Son günlər ən çox müzakirə olunan məsələ dollar qarşısında ucuzlaşan Azərbaycan manatı və bu kontsdə yaranan vəziyyətlə bağlıdır. Modern.az saytı xəbər verir ki, sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov vəziyyətlə tövsiyyələrini öz feysbuk səhifəsində bölüşüb: Hamı yazdığına görə: İqtisadi böhranlar zamanı hökumətin əsas vəzifəsi dövlət və idarə etmə xərclərinin azaldılmasıdır. Ciddi struktur və institusional islahatlar aparılmalı, vergi bazasını qorumaq və artırmaq üçün sahibkarlığa lazımi dövlət dəstəyi nümayiş olunmalıdır, biznesin maliyyə resurslarına çıxışı asanlaşdırılmalıdır.
Ən vacib məsələlərdən biri hökumət üzvləri tərəfindən əhalinin lazımi məlumatlarla vaxtında təmin edilməsi, şaiyələrin güclənməsinin və bu fonda ajiotajın artmasının qarşısının alınmasıdır.
Çox təəssüf ki, biz hələ bunların heç birini görmürük və əhali müxtəlif "ekspert"-lərin ümidinə qalıb və belə davam etdikcə inamsızlıq daha da artır.
Əhaliyə vacib tövsiyyə xarici iqtisadi əlaqələrlə məşğul olmayanlar (yığım məqsədli alışlar istisna) xarici valyuta alışına üstünlük verməsinlər, istehlak xərclərini minumuma endirsinlər, dövlətə inamı itirməsinlər. İqtisadi böhranlar həmişə olub, olacaq əsas odur ki, bağlanan müəssisələrin yerində daha güclüsünün yaranması üçün rəqabətli mühit olsun və iqtisadiyyat liberal yolla özü-özünü tənzimləsin. Bu gün hökumətin əsas vəzifəsi belə bir mühitin yaradılmasını təmin etməkdir, sahibkarlığa müdaxilənin tam aradan qaldırılmasıdır, islahatların deklarativ deyil, real olmasıdır. Bütün bunları edə biləcək kadrlar varsa...
Modern.az