Salam, əsgər oğlum. Bu məktubu sənə bir əsgər atası kimi deyil, həm də adi vətəndaş kimi yazıram. Mən xoşbəxtəm ki, vətənini, millətini, torpağını sevən bir oğul atasıyam. Sən Vətənimiz Azərbaycanın hər qarış torpağını qoruduqca mən özümü xalqıma, dövlətimə, Vətənimə sadiq insan kimi hiss edirəm. Bu fəxarəti mənə sən hərbi xidmətə getdiyin gündən, Vətənin müdafiəsində kişi kimi duracağına, düşmənə göz dağı olacağına, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda son damla qanına qədər döyüşəcəyinə and içdiyin andan yaşadırsan.
Mənim əziz əsgər balam! Soruşmuram necəsən? Çünki necə olduğunu bilirəm. Vətənini, torpağını qoruyan, milləti, xalqı, bayrağı, gerbi və torpağı uğtunda döyüşən oğul həmişə gümrah, saf, sağlam və mənən təmizdir. Əsgər oğlu ilə fəxr edən qəhrəman oğul atası kimi bilirəm ki, sən də gümrah və sağlamsan.
Yəqin ki, uşaqlıq illərini xatırlayırsan. Həmişə əsgər qohumlarımızın yanına gedəndə sən də həvəslənərdin və tez-tez “Ata, mən nə vaxt əsgər olacam, əsgər forması geyəcəm” deyə suallar yağdırırdın. Əsgər görəndə ağlayıb onun papağını, sinəsindəki medalları istəyirdin. Medalları kiçik köynəyinin yaxasına düzdürürdün mənə. Köynəyin medalların ağırlığından əyilsə də şux dayanmağa çalışırdın və üzündə əlçatmaz arzusuna çatan insan kimi sevinc yaradırdın. “Ata, medallarıma bax”, - deyə sevinib medalları bir-birinə vurub fəxr edirdin. “Mən də böyüyəndə əsgər olacam, əlimdə avtomat, sinəmdə medallar, başımda əsgər papağı olacaq. Ata, bax gör yaraşır? Ata, uşaqları niyə əsgər aparmırlar?” kimi suallar verirdin. Mən də sənə baxıb gülürdüm. Bax, o vaxt sən sevindiyin kimi, indi də mən sevinirəm, oğul. Sən o vaxtki arzuna çatdın və məni də arzuma çatdırdın.
İndi bir ata kimi fəxr edirəm ki, bu məktubu oğlumun arzusunun gerçəkləşdiyi yerə - ön cəbhəyə yazıram. Andiçmə mərasimində görüşəndə ehtiyat etdim ki, qəhərlənərəm və bunu sənə deyə bilmədim. Ancaq indi sənə demək istəyirəm ki, əziz oğlum, bir ata kimi səninlə fəxr edirəm. Artıq altı aydır ki, sən əsgər libasında ön cəbhədə düşmənlə üz-üzə Vətənimizin keşiyində dayanaraq müqəddəs borcunu yerinə yetirirsən. Əziz oğlum, bu Vətənin bir qarış torpağı uğrunda neçə-neçə igid övladımız canını qurban verərək şəhidlik zirvəsinə ucalıblar. Onlar bu torpağı canı qədər sevdiyi üçün, göz bəbəyi kimi qoruduğu üçün ölümün gözünə dik baxa biliblər. Çünki nə Vətənsiz bir millət, nə də millətsiz bir Vətən ola bilər. Ona görə də Vətəni sevmək, onun daşını, torpağının bir qarışını göz bəbəyi kimi qorumaq hər bir insanın ən müqəddəs borcudur.
Bilirsən ki, 20 ildən çoxdur torpaqlarımızın 20 faizi işğal altındadır. Odur ki, ayıq-sayıq olmalısan, bir an da olsun yağı düşmənə fürsət verməməlisən. Buz bağlamış səngəri isti nəfəsinlə qızdırıb, hər an yağı düşmənə “Mən burdayam” deməlisən.
Dünən ad gününü ilk dəfə sənsiz qeyd etməli olduq. Hamımız yığışmışdıq, bacın adına tort da bişirmişdi. Yollar buz bağladığından yanına gələ bilmədik. Amma inan ki, xəyalən hər gün yanındayıq, səni düşünürük. Anan dünən səni yuxuda görüb. Deyir ki, oğlumu ağ atın belində cənnəti xatırladan bir yerdə gördüm. Məni təbəssümlə qarşıladı. Ondan harada olduğunu soruşdum. Cavab verdi ki, Şuşada, Cıdır düzündəyəm. Orada nə işin var, qorxmursan ki, ermənilər səni vurar deyə soruşdum. Böyük fərəh hissi ilə üzümə baxıb dedi: “Ana xəbərin var bir-neçə gündür ki, Azərbaycan Ordusu Şuşanı ermənilərdən azad edib. Artıq burada bir dənə də olsun erməni qalmayıb. Bu atı da ona görə veriblər ki, gedim İsa bulağından əsgərlərə sərin su gətirim”. Anan deyir ki, bu sözlərdən sonra yuxuda sevincindən həyəcanla oyanıb. Bəlkə də bacın onu səsləməsəymiş ananın sevincdən ürəyi partlayarmış.
Oğul, anaların gördüyü yuxu adi yuxu olmur. Analar cənnət şahzadəsidir. Anan ümid edir ki, oğlum hərbi xidməti başa vuranadək həqiqətən də Qarabağımız erməni işğalından azad olacaq. İnanırıq ki, bu sevincli xəbəri yuxuda deyil, bundan sonra sənin dilindən eşidəcəyik.
Oğlum, komandirlərinin sözünə əməl et, tapşırıqları düzgün yerinə yetir. 18 il sənin valideynlərin biz olmuşuq. Amma, indi sən bizdən uzaqdasan. İndi sənin böyüyün komandirlərindir. Biz səni müvəqqəti olaraq onlara tapşırmışıq. Çalış, biz səndən razı qaldığımızdan da çox komandirlərin razı qalsın.
Əziz balam, qarşıdan Yeni il gəlir. Səni, səngər dostlarını, komandirini təbrik edirəm. Ulu Yaradan sizləri qorusun. Biz sizə güvənirik, siz də Ali Baş Komandana, başınız üstündəki üç rəngli bayrağa və Azərbaycan xalqına güvənin.
Hörmətlə: Ürəyi əsgər böyüdən, ürəyi səninlə döyünən ATAN.
Məhərrəm İbrahimov
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur.