“Kimi danışdısan mütləq çalışdığı yeri tərifləyəcək. Hər zaman belə olub. Azərbaycan Yazıçılar Birliyinə gəldikdə, bura yaradıcı təşkilatdır və nə qədər üzvü varsa, deməli, bir o qədər də iş görə bilər. Birlik üzvlərinin yazdığı hər bir kitab buranın da işi hesab olunur. Ona görə Yazıçılar Birliyinin işini bir illə məhdudlaşdırmaq olmaz”.
Bunu Modern.az saytına açıqlamasında xalq şairi, AYB-in birinci katibi Fikrət Qoca ədəbi qurumun 2015-ci ildəki fəaliyyətini qiymətləndirərkən bildirib. Xalq şairi gələn il birliyin daha güclü fəaliyyət göstərəcəyini qeyd edib: “AYB-in üzvləri arasında professorlar, akademiklər, deputatlar və başqa zümrəyə aid ziyalılar da var. Onların ədəbi fəaliyyəti AYB-in iş göstəricisidir. Yaradıcılıq da elədir ki, üzərində işlədiyin hər hansı əsər, layihə bu ildən gələn ilə də qala bilər. Ona görə də yaradıcı işi 2015-lə məhdudlaşdırmaq düzgün deyil. Gələcək illərdə AYB daha da güclü olacaq”.
Elmin NURİ