PKK terror təşkilatının keçmiş lideri Abdulla Öcalanın qardaşı Osman Öcalan Türkiyəyə dönüb bir siyasi partiya qurmaq fikrində olduğunu söyləyib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Osman Öcalan deyib ki, heç kim özbaşına qərar alan bir PKK istəmir: “Orta Şərqdəki ölkələr PKK-nın özlərinin istədiyi şəkildə hərəkət etməsini istəyir”.
O, PKK təşkilatında rəsmi dilin türkcə olduğunu deyib: “PKK-da kürdcə danışanlar üçün “primitiv milliyyətçi” deyərdilər. PKK-da başdan bəri türkcə rəsmi dil idi. Kürdcə televiziya və radioları olsa da, təşkilat üzvlərinin 90 faizi türkcədən istifadə edər. PKK-nın tənqid olunmasında ən əsas tərəf budur”.
Öcalan terror təşkilatının liderlərindən Cemil Bayıkın kürdcə danışığının zəif olduğunu, Duran Kalkanın kürdcə bir yığıncaq təşkil edə bilmədiyini söyləyib.
Cemil Bayık, Duran Kalkan, Mustafa Karasu, Ali Haydar Kaytanın ona sui-qəsd qurduğunu da iddia edən Osman Öcalan deyib: “Abdulla Öcalana “Osman sənin yerini almaq istəyir”, dedilər”.
Öcalan fikrini belə yekunlaşdırıb: “PKK mənə gəl desə də, getmərəm, çünki mənim üsulumla oradakıların rəhbərliyi çox fərqlidir. Türkiyəyə dönmək niyyətim hər vaxt proqramımda var. Türkiyəyə dönüb bir siyasi partiya qurmaq fikrim var və bu istiqamətdə işlərimiz davam edir”.
Osman Öcalan hazırda İsveçdə yaşayır.
Modern.az