“13 saylı Cəzaçəkmə Müəssisəsindəki durumla bağlı həyəcan təbili çalmaq lazımdır”.
Modern.az saytının verdiyi xəbərə görə bunu Müsavat başqanın həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu bildirib.
O qeyd edib:
“Belə ki, artıq məhbuslara yemək verə bilmirlər. Onsuz da keyfiyyətsiz olan yeməklərin yaxantıdan fərqi yoxdur.
Məhbuslar neçə gündür acdır. Adi çay belə vermək imkanları yoxdur. Həm bu soyuq havada çöldə saxlanırlar, həm də yağsız, duzsuz yemək verirlər. Bu məsələ ilə əlaqədar qurumlar hara baxırlar?!”
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytının soruğusuna cavab olaraq bildirilib ki, 13 saylı cəzaçəkmə müəssisəsində işıq və qazla bağlı problem yoxdur:
“Məhbusların saxlanıldıqları binalar istilik sistemi ilə təmin olunub və hətta işıq kəsildiyi halda, 30 saniyə ərzində həbsxanadakı generatorlar avtomatik işə düşür. Onların gündəlik qidalanması ilə bağlı deyilənlər isə tamamilə əsassızdır”.
Qeyd edək ki, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublu ilə yanaşı sabiq səhiyyə naziri Əli İnsanov, beynəlxalq təşkilatların siyasi məhbus saydığı, Anar Məmmədli, İlkin Rüstəmzadə, Fərəc Kərimli, Əbdül Əzimov, Pərviz Həşimli cəza çəkirlər.
Gülşən RAUFQIZI