Modern.az

Eldəniz Zeynalov, yol polisi, Mikayıl Mirzə - ƏHVALAT

Eldəniz Zeynalov, yol polisi, Mikayıl Mirzə - ƏHVALAT

1 Yanvar 2016, 10:04

Bu gün Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalovun doğum günüdür. Eldəniz Zeynalov yaratdığı obrazlarla tamaşaçıların yaddaşındə silinməz izlər qoyub.
Yumor hissi çox güclü olan Eldəniz Zeynalovun yaratdığı obrazlar həmişə tamaşaçılar tərəfindən sevə-sevə izlənilib.

Aktyor olmaq onun uşaqlıq arzusu olub.1937-ci il yanvarın 1-də dünyaya gələn E.Zeynalov dayısı Həsənağa Salayevin oynadığı rolların sehrinə düşərək aktyorluq sənətini seçib.

Hələ uşaqkən dayısı ilə teatrlara ayaq açan balaca Eldəniz özü də bilmədən səhnə aləminə qədəm basıb. Həsənağa Salayevin tövsiyyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb. Məşhur sənətkar Adil İsgəndərov onun müəllimlərindən biri olub. .

Tələbə ikən Eldar Quliyevin çəkdiyi "Bir cənub şəhərində” filmində baş rola dəvət alan Eldəniz Zeynalovun aktyorluq yolu başlayıb. İnstitutu bitirib Akademik Dram Teatrına təyinat alan aktyor həm teatrda, həm də "Azərbaycanfilm" kinostudiyasında paralel çalışıb.

Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayarkən ilk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan”ın satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb. Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (Mosfilm), “Təyyarələr Enmədi” (Özbəkfilm) filmlərində çəkilib.

Eldənizdən başqa daha iki qardaşı olub. Anası həyat yoldaşına danışırmış ki, Eldəniz qardaşlarından  kaprizli, az yeyən və dəcəl olub. Yeməyin dərdindən qabındakı küftələri qardaşlarına pulla satarmış.

Uşaqlıqda çox dəcəl olub. Elə buna görə də anası ömür boyu ondan şikayət edirmiş.

Eldəniz Zeynalovun başına gələn gülməli əhvalatlar çox olub. Onlardan birini xatırlayaq:

Eldəniz Yaponiyadan gətirilən xeyli işlənmiş maşın alıbmış. Maşının da rulu sağdaymış. O vaxtlar belə maşınlar hələ təzə çıxıbmış. Eldəniz maşını alan kimi gəlir Mikayıl Mirzənin (yeri gəlmişkən, 1 yanvar tarixi xalq artisti Mikayıl Mirzənin də doğum günüdür-red.) yanına. Onu da götürüb gedirlər maşını “yumağa”. Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər. Axşam da şəhərə qayıdırlar. “Azneft”i keçəndə yol polisi görür ki, maşın ləngər vura-vura gəlir. Əl eləyib maşını saxlatdırır. Eldəniz maşından düşən kimi, şığıyır polisin üstünə və özünəməxsus tərzdə deyir:

“Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdu?”.

Bu zaman Mikayıl Mirzə tez maşından düşüb girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır. Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş eləməyən Eldəniz də deyinə-deyinə əlini sükana atır, görür sükan yoxdu. Tez qapını açıb düşür və yüyürüb polisin yaxasından tutur ki:

“Bura bax, alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu bəri qaytar”...

“Mən mahnı qoşuram”, “Bəyin oğurlanması”, “Yerlə göy arasında”, “Hər şey yaxşılığa doğru”, “777 nömrəli iş", "Babamızın babasının babası", "Bağ mövsümü", "Dörd bazar günü", "Əhməd haradadır?", "Qızıl uçurum", "Qonşu qonşu olsa", "O qızı tapın", "Yol əhvalatı", "Yeddi oğul istərəm" filməliri Xalq artisti Eldəniz Zeynalovun 30 ildə Azərbaycan kinosunda müxtəlif xarakterli rollar ifa etdiyi ekran əsərləridir. Amma siyahı təkcə bu filmlərdən ibarət deyil, onu xeyli uzatmaq olar.
Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkəndə, aktyora Mirpaşa obrazını təklif eləyir. Amma o, atdan qorxduğu üçün bu roldan imtina etdi. Ona görə də Tofiq Tağızadə aktyoru filmdəki kəndli roluna çəkir.

1974-cü ildə “Əməkdar artist” fəxri adına, 1999-cu ildə “Humay” mükafatına layiq görülən E.Zeynalova “Xalq aristi” adı çox gec -  2001-ci ildə verilib. Ailə üzvləri deyirlər ki, aktyor bundan çox inciyibmiş. Yaradıcılığının son dövrü  Akademik Milli Dram Teatrı ilə daha sıx bağlı olub.

Ömrünün son günlərini yataq xəstəsi olaraq keçirən E.Zeynalov 2001-ci il noyabrın 5-də həyata əlvida deyib...  

A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI