Modern.az

31 dekabrın səhəri günü TARİX dəyişməlidir...

31 dekabrın səhəri günü TARİX dəyişməlidir...

30 Dekabr 2015, 18:08

Gündüz İsmayılov,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini


Yəhudi diasporu ilə bağlı geniş tədqiqat aparmış və onun güclü olmasının səbəblərini öyrənməyə çalışmış türkiyəli bir professor araşdırmalarının nəticəsində gəldiyi qənaəti belə ifadə edir: dünyanın ən ali kürsülərindən yəhudilərin səsi eşidilir. Bunun əsas səbəbi onların pulunun çox olması və dünyanın hər yerində yaşamaları deyil, həmişə və hər yerdə həmrəy olmalarıdır.

Şübhəsiz, güc birlikdən yaranır, birlik isə milli-dini nəticədir. Yəhudilər özləri də etiraf edirlər ki, onların gücü birliklərindən, birlikləri isə Tövratdan qaynaqlanır. Çünki müqəddəs kitablarına görə, onlar hər zaman və hər yerdə həmrəy olmalı, bir-birilərindən heç vaxt şikayət belə etməməlidirlər.

Xarici ölkələrdə yaşayan yəhudilərin sayı bugünki İsrail dövlətinin əhalisindən çoxdur. Ancaq bütün yəhudilərin müqəddəs məqsədi tarixi vətənlərinə - İsrailə xidmət etməkdir. Bizim də bütün qitələrdə və dünyanın əksər ölkələrində milyonlarla soydaşımız yaşayır, onların da sayı bugünki Azərbaycan Respublikasının əhalisindən dəfələrlə çoxdur. Sayları 50 milyonu ötmüş azərbaycanlıların tək ümid yeri və yeganə dövlətləri ümumi Vətənimiz tarixi Azərbaycandır.
Azərbaycanlılar da müxtəlif tarixi dövrlərdə soyqırıma, represiya və sürgünə məruz qalıblar. Üstəlik, soyqırımla dəfələrlə üzləşmiş, imperiyalar arasında bölünmüşük. Ancaq hələ də onlar kimi güclü diaspora qura bilməmişik. Təbii ki, bunun əsaslı səbəbləri mövcuddur və onlar müxtəlif variantlarda geniş izah oluna bilər. Amma bütün hallarda dəyişməz bir həqiqət var: biz də güclü diaspor formalaşdırmaq imkanına sahibik. Çünki həm müqəddəs kitabımız Quranı-Kərimin birlik və bərabərlik çağırışları, həm milli dəyərlərimiz, həm də xalq kimi ortaq xarakterik keyfiyyətlərimiz həmrəy olmağımız və birliyimizi gücə çevirməyimiz üçün böyük mənəvi bazis ola bilər.

Həmrəylik bizim üçün əsas şüar məqsədi deyil, son hədəfə - müqəddəs amala çatmağımız üçün əvəzedilməz, alternativsiz vasitədir. Çünki imperiyalar arasında bölüşdürülmüş, dəfələrlə təcavüzə məruz qalmış və son iyirmi ildə ərazisinin iyirmi faizi işğal olunmuş Azərbaycanın bütövlüyünə qovuşması, xalqımızın layiq olduğu kimi yaşaması, bir sözlə, böyük gələcəyimiz güclü həmrəyliyimizdən keçir. Bu baxımdan 31 dekabr həmrəyliyimizin - bizi böyük uğura apara yolun başlanğıcıdır.

... Qəribə təsadüfdür, 31 dekabr həm də ilin son günüdür. Deməli, bu tarix hər azərbaycanlı üçün təkcə köhnə ilin son günü deyil, həm də işıqlı gələcəyin, böyük uğurun başlanğıcı, ilk günüdür. Axı həmrəyliyimizin - 31 dekabrın səhəri günü TARİX dəyişməlidir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu