Sovet İttifaqının dağılması ilə rus dilinin keçmiş sovet respublikalarındakı mövqeləri zəifləməyə başladı. Müttəfiq respublikaların sakinləri üçün millətlərarası ünsiyyət dili kimi görünən rus dili müstəqillik şəraitində öz yerini yavaş-yavaş ingilis dilinə verməyə başladı. Bu tendensiya istər Baltikyanı, istər Qafqaz, istərsə də Mərkəzi Asiya regionunda hiss olunur. Lakin buna baxmayaraq, “böyük və qüdrətli” rus dilindən tam istifadəni dayandırmaq mümkün olmayıb, əksinə, son illərdə bu dili öyrənmək istəyənlərin sayında artım müşahidə edilir, xüsusilə Azərbaycanda.
Azərbaycanın Rus İcmasının sədri, deputat Mixail Zabelin Cənubi Qafqazda ən çox rus məktəbinin və etnik rusların yaşadığı ölkənin Azərbaycan olduğunu vurğulayıb. Onun fikrincə, ruslar Azərbaycanı öz doğma vətənləri hesab edirlər və bunun sübutu olaraq Azərbaycanın Milli Qəhərmanı olan rusları misal gətirib. M.Zabelin Modern.az saytına deyib:
“Bu barədə çox danışmışam. Yaxınlarda Rusiya mətbuatına yanvar hadisləri ilə bağlı məqalə çıxmışdı. Bir admiralın xatirələrinə əsaslanan məqalədə qeyd olunur ki, guya həmin vaxt Azərbaycanda ruslar təqib olununurdu və bəzi hallarda öldürülürdü. Mən Rusiyanın “Arqumentı i faktı” qəzetinə müsahibə verdim və həmin məqalənin yalan olduğunu dedim. Admiralın Bakıdan gəmilərlə evakuasiya etdiyi şəxslərin isə sovet əsgərləri olduğunu söylədim. Vəziyyət gərgin idi və hərbçilər ailələri ilə birlikdə Bakıdan gedirdi. Lakin yerli ruslar şəhərdə qalmışdı. Yekaterinburqda, Sankt-Peterbuqrda və Moskvada konfranslarda, müsahibələrdə həmişə demişəm ki, yüzillərlə ruslar bu torpaqlarda yaşayıb və heç zaman problemlə üzləşməyib”.
M.Zabelin qeyd edib ki, ölkədə 346 rusdilli məktəb var, 17 min tələbə ali təhlsil ocaqlarında rus dilində tədris alır.
“Bunun həmişə Rusiyada olanda demişəm. Kilsələr var, qəzetlər var. Təsadüfi deyil ki, Azərbaycanda 120 mindən artıq rus yaşayır. Halbuki, Ermənistanda həmin göstərici 5 min, Gürcüstanda isə 10 mindir. Təkcə bu göstərici sübit edir ki, ruslar burada ikinci vətən tapıblar, Azərbaycanın ərazi bütövlüyünü qoruyublar. Onlar arasında xeyli Milli Qəhrəman var. Şəxsən özüm də Dağlıq Qarabağda olmuşam, ölkəmi qorumuşam”.
Aytən ZƏHRA