Ermənistan prezidenti Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 21 dekabrda keçirilən iclasında bu hərbi quruma üzv dövlətləri rəsmi Yerevana lazımi dəstək göstərməməkdə ittiham etdi.
Modern.az xəbər verir ki, rusiyalı siyasi analitik Vadim Dubnov mövzu ilə bağlı Ermənistan mətbuatına müsahibə verib.Politoloq deyib ki, Serj Sərkisyanın məlum çıxışı gözlənilməz deyildi. Ekspertin fikrincə, Sərkisyanın açıqlamaları Rusiya ilə razılaşdırılmış addım idi.
“Sərkisyan Dağlıq Qarabağ münaqişəsi haqqında danışdı. O, ifadə etdiklərini, Türkiyə ilə gərginlik məsələsində KTMT-nın həmrəyliyini Moskvanın ümumi vektoru ilə birləşdirə bildi. Lakin nəticə Ermənistan üçün yox, şəxsən prezidentin özü üçün əhəmiyyətli idi.
Ona görə də, Sərkisyan sadəcə öz şəxsi problemlərini həll etdi və KTMT-dakı partnyorlarla problemlərin həlli məsələsində Moskvaya bir az kömək etdi”,-deyə Vadim Dubnov qeyd edib.
Onun sözlərinə görə KTMT Qarabağ problemi məsələsində hər hansı bir bəyanat qəbul etməyəcək.
“Bəlkə də, hər hansı kontekstdə sülh prosesi haqqında nəyisə xatırladacaqlar. Münaqişə tərəflərini təmkinlilik göstərmərə və problemi sülh yolu ilə həll etməyə çağıracaq və sair. Amma çətin ki, Azərbaycan tənqidə məruz qalacaq”.
Qeyd edək ki, Serj Sərkisyan KTMT-nın iclasında üzv dövlətləri cəbhədə baş verən hadisələrə görə Azərbaycana qarşı birləşməyə və Ermənistana dəstək verməyə çağırmışdı.
Aqşin KƏRİMOV