Manatın 21 dekabrda kəskin devalvasiyasından sonra kommersiya bankları və valyutadəyişmə məntəqələrində dollar qıtlığı yaranıb. Bu fürsətdən istifadə edən dəllallar 1 dolları 2 manat satan “qara bazar” formalaşdıblar.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev Modern.az saytına deyib ki, bu gün kommersiya bankları dollara olan tələbat ödəmirsə, mütləq “qara bazar” fomalaşmalı idi: “Kimin əlində böyük həcmdə dollar varsa, bundan faydalanmaq, gəlir götürmək istəyir. Əgər tələbat yüksəkdirsə və onun təklifinin formalaşması da mümkündürsə, bu, qaçılmaz olacaq.“Qara bazar”da dolların satışı ilə məşğul olanların kimliyinə gəlincə, təbii ki, əlində dollar saxlayanlar çox ola bilər. Söhbət yalnız oliqarxlardan getmir, nəzərə alaq ki, onlar sahib olduqlarını qoruyub saxlamağın qeydinə qalırlar. Onu da nəzərə almaq lazımdır ki, bu və digər mübadilə məntəqələrində işləyənlər yalnız bankların verdiyi rəsmi vəsaitlərlə işləmir, onların da əlində əlavə dövriyyələri var və dollar ehtiyatına malik insanlar bu vəsaitlərlə gəlir əldə etməyə maraqlıdırlar”.
İqtisadçı bildirib ki, “qara bazar”da dollar təklif edən insanlar bu işin peşəkarlarıdır:
“Nəzərə alaq ki, onların bu və digər formada banklarla da əlaqəsi ola bilər. Banklardan dolları ucuz alıb, baha satmaqla mənfəət əldə edirlər. Çünki, yenidən dolları ucuz almaq yeri barədə təsəvvür, əlaqə olmasa, onlar əllərindəki manatı dollara dəyişməzlər.
Onlar əmindirlər ki, satdıqları dolların əvəzini banklardan daha ucuz ala biləcəklər.
Hazırda banklar müəyyən olunan limit daxilində dollar satırlar. Həmin limit çərçivəsində dolları kimlərin aldığı da bilinmir, bunun üçün xüsusi uçot aparılmasına tələb də yoxdur.
Ona görə də demək olar ki, həmin limit çərçivəsində dollar alanlar elə “qara bazar”ı formalaşdıranlardır”. Azər Mehtiyev qeyd edib ki, “qara bazar”ın qarşısını almaq mümkün olmayacaq: “Hətta keçmiş sovet dövründə belə “qara bazar”ın yaranmasının qarşısını almaq mümkün olmayıb. Heç indi də ala bilməyəcəklər. “Qara bazar”ın qarşısının alınmasının yeganə yolu banklarda tələbə uyğun dollar ehtiyatının olmasıdır”.
Gülşən RAUFQIZI