Modern.az

Ekspert Mərkəzi Bankın siyasətindəki yanlışlıqları AÇIQLADI - DETALLAR

Ekspert Mərkəzi Bankın siyasətindəki yanlışlıqları AÇIQLADI - DETALLAR

9 Yanvar 2016, 09:57

Yanvarın 8-dən etibarən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/-4 faiz məbləğində (xarici valyutanın alış məzənnədən maksimum 4 faizədək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4 faizədək yuxarı) müəyyən edilib.

İqtisadçı Samir Əliyev valyuta satışına 4 faizlik marjanın tətbiq edilməsini başda Mərkəzi Bank olmaqla hökumətin məzənnə siyasətinin yanlış olduğu iddiası ilə çıxış edib.

Modern.az saytının verdiyi xəbərə görə iqtisadçı bunu düzgün qurulmayan siyasətin nəticəsi hesab edib:

“Manat əvvəlcə dəyərini 35 faiz, sonra 48 faiz itirdi. Bu azmış kimi valyuta bazarında hökm sürən ajiotaj milli pulu daha 15 faiz (bu artım səviyyəsi müxtəlif banklarda fərqlidir) dəyərsizləşdirdi.

Devalvasiya prosesi hələ ki davam edir və bu, yekun deyil.

Hökumətin siyasətinin əsasını əvvəlcə “güclü manat güclü iqtisadiyyat” prinsipi təşkil etsə də, sonradan onu əlacsızlıqdan “valyuta ehtiyatlarını qorumaq” prinsipi əvəz etdi. Uzun müddət manatı qorumaq üçün ehtiyatların əhəmiyyətli hissəsi xərcləndi.

Mərkəzi Bankın ehtiyatının 70 faizini, Neft Fondu isə bir neçə milyard dolları manatı qorumağa sərf etdi. Nə istənilən nəticə əldə edildi, nə də ehtiyatları qorumaq mümkün oldu. Mərkəzi Bankın əsas səhvi ondan ibarət oldu ki, ilk devalvasiyadan sonra manatı yenidən saxlamağa və hətta bəzən cüzi də olsa bahalaşdırmağa üstünlük verdi. Halbuki fevral devalvasiyasından sonra manat tədricən ucuzlaşdırılmalı idi. Əgər ucuzlaşdırma tədricən aparılsaydı, dekabrdakı dəhşətli devalvasiyaya da ehtiyac qalmazdı və valyuta ehtiyatları indiki həddə düşməzdi. Onsuz da həmin dövrdə məzənnənin saxlanmasına rəğmən bank sektoru sürətlə dollarlaşırdı”.

Ekspert Mərkəzi Bankın üzən məzənnə siyasətinin tamamilə yanlış olduğunu deyib:

“Mərkəzi Bankın ikinci böyük səhvi üzən məzənnəyə keçmək oldu. Əvvəl də qeyd etdiyimiz kimi bunun adı üzən məzənnədir. Əslində isə devalvasiya bəhanəsi idi. Mövcud durum üzən məzənnəyə keçidə imkan vermir. Bunun fasadları ağır ola bilər və artıq onu görürük. Çünki ölkənin nə diversifikasiya olunmuş iqtisadiyyatı var, nə qiymətli kağızlar bazarı normal inkişaf edib, nə də strateji məhsulların idxaldan asılılığı aradan qalxıb. Tam üzən məzənnəyə keçid manatı dəfn etməyə bərabərdir. Deməli, tam idarəolunan üzən məzənnə siyasətindən söhbət gedə bilər.

Əsas bankın üçüncü səhvi də məhz sistemsiz idarəolunan üzən məzənnəyə keçid oldu. İlk addım kimi devalvasiyadan sonra 2 faizlik marja götürüldü. Nəticədə valyuta bazarında qarışıqlıq yarandı. Valyuta birjasının normal fəaliyyət göstərmədiyi, Mərkəzi Bankın isə bazarı zəruri həcmdə dollarla təmin etmədiyi bir vaxtda marjanın götürülməsi səhv addım idi. Yenidən marjanı bərpa etməklə (bu dəfə 4 faiz) baş requlyator 18 gün əvvəlki səhvini düzəltdi.

Bu addım fikrimcə, bazarda müəyyən sabitlik yaradacaq. Əlbəttə problemin həlli bunda deyil. Səbəb köklü problemdir. Bu addım da manatın ucuzlaşmasının qarşısını almayacaq, sadəcə qiymətlər arasındakı fərqi və bankların sui-istifadə addımlarını minimuma endirəcək. Ancaq devalvasiyanın qarşısını ala bilməyəcək.

Mərkəzi Bank əslində marjanı götürməklə dolların bahalaşması məsuliyyətini bankların üstünə atmışdı. Banklar isə bunu çox nizamsız və təhlükəli şəkildə həyata keçirtdi. Bu, gözlənilən idi. Çünki həm bazar buna hazır deyildi, həm də ajiotaj aradan qalxmamışdı. Marjanı bərpa etməklə Mərkəzi Bank məsuliyyəti yenidən üzərinə götürdü. Bundan sonra manatın ucuzlaşma ağırlığı rəsmi məzənnənin üzərində düşəcək.

Bundan sonra rəsmi məzənnənin gündəlik artımını müşahidə edəcəyik. Yumşaq devalvasiya davam edəcək. Banklar öz növbəsində dollar satışını məhdudlaşdıracaq. Hökumət isə manata inamın qaytarılması barədə düşünməlidir”.  

 Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama