Modern.az

Sovet imperiyasını ifşa edən əməkdar jurnalistlə görüş oldu - FOTOLAR

Sovet imperiyasını ifşa edən əməkdar jurnalistlə görüş oldu - FOTOLAR

Təhsil

29 Dekabr 2015, 16:19


Səməd Vurğun adına Sumqayıt şəhər Mərkəzi kitabxanasının təşəbbüsü və təşkilatçılığı ilə "Oxucu ilə üz-üzə” adı altında keçirilən yaradıcılıq görüşünə çoxsaylı oxucular, o cümlədən şəhərin ziyalıları, respublika miqyasında tanınmış şeir-sənət adamları toplaşmışdı.

Tədbirin aparıcısı şair Əşrəf Veysəlli uzun illər mətbuat sahəsində geniş və səmərəli fəaliyyət göstərmiş Eyruz Məmmədovun ədəbi yaradıcılığa hələ ilk gənclik illərindən başlamasından, son illərdə böyük oxucu marağı doğuran ədəbi fəaliyyətindən, yaradıcılıq uğurlarından,  xüsusilə də Sumqayıtın əsl təəssübkeşi və vətənpərvər bir yazıçı-publisist, tarixi-sənədli filmlərin ssenari müəllifi kimi 1988-ci ildən etibarən Azərbaycana qarşı yürüdülən və bugünə kimi ardıcıllıqla həyata keçirilən məkrli rus-erməni işğalçılıq siyasətinin danılmaz faktlarla ifşasında mühüm rolundan söhbət açıb. O, vaxtilə nəinki respublikamızda, hətta keçmiş SSRİ-də böyük rezonans doğurmuş “Sumqayıtın əks-sədası” («Эхо Сумгаита») filminin görkəmli Azərbaycan rejissoru Davud İmanovla birgə ssenari müəllifi olan Eyruz Məmmədovun 45 illik ədəbi yaradıcılıq və jurnalistlik fəaliyyətini yüksək dəyərləndirib.

Görüşdə çıxış edən şair-jurnalist Əli Nəcəfxanlı, tanınmış aktyor-rejissor Şahmar Qəribli və şair-dramaturq Əyyub Qiyas tədbir iştirakçılarının diqqətini daha çox 1988-ci ilin fevralında rus-erməni təxribatı ilə Sumqayıtda törədilmiş hadisələrə yönəldərək, ümumilikdə Azərbaycana qarşı olan həmin təxribatın ideoloqlarının, onların Kreml havadarlarının iyrənc və qəddar işğalçı-şovinist niyyətlərinin, törətdikləri qanlı cinayətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında Eyruz Məmmədovun xidmətlərindən danışıblar.

Bir çox kinossenari, həmçinin 10-dan artıq povest və roman müəllifi olan Eyruz Məmmədovun digər qələm dostları – şairlər Asif Asiman, Elbrus Qayalı, Xatirə Fərəcli, Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova, jurnalistlər Aida Eyvazova, Firdovsi Cəfərxan, Qafqaz Əvəzoğlu  və digərləri də görüşdə çıxış edərək, onun Azərbaycan jurnalistikasına və sənədli filmlər qalereyasına verdiyi töhfələrdən, son illərdəki ədəbi yaradıcılığından, yüksək vətəndaşlıq mövqeyindən və missiyasından söhbət açmış, ona yaradıcılığında yeni uğurlar arzulayıblar.

Sumqayıt Dövlət Universitetinin, həmçinin respublikanın digər ali məktəblərinin yerli tələbələri Sumqayıt hadisələrinin tədqiqatı və müasir ədəbiyyatımızla bağlı Eyruz Məmmədova suallar vermiş, eyni zamanda yazıçının “Azəri” nəşriyyatında yeni çapdan çıxmış “Mister Riç” romanı ilə bağlı filkir və mülahizələrini söyləyiblər.

Görüşün sonunda oxuculara müəllif tərəfindən avtoqrafla kitablar hədiyyə edilib, xatirə şəkilləri çəkilib.

Rəhman ORXAN







Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!