Modern.az

Rusiya diplomatiyası və Türkiyənin “Soveti” vurması

Rusiya diplomatiyası və Türkiyənin “Soveti” vurması

1 Yanvar 2016, 11:53


Hər bir dövlətin keçdiyi tarixi inkişaf yolunun onun bu günkü diplomatiyasında müəyyən izlər qoymasına baxmayaraq, dünyanın daim inkişafda olması dövlətlərin diplomatiyalarının da daim yeniləşməsini tələb edir. Öz diplomatiyalarını dünyada baş verən yeni meyllərin tələblərinə uyğunlaşdıra bilməyənlər iqtisadi və ya hərbi güc etibariylə də nə qədər böyük olsalar da, uduzmağa məhkumdurlar. Müasir diplomatiyada dövlətlərarası münasibətlər, qurulmuş təşkilatlar  qarşılıqlı mənafələrə əsaslanmalı və bu münasibətlərin missiya və məqsədləri iştirakçı dövlətlərin strateji baxışları ilə uyğunluq təşkil etməlidir. Yəni, bu gün artıq hər hansı bir böyük dövlətin birtərəfli istəyi və ya mənafeyi ilə qurulmuş, demokratik olmayan münasibətlər uzunömürlü ola bilməyəcək və bu cür münasibətləri hədəfləyənlər isə təklənməyə və uduzmağa məhkum olacaqlar. Bu günkü Rusiya Federasiyası bunun əyani nümunələrindən biridir. Rusiya Federasiyası müasir dünyanın qütbləşməsində oynadığı rola görə əhəmiyyətli ölkələrdən biridir. Ancaq, Rusiya Federasiyasının bugünkü geosiyasəti qarşılıqlı siyasi maraqlara əsaslanan müasir diplomatiyanın prinsiplərindən daha çox öz tarixindən, xüsusilə Çar və Sovet dövründən qalma, politoloq Vəfa Quluzadənin təbiri ilə desək “aqressiv bir imperiya” təfəkürünə əsaslanmaqdadır. Həqiqətən də, Sovet ittifaqının uzun illər öncə dağılmasına və ayrı-ayrı müstəqil dövlətlərin yaranmasına baxmayaraq müasir Rusiya diplomatiyası öz tarixi-psixoloji köklərinə uyğun olaraq hələ də sovetsayağı yanaşmaya əsaslanmaqdadır. Yəni, 1940-cı ildə “referendum”la baltikyanı ölkələri Sovetə birləşdirən diplomatik təfəkkür tərzi dəyişilmədən 2014-cü idə eyni məzmunlu “referendum”la Krımı Rusiyaya birləşdirdi.

Putin 1999-cu ildə Dumada baş nazir kimi ilk çıxışında post-sovet ölkələrinə partnyor deyil, Rusiyanın qanuni vilayətləri kimi adlandırır və bu yanaşmadan heç bir vəchlə geriyə addım atmamalı olduqlarını qətiyyətlə bildirirdi. Rusiyanın ən məşhur ideoloqlarından və hökumətə yaxın şəxslərdən sayılan professor Aleksandr Duqin Rus geosiyasəti kitabında Rusiyanın İran və Ermənistan faktorları ilə Orta Asiyada və Azərbaycanda Türkiyə ünsürlərini ləğv edilərək yeni Sovet adlandıra biləcəyimiz bir quruluşu formalaşdırmağın nəzəri tərəflərini təhlil edir. Bu səbəbdəndir ki, Sovetdən sonra Rusiya heç bir zaman xarici ölkələrlə, xüsusilə keçmiş SSRİ dövlətləri ilə münasibətlərə bərarbərhüquqlu, qarşılıqlı mənafelərə cavab verəcək şəkildə yanaşmayıb, tərəfdaş olduğu ölkələr isə Rusiyaya diplomatik tərəfdaşdan daha çox psixoloji qorxu hissi ilə yanaşıb. Rusiya öz təşəbbüsü ilə qurduğu təşkilatlara qarşılıqlı mənafelərə xidmət edən bir qurum kimi deyil, iştirakçı ölkələri müəyyən çərçivədə saxlamaqla onların manevra imkanlarını zəiflətmək və özündən daha da asılı vəziyyətə salmaq vasitəsi kimi baxıb. Hətta, Rusiya öz mənafeyinə uyğun olaraq qoşulduğu, müasir diplomatik münasibətlərin əsasını təşkil edən hüquqi qanunları çox rahatlıqla poza bilməkdədir. Məsələn, keçmiş bir neçə aya nəzər salaq. Xəzəri hərbiləşdirilməməsi ilə bağlı xəzəryanı ölkələrlə razılığa gəldiyi halda, Suriyaya Xəzər üzərindən endirdiyi raket zərbələri zamanı digər dövlətlərdən diplomatik etika xatirinə belə razılıq almadı. Digər tərəfdən, ölkələrin ərazi bütövlüyü ilə bağlı BMT konvensiyalarına qoşulur, ancaq Ukraynanın ərazi bütövlüyünü pozmasını Krımda yaşayan rusların qeydinə qalırmış kimi gülünc yanaşma ilə izah edir. Bütün bunların nəticəsidir ki, region dövlətlərində baş berəcək hər bir demokratik inkişaf və ədalətli cəmiyyətə doğru atılmış addımlar Rusiya tərəfindən onun təsirindən çıxmaq istəməsi kimi baxılmaqdadır və hər vəchlə bunun qarşısını almağa çalışmaqdadır. Saakaşvili Gürcüstanı buna əyani bir misaldır.

Rusiya tarixin böyük bir hissəsində yerləşdiyi bölgədə ərazisi və hərbi baxımından qüdrətli dövlət olmasından dolayı etik diplomatiyanı tam olaraq mənimsəyə bilməyib. Müasir rus diplomatiyasında güc vasitəsilə qorxu yaratmaq və ölkələri asılı vəziyyətdə saxlamaqla siyasət formalaşdırmaq əsas meyillərdir. Beynəlxalq hüququn tələblərinə görə ayrılmaz tərkib hissəmiz olan Dağlıq Qarabağ münaqişəsinə Rusiyanın baxışı öz taktiki mənafelərinə uyğun olaraq tez-tez dəyişən mesajlar verməklə daha çox diplomatik rıçaq aləti olaraq istifadə edilməkdədir. Bütün bunlar xüsusilə Rusiya kimi böyük bir dövlətin strateji olaraq etibarsılaşması və yalnızlaşması üçün mühüm faktorlardır. Başqa sözlə, qol gücünə formalaşmış bu siyasi münasibətlər qısamüddətli dövrdə Rusiya üçün müəyyən divident verə bilmək imkanına baxmayaraq, uzunmüddətli dövrdə bu münasibətlərin heç bir perpektivi yoxdur və tərədaş dövlətlərin hamısı fürsət tapan kimi Rusiyanın təsirindən çıxmağa çalışacaqlar. Yəni bu dövlətlər uzunmüddətli perpektivdə özlərini Rusiya ilə strateji tərəfdaş olaraq görə bilmirlər. Məsələn, bu gün Avrasiya İqtisadi Birliyinin ilk üzvlərindən olan Qazaxıstan özü ÜTT-yə üzv olmaq üçün can atmaqdadır.

Rusiyanın aqressiv emosiyalarla apardığı bu geosiyasəti Suriyada da özünü göstərməkdədir. Digər maraqlı dövlətlərin mənafelərini gözləmədən Suriyadakı münaqişəyə qarışması bütün ərəb dünyası və Avropa Birliyinin Rusiyaya sanksiyaları zamanı bu sanksiyalara qoşulmayan Türkiyə ilə münasibətlərini korlamaqla yanaşı, eyni zamanda sonu bilinməyən bir yola girməsinə də səbəb olub.

Bu fikirlərin fonunda nə üçün Türkiyənin sərhədlərini pozmuş Rusiya hərbi təyyarəsinin vurulması nəticəsində bir nəfər əsgərin ölümünə göstərilən reaksiyanın Sinay yarımadasında İŞİD tərəfindən vurulmuş təyyarədə 224 nəfər mülki şəxsin ölümünə göstərilən reaksiyadan daha çox olmasını anlamaq çətin olmur. Diplomatiyasını güc və asılı vəziyyətdə salma psixologiyası üzərində qurmuş bir ölkənin hərbi təyyarəsini onun hədəflədiyi ölkələrlə dərin köklərlə bağlı olan Türkiyə tərəfindən vurulması formalaşdırılması nəzərdə tutulan sistemi (əvvəldə yeni sovet adlandırdığımız) sarsıdıb. Çünki, bu hadisə Rusiyanın hədəf dövlətlərini Rusiya qorxusundan qurtularaq özünə inam hissi ilə yeni milli-psixoloji kimliyi formalaşdırmağa qədəm qoymasına şərait yarada bilər. Yəni, əslində Türkiyə bu zərbə ilə Rusiyanın yeni “Sovet”ini vurdu.

Sonda olaraq onu bildirmək istəyirəm ki, müasir diplomatik alətləri mənimsəməyən, aqressiv Rusiya diplomatiyasının bu gün itirdiyi siyasi münasibətləri və etibarlı tərəfdaş imicini yenidən fromalaşdırmaq üçün ona uzun illər lazım olacaqdır.

Səftər Vəlizadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?