38 yaşlı Lerik rayon sakini Bakıya iş axtarmaq üçün gəlib. Bir müddət Ramana qəsəbəsində qohumlarıgildə qalan Fərman Məlikov iş tapmaq əvəzinə pul əldə etməyin daha asan yolunu seçib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, “Şuşa şəhərciyi” kimi tanınan ərazidə evlərin boş olduğuna əmin olan Fərman fərdi yaşayış evlərindən əlinə keçəni aparıb.
Əsasən, məişət əşyaları oğurlamağa üstünlük verən Fərmanın əməllərinin üstünü Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları açıblar. Saxlanılan şəxs ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun silsilə oğurluqları üzə çıxıb.
Məlum olub ki, Fərman Məlikov təkcə 12-ci Polis Bölməsinin ərazisində dörd evdən oğurluq edib. Bundan başqa, onun Lerik rayonunda oğurluq əməlinə görə polis tərəfindən axtarışa verildiyi də aşkarlanıb. O da üzə çıxıb ki, saxlanılan şəxs əvvəllər oğurluğa görə iki dəfə məhkumluq həyatı yaşayıb.
Bahalı daş-qaşla bəzədilmiş əşyalardan tutmuş məişət texnikası və paltarlara qədər əlinə keçəni oğurlayan Fərman Məlikov onların bir çoxunu sata bilib.
Fərman oğurluq hadisələrini ustalıqla həyata keçirib. Belə ki, o, daxil olduğu evlərdəki mebellərə müştəri tapıb və öz əmlakı kimi təqdm edib.
İki övlad atası olan Fərman Məlikovun əməlləri ilə bağlı cinayət işi başlanılıb və onu üçüncü dəfə məhbəs həyatı gözləyir.
Araşdırmalar davam etdirilir
Modern.az