Modern.az

Aman, aman, ay aman... bu piyadaların əlindən!

Aman, aman, ay aman... bu piyadaların əlindən!

30 Dekabr 2015, 16:19

telejurnalist

Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi strukturları küçə və yollarda təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə mütəmadi olaraq tədbirlər həyata keçirir, kampaniyalar təşkil edir, təbliğat və təşviqat işlərinə diqqəti getdikcə artırırlar. Son zamanlar avtomobillə piyada vurulması faktlarının sayının azaldılması sahəsində xeyli iş görülüb. Çox güman ki, bunlar faydalı nəticəsini verir.

Açığını deyək ki, əvvəllər nə sürücülər, nə də piyadalar yol hərəkəti qaydalarının tərkib hissəsi olan “zebr” işarələrinə bir o qədər də əhəmiyyət vermirdilər. İndi şəhərin bütün prospekt bə küçələrində  - yol ayrıclarında və uzun yollarda “zebr” xətləri çəkilib. Bu, piyadaların təhlükəsizliyini təmin edən tələbatdır.

Təəssüf ki, bunun da narazılıq doğutan tərəfləri var. Piyadaların əksəriyyəti bundan sui-istifadə edərək yol ayrıclarında qaydaları kobudcasına pozurlar.

Yol hərəkəti təhlükəsizliyi qaydalarının tələbinə görə yol ayrıclarında hərəkət üstünlüyü nizamlayıcı polisin göstərişləri, daha sonra isə işıqforun tələbləri əsasında qurulur. Buna əsasən yol ayrıclarında əgər nizamlayıcı polis və ya işıqfor küçəni keçmək üstünlüyünü avtomobillərə verirsə, “zebr” işarəsinə baxmayaraq piyada hərəkətini dayandırmalıdır.

Sürücülər arasında bu qaydanın tələbinə əhəmiyyət verməyənlər var və onlar yol polisi əməkdaşlar tərəfindən cəzalandırılırlar. Bəs piyada necə? Statistik məlumata görə onlar da cərimə olunurlar.  Görünür, cərimə sərt deyil və çox vaxt buna laqeyidlik göstərilir. Piyadalar nizamlanmayan yol ayrıclarında “zebr” işarəti ilə elə nazla, əda ilə, hətta sürücülərə acıq verirmiş kimi asta-asta, cib telefonu ilə danışa-danışa keçirlər, hətta “zebr” işarəsinin üstündə dayanıb çantalarını eşələyirlər. Belə hallarda isə tıxaclar əmələ gəlir, sürücülər əsəbiləşirlər. Məsələn, belə hala Cavid prospektində Elmlər Akademiyası binasının qarşısındakı , metronun “Elmlər Akademiyası” stansiyasının qabağındakı keçidlərdə rast gəlmək mümkündür. Piyadaların hərəkəti işıqforun qırmızı işığı ilə dayandırılsa da, onlar hərəkətlərini davam etdirir, səs siqnallarına belə fikir vermirlər.



Bu yaxınlarda Rəşid Behbudov küçəsində Xarıcı dillər universiteti binasının qarşısında təxminən 5-6 yeniyetmə gülə-gülə küçəni “zebr” işarəsinin üstü ilə keçir, bir daha yenidən geriyə qayıdır, avtomaşınların hərəkətini bilərəkdən dayandırırdı. Bundan zövq alan yeniyetmələr ətrafdakıların haqlı iradlarını da qulaqardına vururdular. Bu tərbiyəsizlik, demək olar ki, hər gün müşahidə olunur.

Istiqlal prospektindən B. Sərdarov küçəsinə dönən keçiddə sanki piyadalar biri-biri ilə danışıb keçidi tək-tək və xeyli ara verə-verə keçirlər. Nə deyəsən? Haqlıdırlar, yol onlarındır. Bəs vicdan?

Təkcə sadaladığım keçidlər istisna deyil, şəhərin demək olar ki, hər yerində belə mənzərələri müşahidə etmək mümkündür.

Yol polisi əməkdaşları əllərindən gələni edirlər ki, qəza törənməsin, başlıcası, piyada vurulmasın! Belə olan halda piyada niyə özünə qəsd edir? Yol polisi əməkdaşları hələ indiyədək heç vaxt bu qədər təşviqat işi aparmayıblar. Hətta qeyri-hökumət təşkilatları da bu nəcib təşəbbüsə qoşulublar. Amma çifayda? Təbliğat da yetmir, irad da. Ümid qalıb təkcə vicdana, insafa, bir də mədəni səviyyəyə!

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI