurban vermək dərəcəsində tabeliyini təmin etməkdən, gözlə görünən, sezilən nəsnələri hiss olunmayan nəsnələrlə əvəz etməkdən gedir. Şüurumuzu nurlandıran ali yüksəkliyin işığında belə həll edə bilmədiyimiz problemləri arıların dərhal aradan qaldıra bilməməsinə təəccüblənməyə dəyərmi? Zülmətin içərisindən doğulan yeni ideyanın kövrək titrəyişlərini izləmək də riqqət doğuran və maraqlı hadisədir. Bu ideya materiyadan doğur və hələ maddidir. O, hələ soyuqdan, aclqdan və şəklini dəyişmiş, amma hələ ifadə olunmamış qorxudan ibarətdir. O, böyük təhlükələrlə, uzun gecələrlə, ölümün özünə bənzəyən qış mövsümü ilə dumanlı şəkildə təmasa girir”. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s. 169-170).
Moris Meterlinkin eşşəkarıları barədə fikri də maraqlıdır. O yazır: “Eşşəkarıları – iri, tüklü, daim səs-küylü, qorxunc görünsələr də, əslində, fağır, tənha məxluqlardır. Qış mövsümünün bütün məhrumiyyətlərinə sinə gərən mayalanmış eşşəkarısı martın ilk günlərindən etibarən mənsub olduğu növün vərdişlərinə uyğun olaraq ya torpağın altında, ya da kolluqda yuva qurmağa başlayır. O, yuva qurmaq üçün seçdiyi yeri eşərək orada səliqə-sahman yaradır. Sonra kifayət qədər yöndəmsiz hücrələr qurur, onları balla və çiçək tozu ilə doldurur, sürfələrə qulluq edir və tezliklə ona həm evdə, həm də çöldə yardım edən bir bölük törəmənin əhatəsinə düşür. Gənc eşşəkarılarının bir qismi də, öz növbəsində, yumurta qoyur. Güzəran yaxşılaşır, quruculuq işləri vüsət alır, koloniya böyüyür. Koloniyanın əsasını qoyan “ana arı” şahlığı idarə edir. Onların cəmiyyəti bizim adi ev arılarının qurduğu şahlığa bənzəyir. Ancaq bu kifayət qədər uzaq oxşarlıqdır; eşşəkarıları həmişə məhdud rifaha qovuşa bilirlər; qayda-qanunlara heç kəs riayət etmir; ibtidai kannibalizm və uşaq qətli hallarına tez-tez rast gəlinir; onların yöndəmsiz arxitekturası o qədər də işə yaramır; bu iki yaşayış məskənini bir-birindən fərqləndirən başlıca cəhət isə onlardan birinin daimi, digərinin müvəqqəti olmasıdır. Eşşəkarılarının məskəni payızda tamamilə dağılır, sakinlərdən üç-dörd yüzü özündən sonra heç bir iz qoymadan məhv olur, onların səyləri nəticəsiz qalır. Bütün koloniyadan yalnız bir dişi arı qalır və o tək-tənha öz anasının keçənilki faydasız işini davam etdirir. Ancaq qardaşlıq ideyası bu dəfə də öz gücünü nümayiş etdirə bilmir.
Eşşəkarılarından qardaşlıq ideyası müəyyən çərçivəni aşıb keçə bilmir, amma qarşısıalınmaz metampsixoz nəticəsində, sonuncu uğurundan ruhlanaraq Meliponitae qrupunda dəyişilmiş şəkildə təzahür edir. Bu qrup bizim ev arılarının sonuncudan əvvəlki sırasında yer alır. Haqqında danışdığımız ideya da məhz bu qrupda özünün pik həddinə çatır”. (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013 s. 171-172).