Modern.az

Əhməd bəy Ağayevin insanlıq fəlsəfəsi

Əhməd bəy Ağayevin insanlıq fəlsəfəsi

1 Yanvar 2016, 17:00

Yaradılmış canlılar içərisində ən qiymətli, ən dəyərli və əvəzolunmaz bir varlıq varsa, o da insandır. İnsan elə bir sirli-sehirli kitabdır ki, onun səhifələri indiyə kimi heç kəs tərəfindən tam oxunmamış və gələcəkdə də  oxunması, yəqin ki, mümkün olmayacaq.

İnsan çox möcüzəli bir varlıqdır. Təbiətin gözəlliyi, mahiyyəti , mənası, fəlsəfəsi yalnız insan tərəfindən dərk edilir. Bəlkə də, uca Tanrı bu gözəl, füsünkar, ecazkar, heyrətamiz dünyanı  insana  görə  yratmışdır. Tanrı özünəməxsus sirlərin  əbədi gizli qalmaması, yaratdığı dünyanın daha da gözəlləşməsi üçün insanı xəlq etmiş, ona elm, bilik, zəka vermiş, şüurla təmin etmişdir.

İnsan bütün elmlərin obyektidir. Bütün elmlər insana xidmət edir, onun fəaliyyətini bu və ya digər tərəfdən işıqülandırır. İnsan nə qədər ağıllı, zəkalı, təcrübəli, elmli, bilikli, kamil, yetkin olarsa, dünya da bir o qədər gözəl olar,  yaşamaq, yaratmaq həvəsi və arzusu da bir o qədər çox olar.

Dünyanın gözəlliyini, sakitliyini, həyatın mənalı, xoş və firəvan olmasını arzulayan müdriklər həmişə insanları bu ruhda tərbiyə etməyə, onlarda  gözəl əxlaq, sadəlik, qayğıkeşlik, rəhimdill və aza qane olmaq, doğruluq, səmimilik və sədaqətlilik kimi gözəl sifətlərin yaranmasına çalışmışlar.

Belə müdrik insanlardan biri də bütün türk dünyasının sevimli  şəxsiyyəti Əhməd bəy Ağayevdir. O, ensiklopedik biliyə , böyük təcrübəyə, geniş dünyagörüşə malik olan bir ictimai-siyasi və dövlət xadimidir. Əhməd bəy Ağayevin dünyagörüşü olduqca geniş diapazona malikdir.Təbiət, cəmiyyət , dövlət və siyasətə həsr olunmuş çoxlu əsərləri, məqalələri mövcuddur Etika və estetika haqqında ayrıca bir əsər yazmasa da, yaradıcılığında insanın kamillik dərəcəsinə çatması üçün  zəruri olan çox dəyərli, əhəmiyyətli fikir və mülahizələr geniş yer tutur.

Çox gözəl demişlər ki, özünü dərk etməyən, Tanrını da dərk edə bilməz. İnsan başqaları haqqında fikir irəli sürə bilər,  əvvəlcə öz nöqsanını görən və onu aradan qaldırmağı  bacaran adam başqalarını da düzgün yola dəvət edə bilər. Öz gözündə tiri görməyib, başqalarının gözündə  tük axtaranlar  insanlıqdan danışmaq hüququna əsla malik deyillər.

Əhməd bəy Ağayevin “Mən kiməm?” başlıqlı  məqaləsi bu baxımdan çox maraqlı və əhəmiyyətlidir. Gəlin, müəllifə müraciət edək: “Bir müddətdir ki, məndə qəribə və ecazkar bir ehtiyac yaranmışdır: öz-özümü müşahidə altına almışam. Özümü olduğum kimi görmək və gördüyüm kimi göstərmək qəsdindəyəm. Etiraf edirəm ki, mən öz-özümü tanımıram. Siz özünüzü tanıyırsınızmı?  O zaman necə xoşbəxtsiniz!. Beləliklə, özümü öyrənmək qərarına gəldim

Metodum çox sadə idi: mən İçimlə Çölümü qarşı-qarşıya gətirərək onları öz başlarına buraxdım, yeganə işim yalnız  gördüklərimi və eşitdiklərimi  gördüyüm kimi qeyd etmək oldu. Lakin ilk dəfədən məni dəhşət bürüdü və dərin nifrətlə gözlərimi yumdum.

-Aman, mən bu imişəm?_deyə qışqırmağım gəldi. Düşündüm! Gündüzlə gecə, ağla qara arasındakı  bənzəyiş mənim İçimlə Çölüm arasındakı bənzəyişdən daha çoxdur! Zahirim batinimə əsəbi və küskündür, batinim zahirimə lənət oxuyur. Demək mən, mənim batinim bu imiş. O halda mən nə qəribə, nə əcayib bir yaradılışam... Ümumiyyətlə, ...danışıq və söz çərçivəsində qaldığım müddətdə mənim mənliyimi İçim təmsil edir, lakin hərəkət və fəaliyyət sahəsinə keçən kimi zahirim dərhal cilovları əlinə alır və o birisinə qəti əmrlər verərək, “Artıq növbə mənimdir, sən sus!-deyir və meydanda atını sərbəstcə oynadır.

-Doğrusunu desəm, mənim İçim çox yaxşı təbiətli, xoş niyyətli, yaxşılıq sevən , başqaları üçün xeyir istəyən, qəhrəmanlığa aşiq, sədaqətə, doğruluğa məftun bir varlıqdır.Elə buna görədir ki, mən danışıq və təsəvvür aləmində  qəhrəmanlıqdan, doğruluqdan, sədaqətdən, vətəndaşlara yaxşılıq etməkdən hərarətlə, həyəcanla söz açır, yazıram və sizi inandırıram ki, bunları edərkən mən çox səmimiyəm. Lakin nə edim ki, hərəkət və əmələ keçərkən İçim məni tərk edir və yerini Çölümə verir. O isə məni arxasında sürükləyir. Və baxırsan ki, səhər çağı əleyhinə danışdığımizi günortadan sonra böyük bir imanla  həyata keçirməkdəyəm.

-Bu Çölüm yoxdurmu? Lənət olsun ona! Gecə yatağa girib  mən, İçim və Çölüm  yalnız və baş-başa qaldıqdan sonra bu dəfə İçimin Çölümlə zarafatı, istehzası , sitəmi başlayır. İçim Çölümə deyir ki, “Sən nə utanmaz, nə həyasız adamsan? Haradan uydurdun o alimlərin adlarını?  Heç Almaniyada o adda adam var? Çölüm dərhal baş qaldıraraq dərin hiddətlə İçimə xitabən :”Sən də orada deyildinmi? Niyə məni təkzib etmədin? Niyə yorğan altındakı cəsarəti orada göstərmədin?-dedi. Fikir verdim, gördüm ki, Çölümlə İçim arasındakı  bütün təzadların bircə qaynağı var – Eqoizm! Çölümün ən canlı səciyyəsi özünü istəməkdir, öz nəfsini və faydasını hər şeydən üstün tutmaqdır. Bütün bəla budur, bütün digər təzadlar bundan doğur.  

Həqiqətən,  mənim İçim çox yüksək, nəcib, əsil insani duyğularla doludur.İnsaniyyət, haqq, Vətən və vətəndaş uğrunda mal və nəfs fədakarlığı onun ən çox sevdiyi şeylərdir. Məzlumun umdadına yetişmək, zalımı yerlə yeksan etmək pərəstiş etdiyi qəhrəmanlıqdır.

Mənim içim qüvvətli bir altruizm (özünü qurbanvermə) eşqi daşımaqdadır və yüksək əməllər uğrunda hər cür fədakarlıqlara hazırdır. Altruizm, yəni başqasını sevmək, başqası üçün öz istəklərini, şövqlərini, iştahalarını, bəzən öz mənfəətlərini, bəzən isə hətta öz nəfsini fəda etmək deməkdir.

Eqoizmin doğurduğu başlıca xəstəliklərdən biri yarınmaqdır. İçimin nəzərində yarınmağın bir üzü də yaltaqlıqdır. Yaltaqlıq isə İçimin fikrincə, it peşəsidir. Çölümün həddindən artıq eqoizmi məni yalançılığa da aparıb çıxarmışdır. Halbuki İçim həqiqət, doğruçuluq aşiqidir. Haqqa, həqiqətə tapınmaq, doğruluq qəhrəmanı olmaq onun ən yüksək amalıdır.

Həddindən artıq özünü istəmək məni hərisliyə yuvarlamışdır.  Mənim iki böyük ehtirasım var: zəngin olmaq və yüksək vəzifələr tutmaq.Lakin bu sahədə də İçimlə Çölüm arasında dərin təzadlar və mücadilələr baş verməkdədir.  İçim deyir ki, zənginlik və vəzifə sahibi olmaq arzusu təkcə fərdin özü üçün deyil, camaat üçün də  son dərəcə faydalı arzulardır.

Lakin çölüm heç cür bununla razılaşmaz! O, dərhal irəli sıçrayaraq mənə deyir:”Bu həyatdan baş çıxarmayan axmağa baxsan, ac və səfil qalarsan. Sən mənə qulaq as! Asan bir yol tapıb bir zənginə, bir zəmanə adamına çevril! Zəhmət çəkmədən, bir kombinasiya qurmaqla zənginləşmək, birdən-birə və heç kimsənin gözləmədiyi bir anda yüksək  bir vəzifədə görünmək nə gözəl şeydir – anlayırsanmı?! Səndə, xanımında, uşaqlarında, qohumunda, bir sözlə, hamıda dərhal bir dəyişiklik baş verir. Baxışlar, yerişlər dəyişir, boylar ucalır, başlar qalxır və necə deyim, necə anladım, adamı heyran qoyan tablolar ortaya çıxır.Dərhal hamınızda rəqs meydançalarına, ballara, barlara getmək ehtiyacı yaranır. Gəlirsiniz, hər kəsin başı sizə tərəf çevrilir, bəziləri gözləri ilə, bəziləri barmaqları ilə sizə işarə edərək “Bax, odur!” – deyə bir-birlərinə pıçıldayırlar.

Siz də ətrafı ani nəzərdən keçirərək əvvəlcədən hazırlanmış  masanın arxasına keçirsiniz və məclis başlayır. Səhərə qədər jejir, içir, gülürsünüz, haqq-hesab kağızı gətirilərkən, sizə həsrətli nəzərlərlə baxanların gözləri önündə uşağa “çay pulu” kimi bir on lirəlik fırlatmaqdan da ləzzətli şey varmı, görəsən? Yoxsa, get yığımcıllıqla, qənaətlə zəngin olmağa çalış! Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər. Bu dünyaya iki dəfə gəlmirik. Gəlmişkən yaşamaq, həm də sözün həqiqi mənasında, gözəl yaşamaq lazımdır. Və bunun üçün də asan yol seçilməlidir.

İçim əsəbiləşərək deyir:”Sənin göstərdyin yolla yürüyənlərin yurdlarında bayquşlar ulayır, övladları acından dilənirlər. Nə qədər ailənin ocağı tüstülənməkdə davam edir? Bunlar sənin göstərdiyin yolla gediblər və özlərilə bərabər ictimai sərvətləri də havaya sovurublar

Çölüm gülərək cavab verir ki, məndən sonra övladlarım ac qalacaqmış! Mənə nə? Onlar da mənim kimi yolunu tapıb yuvalarını qursunlar. Guya onların yerinə mən yaşayacağam?! İndilik qoy mən yaşayıram, sonrasını onlar düşünərlər.

Mənim ikinci ehtirasım olan vəzifə sahibliyi barəsində də İçimlə Çölüm arasında dərin təzadlar və mücadilələr var.  İçim bu xüsusda mənə bilgi, zəka, çalışqanlıq, ciddiyyət və yalnız öz zəhmətinə güvənməyi təlqin edir.  Çölümə görə, İçimin bu dedikləri “əllamə”lərin saçma sözləridir.

Mənim Çölümün xüsusiyyətlərindən biri də gözügötürməzlik və qısqanclıqdır. Mən hər şeyi qısqanıram. Fəziləti də, rəzaləti də, böyüklüyü də, kiçikliyi də, yüksəkliyi də, alçaqlığı da. Mən istəyirəm ki, hər işdə, hər şeydə hər kəsdən üstün olum. Olmadığım təqdirdə hər kəsə və hər şeyə qarşı dərin kin duyuram.

Çölümün bayaqdan bəri sadaladığım xüsusiyyətlərini ümumən nəzərdən keçirək: yarınmaq, yalan, riyakarlıq, sərvət və vəzifə ehtirası, zülmkarlıq, qısqanclıq, hökmranlıq və... Görürsünüz, mənim Çölüm başdan-başa antisosial bir varlıqdır. O, mühiti içəridən gəmirir, inkişaf üçün lazım olan bağları məhv edir. İçində belə bir mikrob daşıyan cəmiyyətdə qarşılıqlı yardım, sevgi, inam, doğruluq, sədaqət, ciddi çalışma, haqqa, həqiqətə münasibət...yox dərəcəsində olur.

Mənim İçim əslinə baxsan, ictimai həyatın inkişafına uyğun və müsaid olan amillərlə doludur. Həqiqətən, bu baxımdan mənim İçimlə ən mükəmməl və mütərəqqi cəmiyyətlərə mənsub fərdlərin içi arasında fərq yox dərəcəsindədir.Qiymətlərin dəqiqliyi, yaxşılıq və pislik, gözəllik və çirkinlik haqqındakı ölçülər hər iki tərəfdə də demək olar ki, eynidir.

Yarınmağı mənim İçim də sevmir, bir ingilisdin də içi sevmir. Yalan onun üçün də, mənim üçün də mənfurdur. Haqqı müdafiə, şərəf və izzəti-nəfsi qorumaq da hər iki tərəfdə məqbuldur və s. Mənim Çölümlə cəmiyyət arasında  dərin bir təzad vardır. Çölüm cəmiyyəti də əsasından sarsıtmadadır.

İnsanın cəmiyyətə layiq bir vətəndaş, ləyaqətli bir insan, bir şəxsiyyət kimi yetişməsində bu məqalənin əhəmiyyəti haqqında uzun-uzadı izaha, bizcə, ehtiyac yoxdur.

Müstəqil  Ağayev
AMEA Fəlsəfə və Hüquq İnstitutu, Fəlsəfə
və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, qabaqcıl maarif  xadimi

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!