Dünyada baş verən qlobal böhran, neftin qiymətinin aşağı düşməsi və s. ölkəmizə təsirsiz ötüşmür. Artıq bir sıra idarə və təşkilatlarda ixtisarlar aparılır, bir çox dövlət qurumlarının ləğvi isə gündəmdədir. Son günlər işçilərin ixtisarına görə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) öndə getdiyi bildirilir. Bu qurumda çilingər, qaynaqçı kimi müxtəlif peşə sahiblərinin attestasiyadan keçirilərək, daha sonra işə uyğun gəlmədikləri bəhanəsilə işdən çıxarılmalarını deputat Fuad Muradov da parlamentin son iclasında səsləndirmişdi.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Modern.az-a açıqlamasında bildirib ki, neft sektorunda ixtisarlar hələ 2011-ci ildən gedir. O qeyd edib ki, dəfələrlə məsələ qaldırılsa da, dövlət qurumları və icimaiyyət buna biganə qalıb.
“Düzdür bu gün ən çox ixtisar SOCAR-dadır. Çünki burada hasilat sürətlə aşağı düşür. Ümumiyyətlə, Azərbaycanda 2010-cu ildən hasilat aşağı düşməyə başlayıb. Hər kəs bunu indi görür. İxtisarlar müxtəlif üsullarla aparılır. Məsələn, SOCAR-da əksər şirkətlərin çoxunda ixtisarlar qeyri-qanuni bağlanmış müvəqqəti müqavilərlə, yəni müqavilə vaxtının bitməsi ilə əlaqədar olur. Dövlət qurumlarında işçi ilə işəgötürən arasında əmək müqaviləsi imzalanır. Əmək Məcəclləsinin 45-ci maddəsinin 4-cü bəndində qeyd edilib ki, işin daimi xarakterə malik olduğu əvvəlcədən bilinəndə müvəqəti müqavilə bağlamaq qadağandır. Buna baxmayaraq, onlar müvəqqəti müqavilə bağlayırlar, müqavilə vaxtı bitəndə işdən çıxarırlar və bəzən yerinə adam götürürlər. Eyni zamanda, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin də pozulması halları olur. İşçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsi 5 il davam edərsə, bundan sonra müqavilə daimiyə çevrilir. Lakin buna da əhəmiyyət verən yoxdur”.
Hüquq müdafiəçisi qeyd edib ki, işçilərin bir qismi müvəqqəti müqavilə, bir qismi struktur islahatları adı ilə çıxarılır.
“Bu, hələ davam edəcək. Çünki Azərbaycanda neft gəlirləri qeyri-neft sektorunun inkişafına xərclənmədi, sərmayə qoyulmadı. Dövlət Neft Şirkəti ölkənin ikinci büdcəsinə çevrilib, sərmayə qoya bilmədi, hasilatı qaldıra bilmədi.
Ümumiyyətlə, struktur islahatları aparılanda işçiləri testdən keçirirlər. İşçinin bilik və bacarığının yoxlanılması üzrə attestasiyadan keçirilməsi düzgün deyil. İşçini təhlükəsizliklə bağlı hər il attestasiyadan keçirirlər. Lakin buna görə işdən çıxarılma olmamalıdır. Ona vaxt verirlər, həmin vaxt ərzində adi təhlükəsizlik qaydalarını bilmirsə, o zaman işdən çıxara bilərlər, bu isə az hallarda olur”.
M.Qəhrəmanlı qeyd edib ki, nəinki SOCAR-da, başqa idarələrdə də işçilərin hüquq pozuntusu çoxdur.
“İllik hesabat hazırlayıram. Əgər pozuntu çox olmasaydı, 60-dan çox məhkəmə prosesimiz olmazdı”.
Aytən ZƏHRA