“Ölkəmizdə gömrükdən keçən mallar illərdir düzgün rəsmiləşdirilmir, dəyəri və miqdarı azaldılır”. Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli yanvar ayının 1-dən etibarən gömrükdə olan monopolist rejimin ləğv olunması xəbərlərinə aydınlıq gətirərkən deyib.
O qeyd edib ki, 2015-ci ilin 11 ayının rəsmi məlumatlarına görə bu müddətdə ölkəmizə 8 196 177.79 min ABŞ dolları (8,2 mlrd. dollar) dəyərində mal daxil edilib: “Başqa sözlə, rəsmi qaydada ölkədən bu qədər vəsait, mal alınması üçün çıxıb. Reallıqda isə bu rəqəm, azı 50 faiz daha artıqdır. Yəni, 11 ayda ən azı ölkədən 12-13 milyard dollar çıxarılıb ki, mal alınıb-gətirilsin. Bu müddət ərzində 3 243 nəfər fiziki, 3 473 hüquqi şəxs ölkəyə mal gətirib. Bir anlıq təsəvvür edin ki, inhisar ləğv edilir, o zaman ölkəyə mal gətirən fiziki və hüquqi şəxslərin sayı dəfələrlə artacaq, bu da rəqabəti gücləndirəcək, qiymətləri aşağı çəkəcək-bura qədər hər şey yaxşıdır, amma vətəndaşların alıcılıq qabiliyyəti düşür, yaxşı, hamı qaçıb mal gətirəcəksə, hamı mal satacaqsa, bəs bunu kim alacaq?”Ekspert hesab edir ki, bu minvalla ölkədən dollar axını artacaq:
“Bu da ölmüş manatı daha da dərin basdırılmasına səbəb olacaq, yəni, dollara təlabat artacaq bu isə məzənnəni daim yuxarı çəkəcək. Daha bir məsələ odur ki, fiziki və hüquqi şəxslər gömrükdə sənədləşməni həyata keçirərkən heç də həmişə uduzmurdular, məsələn, Adil mal gətirir, gömrük deyir ki, tam rəsmi olsa, rüsum 1000 dollar olacaq, sən 800 ver, tam rəsmiləşdirməyək, 200 dollar da sən qabağa düşürsən. O da razılaşırdı, satdığı malın dəyərinin üzərinə 800 də gəlib, satışa çıxarırdı. İndi tam leqallaşsa, 1000 dollar ödəyəcək, deməli satdığı malın mayasının üzərinə 1000 dollar gələcək ki, bu da qiyməti artıracaq”.
N.Cəfərli bildirib ki, 2015-in 11 ayında ölkə xaricə 10 619 195.45 min ABŞ dolları (10,6 mlrdə dollar) məbləgində mal satıb və bunun 9 384 293.92 min dolları (9,38 mlrd. dollar) neft, neft məhsulları və qazdır:
“Bu 11 ayda neftin ortalama qiyməti 50 dollardan yuxarı olub, indi isə 36-37 dollardır, yaxın aylarda 30-dan da aşağı düşəcək. Yəni, bu il ölkəyə gələn valyuta kəskin azalacaq, hətta hasilat 2015 səviyyəsində qalsa belə (hasilat da düşəcək) ölkəyə neft xətti ilə cəmi 3-4 milyard dollar daxil olacaq. Yuxarıda isə yazdığım kimi, ölkədən 12-13 milyard (ən yaxşı halda və tək gömrük xətti ilə) çıxarılacaq ki, mal gətirilsin. Çünki, bu ölkə 22 ildə özünə corab, tuman belə istehsal etməyi öyrənmədi, dərman, pal-paltar, elektrotexnika, avtomobil, avadanlıq -bu sahələrdə idxaldan asılılığımız 100 faizə yaxındır, ərzaqda isə hökumətin nə deməyindən asılı olmayaraq, asılılıq 70-75 civarındadır. Çünki, yerli mal adı altında bizə satılan məhsulların xammalı da xaricdən gəlir. Bizim əsas dərdimiz odur ki, neftdən başqa xaricə çıxarıb sata biləcəyimiz rəqabətə davamlı məhsulumuz yoxdur. 90-cı illərdə inhisar yox idi, ya da, indiki səviyyələrdə deyildi, amma o zaman sovetdənqalma mallar var idi ki, onları aparıb satıb, əvəzində başqa mallar alıb ölkəyə gətirirdik.
Fotoaparatlar, direllər, xalçalar, mis, alüminium, elektik avadanlıqları-hamısını daşıdıq İrana-Turana, əvəzində “bakkuş”, pal-paltar gətirdik, satdıq, qazandıq. İndi isə satmağa nəyimiz var neftdən başqa?
Əsas dərd budur. Yəni, gömrükdə inhisarın qaldırılması pozitiv addım olsa da, problemiləri həll etmir axı, əksinə cari açığımız artacaq (buna tədiyyə, ticarət balansının mənfi saldosu da demək olar, amma, mən cari açıq sözünü işlətməyi təklif edirəm), daxildə manat getdikcə daha də dəyərdən düşəcək, inflyasiya artacaq, qiymətlər manatla şişəcək, inhisarçılığın götürülməsinin pozitiv tərəfi kölgədə qalacaq”.
Ekspertin sözlərinə görə tək inhisarçılığı götürməklə vəziyyət düzəlməyəcək:
“Ölkəyə valyuta gətirən sahələr lazımdı, investisiyalar lazımdı, xarici kapitalın gəlməsi vacibdir, amma heç bir investor bu ölkəyə yatırım qoymaq istəmir. Yatırım qoyması üçün azad məhkəmələr lazımdı – məhkəmələr azad olsa, günahsız yerə yatan siyasi məhbuslar çıxmalıdır – azad məhkəmələr olsa, korrupsiyaya, büdcə oğurluğuna bulaşmış yüzlərlə məmur ordusu məhkum edilməlidir – bütün bunlar üçün isə siyasi açılım – Siyasi İslahatlar olmalıdır. Tək iqtisadi islahatlarla heç nə dəyişməyəcək, məsələlərin çözümü siyasi islahatlarda, idarəetmə sisteminin kökündən dəyişilməsindədir
Vəssalam, indi gedin fikirləşin, onsuz da həmişə sonda biz deyənlərə gəlirsiniz, çünki ağlın-məntiqin yolu birdir. Sadəcə gec gəlirsiniz, zülm vətəndaşa olur, bunu unutmayın..”.
Gülşən RAUFQIZI