“Bu, vəziyyətdən çıxış yolu deyil”
“Azadlıq” qəzetinin bugünkü sayında qəzetin satış qiymətinin 60 qəpiyə qaldırılması ilə bağlı elan yerləşdirilib. Qəzet qiymət artımına məcburiyyət qarşısında getdiyini və bunun bilavasitə manatın ikinci devalvasiyasından sonrakı bahalaşma ilə əlaqəli olduğunu bildirib.
Məlumdur ki, manatın ucuzlaşması və dolların kəskin bahalaşma qəzetlərin xərclərini də artırıb.
Maraqlıdır, digər qəzetlərin qiymətində artım gözlənilir?
Modern.az saytına açıqlama verən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov neftin qiymətinin aşağı düşməsi, dolların bahalaşması və siyasi rıçaqlarla süni şəkildə yaradılan böhrandan xalqımızın əl-ələ verərək çıxacağını deyib.
O, bildirib ki, bu cür hallar dünya praktikasında da müşahidə olunur:
“Bəzən müəyyən ölkələri sanksiyalar qoyub, blokadaya alaraq süni böhran vəziyyətinə salırlar. O zaman bəzi ölkələr bu vəziyyətdən güclənmiş formada çıxırlar. İqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə çalışırlar. Mən inanıram ki, biz də bu vəziyyətdən güclü çıxacağıq. Böhran şəraitində bəlkə də bəziləri üçün ən yaxşı çıxış yolu qiyməti qaldırmaqdır. Ancaq qiymət artımı vəziyyətdən çıxış yolu deyil. Bu baxımdan, biz ilk növbədə oxucularımızı nəzərə almalıyıq. Qiymət artımından sonra onlar bizim qəzetimizi oxuya biləcəklərmi, bu, onların büdcəsinə necə təsir edəcək? Bax, əsas məsələ budur. Digər tərəfdən, hərə öz məhsulunun qiymətini qaldırsa, xalqın vəziyyəti necə olacaq? Bu səbəbdən qiymət artımı vəziyyətdən çıxış yolu ola bilməz. Mövcud vəziyyətdən çıxış yolu üçün biz də müəyyən tədbirlər görürük, hətta, ixtisarlara başlamışıq, böhrana qarşı özümüzün fərdi qaydada görəcəyimiz tədbirlər var. Bu, müəyyən mənada redaksiya sirridir. Amma hər şəraitdə istəyirik ki, oxucuların vəziyyətini nəzərə alaq, onlarla hesablaşaq. Oxucular olmadıqdan sonra qəzet və ya sayt heç nəyə yaramır. Ona görə hesab edirəm ki, bütün qəzetlər qiymət artımı yolunu tutsa, bu, böyük səhv olar. Qarşıda hələ uzun müddət var və çalışmalıyıq ki, vəziyyətdən başqa çıxış yolu tapaq ”.
“525”ci qəzetin baş redaktoru Rəşad Məcid qəzetlərin qiymətinin artırmasının vəziyyətdən çıxış yolu olmadığını bildirib.
Onun sözlərinə görə, internet resurslarının geniş yayıldığı, hər cür informasiyanın əlçatan olduğu bir dövrdə qəzetin qiymətini qaldırmaq effekt verməz:
“İndiki şəraitdə qəzetlər əsasən gəliri satışdan əldə edirlər, reklam bazarı yoxdur. Əhalinin alıcılıq qabiliyyəti də aşağıdır. Bu mənada qiymət artımının tərəfdarı deyilik”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev manatın devalvasiyasının qəzetin işinə də təsir göstərdiyini etiraf edib: “Çap və mətbəə xərcləri xeyli artıb. Bu şəraitdə qiymət artımı zəruridir. Amma biz qiymət artımı haqqında düşünmürük. Yaranmış vəziyyətin başqa alternativlər vasitəsilə yoluna qoyulmasına çalışırıq. Hazırda bu istiqamətdə müzakirələr aparırıq və yaxın vaxtlarda “Kaspi” nin qiymətinin artacağı gözlənilmir ”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun fikrincə, manatın devalvasiyası qlobal hadisələr və neftin qiymətinin süni aşağı salınması ilə bağlıdır:
“Bu, daha çox siyasi qərardır. Neftin qiymətinin həddindən artıq aşağı salınmasının arxasında real iqtisadi səbəblər yoxdur. Dünyada baş verən qlobal hadisələr nəticəsində Azərbaycan manatı devalvasiyaya uğrayıb. Belə olduğu halda, baş verən hadisələr fonunda qiymət artımı normal qarşılanmalıdır. Burada əsas məsələ vətəndaşların dövlətə və öz milli valyutasına inamının olmasıdır. Düşünürəm ki, bu inam da mövcuddur. Azərbaycanın maliyyə məkanı kifayət qədər müstəqil və özü-özünü tənzimləyə biləcək bazardır. İnanıram ki, qısa müddətdə yaranan bu ajiotaja son qoyulacaq. Hesab edirəm ki, “Azadlıq” qəzeti və digərləri bu cür fikirlərlə maliyyə çaşqınlığı yaratmağa cəhd göstərirlər. Düşünürəm ki, bu doğru deyil. Qiymət artımı məsələdən çıxış yolu deyil. Manatın məzənnəsində artar, yaxud azala bilər, ancaq bu, təyinedici olmayacaq. İnanıram ki, manat öz sabit məzənnəsini tapacaq”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, ikinci devalvasiya çap mətbuatına da təsirsiz ötüşməyəcək: “Həm kağızın, həm mətbəə xərclərinin, həm də digər zəruri xərclərin qiymətinin artması olduqca ciddi məsələlərdir. Şübhəsiz ki, mövcud vəziyyət qəzetlərin işinə də mənfi təsir göstərəcək. Hərə vəziyyətdən bir cür çıxış yolu axtarır. Görünür, “Azadlıq” qəzeti də çıxış yolunu qiymətlərin qaldırılmasında görür. Düşünürəm ki, qiymətləri qaldırsaq belə, bu vəziyyətdən çıxış üçün o qədər də optimal variant deyil. İndi oxucuların alıcılıq qabiliyyəti o qədər yüksək səviyyədə deyil. Bu baxımdan qiymətin qaldırılması ilə qəzetlərin xərclərinin cüzi kompensasiyası mümkün ola bilər. Təbiidir ki, hər bir redaksiyanın özünün qərarı var. Biz də ilk növbədə nəşriyyatın qiymətlərdə necə dəyişiklik edəcəklərini gözləyirik. Bu barədə dəqiq bir informasiya olduqdan sonra hər hansı bir addım atacağıq, mövcud vəziyyətlə bağlı redaksiya daxili məsləhətləşmələrimiz olacaq”.
Vüsalə QƏZƏNFƏRQIZI