Modern.az

Moris Meterlinkin “Korlar” pyesi: İnsan sığınacaqlardan qaçmağa tələsir...

Moris Meterlinkin “Korlar” pyesi: İnsan sığınacaqlardan qaçmağa tələsir...

11 Yanvar 2016, 10:48

 filologiya üzrə elmlər doktoru, professor

Yaxud İnsan – hər şey deməkdir – I yazı
   

Vaxtilə “İnsan sığınacaqlara doğru tələsir” adlı məqalə yazmışdım. İnsan dünyaya gəldiyi gündən ömrünün sonuna qədər sığınacaqlar axtarışında olduğunu qeyd etmişdim. Bunun insan həyatının fəlsəfəsində dayandığını söyləmişdim. Ancaq Moris Meterlinkin “Korlar” pyesini oxuyandan sonra belə bir qənaətə də gəlməli oldum: İnsan sığınacaqlardan da qaçmağa tələsir. “Korlar” pyesində bütün obrazlar, demək olar ki, kordur: birinci kor, ikinci, kor, üçüncü kor, ən qoca kor, beşinci kor, altıncı kor, ibadət edən üç kor qadın, ən qoca kor qadın, gənc kor qadın, dəli kor qadın. Pyesdə on iki kor obraz var. Bunların hər biri bu işıqlı dünyadan məhrumdur. Onlar nə ay işığını, nə günəş şüasını, nə də bir-birlərini görürlər. Dünya onlar üçün qaranlıqdan ibarətdir. Onlar üçün qaranlıq, kölgə, işıq – hər bir şey eynidir. Bu korlar bir-birini səsləri ilə seçib ayırırlar. Bir-birinin səsi ilə bilirlər ki, kim kimin yanında əyləşibdir. Dünyanı və bir-birini görməyən korlar məndə belə bir sual yaradır. Görəsən korlar yuxu görürlərmi? Görəsən korlar yuxuda bir-birini görürlərmi? Görəsən korların gözü yuxuda görürmü? Hər halda bu suallara cavab axtarmaqla yanaşı, pyesdəki beşinci korun belə bir fikri təsirli görünür: “Görməyənlərə yazığınız gəlsin!” Birinci kordoğulan isə deyir: “Bu mənasız sözləri kim dedi?” Bu zaman İkinci kordoğulan belə söyləyir: “Deyəsən, bu eşitməyən kəsdir”. Birinci kordoğulan Beşinci korun “Görməyənlərə yazığınız gəlsin!” fikrini acizanə xahiş hesab edir: “Bu cür acizanə xahişlərin vaxtı deyil”.

Korlar sığınacaqda nə qədər qala bilərlər?  Axı sığınacaqda qalmaq onları yorur. Heç nəyi görməyən korlar sığınacaqdan kənara çıxmaq istəyirlər. Bəlkə də onların sığınacaqdan kənara çıxmaları çörək, su dalınca getmələridir, çörək və su axtarışına çıxmalarıdır.


Bu korların görənlərdən bir fərqi də var. Görənlər hara getdiklərini yaxşı bilirlər. Xoşlarına gəlməyən yerlərə getmirlər. Ancaq korlar isə hara getdiklərini bilmirlər. Bilmirlər ki, getdikləri yer yaxşıdır, yoxsa pis. Bilmirlər ki, onları qarşıda nə gözləyə bilər. Ancaq sığınacaqda dayanmaq da onları bezdirir. Onlar sığınacaqdan gəzintiyə çıxmağı da xahiş etmirlər. Ona görə də dənizin səsi, suyun səsi və bir çox şeylər onlara yaddır. Onlar bəlkə də elə bilirlər ki, dənizdə, suda, dünyada nə varsa hamısı yatıbdır. Odur ki, Ən qoca kor deyir: “Dəniz, sanki, yatırmış, indi ayılıb”. Birinci kor doğulan isə deyir: “Gərək o, bizi buraya gətirməyəydi. Bu səsdən xoşum gəlmir”. Ən qoca kordoğulanın cavabı isə belədir: “Axı bilirsiniz ki, ada böyük deyil: sığınacaqdan kənara ayaq basan kimi dənizin uğultusu eşidilir”.

Korlar üçün dünya çox balacadır. Onlar elə hesab edirlər ki, əllərini uzatsalar əlləri hər yerə çatar.

Maraqlıdır ki, korların bir qismi kordoğulanlardır. Digərləri isə sonradan kor olan kordur. Heç şübhəsiz ki, sonradan kor olan korlar kordoğulanlardan fərqlənir. Sonradan kor olan korlar vaxtilə dünyanı görə bildikləri üçün gördüklərinin az qala tamarzısıdırlar. Ancaq kordoğulanlar anadan kordoğulduqlarına görə onlar görməyin nə olduğunu bilmirlər. Ona görə də kordoğulanlar sığınacaqdan kənara çıxmağı tam şəkildə tələbat kimi qəbul etmirlər. Axı onlar anadan kordoğulduqlarına görə həyatı bir rəngdə qəbul edirlər. Sonradan kor olanlardan fərqli olaraq həyatın rəngini bilmirlər. Odur ki, İkinci kordoğulan deyir: “Hə, axı biz gəzintiyə çıxarılmağı xahiş etməmişdik”. Üçüncü kordoğulan isə deyir: “Əvvəllər heç vaxt buralarda olmamışıq. O, nahaq yerə bizi belə uzaqlara gətirdi”. Bunlarla müqayisədə dünyanın, həyatın rənglərini vaxtilə görmüş Ən qoca kor qadın deyir: “Səhər elə yaxşı idi ki! O istəyirdi ki, nə qədər ki bizi sığınacağa salıb qapıları üzümüzə bağlamayıblar, sonuncu günəşli günlərin dadını çıxaraq”. Bilərəkdən, ya da bilməyərəkdən Birinci kordoğulan sığınacağı tərk etməməyə üstünlük verir. Əslində o, sığınacaqdan başqa heç nəyi görməmişdir. Heç sığınacağı da görmür. Axı anadan kor doğulubdur. Ona görə də o deyir: “Mən sığınacağı tərk etməməyi üstün tuturam!” O, elə hesab edir ki, dünyada baxmalı, görməli heç nə yoxdur. Həm də o, anadangəlmə kor olduğu üçün belə düşünür. Bunu Birinci kordoğulanın bu sözləri də təsdiq edir: “Sığınacağın divarlarının o üzündə baxmalı heç nə yoxdur”. Hətta kordoğulanlar həyatda harada olmalarından asılı olmayaraq həyatı mağaraya bənzədirlər. Məsələn, Birinci kordoğulan deyir: “Elə səslər gəlir, elə bil, mağaradayıq”. Ancaq gecəni, gündüzü, mağaranı... vaxtilə görmüş Ən qoca kor deyir: “Məncə, indi axşam olduğuna görə belə səslər gəlir”. Vaxtilə ulduzu, ayı, günəşi görmüş Gənc kor qadının “Mənə elə gəlir ki, əllərimdə ayın işığını hiss edirəm” fikri, Ən qoca korun “Deyəsən, ulduzlar çıxdı. Mən onları hiss edirəm” fikri bir daha təsdiq edir ki, anadan kor doğulanların hissiyyatı ilə, sonradan kor olanların hissiyyatı bir-birindən fərqlənir. Təsadüfi deyil ki, Birinci kordoğulan deyir: “Mən heç vaxt ulduzları hiss etməmişəm”. Yaxud Birinci kordoğulan kor hissiyyatlı doğulduğu üçün “Bu nə səsdir, başa düşmürəm. Mən geriyə, sığınacağa qayıtmaq istəyirəm” deyir. Kordoğulan üçün dünya başdan-başa kordur, həyat kordur, sığınacağın özü kordur. Məsələn, Birinci kordoğulan görün nə deyir: “Biz heç sığınacaqdan çıxmarıq. Mən heç çıxmamağı üstün tuturam”. Yaxud Üçüncü kordoğulan nə deyir: “O, niyə bizi günəşə çıxarır? Bizlərdən kim günəşi görür ki? Mən günorta, yaxud gecəyarısı gəzdiyimi heç vaxt kəsdirə bilmirəm”. Ancaq kordoğulanlardan fərqli olaraq sonradan kor olanlar görün nə deyirlər. Məsələn, Ən qoca kor: “Mən günəşi görmüşəm, lap gənc vaxtlarımda”. Yaxud Ən qoca kor qadın: “Mən də uzun illər bundan qabaq, onda lap uşaq idim, güclə xatırlayıram”. Altinci kor: “Mən günorta gəzməyi xoşlayıram. Bu vaxt gözümə parlaq işıq görünür və mənə elə gəlir ki, gözlərim indicə açılacaq”.

Beləliklə, anadan kordoğulanlar heç sığınacaqdan çıxmaq istəmirlər. Ancaq sonradan kor olanlar sığınacaqdan çıxmağı, həyatın vaxtilə gördükləri rəngini yenidən görməyi istəyirlər. Vaxtilə görənlər, yəni sonradan kor olanlar hissiyyatlarının köməyi ilə gördükləri yerlərdən keçəndə hər şeyi yada sala bilirlər. Məsələn, Altıncı korun dedikləri fikrimizi təsdiq edir: “Mən harada olduğumuzu anlamağa başlayıram... Sığınacaq böyük bir çayın sahilindədir; biz köhnə körpüdən keçdik. Bu yol bizi adanın şimal hissəsinə gətirib çıxardı. Biz çayın yaxınlığındayıq, diqqətlə qulaq assaq, bəlkə də, onu eşidə bilərik. O gəlib çıxmasa, oraya getmək lazımdır... Oradan gecə-gündüz gəmilər keçir, matroslar bizi görərlər. Bəlkə də, biz mayakın olduğu meşədəyik, ancaq mən buradan necə çıxmaq lazım olduğunu bilmirəm...”

“Korlar” pyesindəki fəlsəfi məqamlardan biri də korların heç birinin bir-birini görməməsidir. Artıq bu cəhətdən anadan kordoğulanlarla sonradan kor olanlar arasında heç bir fərq yoxdur. Onların hamısı kordur. Onlar bir-birini görə bilmirlər. Bir-birinin gözəlliyinə qiymət verə bilmirlər. Axı onlar kordur. Məsələn, Altıncı kor qadın Gənc kor qadına deyir: “Deyirlər, sən uzaq ölkələrdəki qadınlar kimi çox gözəlsən”. Gənc kor qadın isə cavab verir: “Mən özümü heç vaxt görməmişəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu