Modern.az

Diaspor gücümüz ürəkaçan deyil, komitə isə tərifləyir

Diaspor gücümüz ürəkaçan deyil, komitə isə tərifləyir

Qarabağ

11 Yanvar 2016, 12:01


Bu gün dünyanın müxtəlif ölkələrində ümumilikdə 460-dan çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bir çox halda müəyyən işlərdə onların aktivliyini hiss edirik, lakin bu, arzuolunan şəkildə deyil. Bəzən əksər hallarda diaspor təşkilatlarımızın gördüyü işlər o qədər də hiss olunmur.

Xüsusilə, müharibə vəziyyətində olduğumuz Ermənistan lobbisinin fəal təbliğatı qarşısında bizim diaspor nümayəndələrinin işi sönük görünür.

Ümumiyyətlə, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərın diaspor təşkilatlarımız nə qədər həmrəydilər? Onlar hansı ölkələrdə daha yaxşı işləyirlər?

Modern.az bu və digər suallara Diasporla İş üzrə Dövlət Komitəsindən cavab öyrənməyə çalışıblar.

Komitənin mətbuat xidmətində verilən məlumata görə, ayrı-ayrı ölkələrdəki azərbaycanlılar bir araya gəlməyə, birlikdə fəaliyyət göstərməyə, Azərbaycanın milli maraqlarını qorumaq naminə birləşməyə maraq göstərirlər.

“Təkcə 2015-ci il ərzində Azərbaycan diaspor təşkilatları tərəfindən 500-ə yaxın müxtəlif  mövzuda layihələr, tədbirlər həyata keçirilib. Azərbaycanlılar yaşadıqları ölkələrdə ölkəmizin milli maraqlarının müdafiəsilə bağlı olduqca maraqlı tədbirlər, görüşlər, aksiyalar təşkil edirlər. Tam əminliklə deyə bilərik ki, diaspor təşkilatları Azərbaycanın hər bir çağırışına cavab verməyə hazır və qadirdirlər. Azərbaycanlıların təşkilatlanma prosesi demək olar ki, başa çatıb. Biz indi daha çox soydaşlarımızın cəmiyyətə inteqrasiyasının sürətlənməsinə, ictimai-siyasi həyatda daha fəal iştirak etmələrinə diqqət yetiririk”.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, azərbaycanlıları birləşdirən azərbaycançılıq ideologiyası var.

“Bildiyiniz kimi, 2010-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik xartiyası qəbul olunub. Bu xartiyada Azərbaycan diasporunun əsas fəaliyyət istiqamətləri, prinsipləri qeyd olunub”. 

Komitədə diasporla bağlı problemlərin olduğunu inkar etmirlər. Ancaq bu problemlərin Azərbaycan diasporunun inkişafına mane olacaq səviyyədə olduğunu da düşünmürlər.

“Bəzi məsələlərə baxışlarda fikir ayrılıqları mövcuddur və bu da təbiidir. Diaspor canlı bir orqanizmdir. Müxtəlif insanları öz ətrafında birləşdirir. Müxtəlif insanların məsələlərə baxışları da onların dünyagörüşünə, təfəkkürünə, düşüncə tərzinə uyğun olaraq fərqlənə bilər. Əsas məsələ ondan ibarətdir ki, azərbaycanlılar hansı ölkədə yaşamasından asılı olmayaraq öz Vətəni qarşısında mənəvi məsuliyyətini dərk edir. Öz fəaliyyəti ilə Azərbaycana hansısa bir formada xidmət etməyə çalışır”.

Azərbaycanlıların həmrəy olması üçün başqalarını örnək götürməyə ehtiyacın olmadığını düşünən komitə rəsmiləri diaspor fəaliyyəti, lobbi quruculuğu baxımından beynəlxalq təcrübənin öyrənilməsini zəruri sayırlar.

“Bu sahədə bir çox xalqların təcrübəsi Azərbaycan diasporu ilə müqayisədə daha böyükdür. Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə başqa xalqların milli icmaları ilə əlaqələr qurur, onların imkanlarından öz fəaliyyətini gücləndirmək üçün faydalanmağa çalışır. Eyni zamanda, bir çox ölkələr var ki, orada Azərbaycan diasporunun imkanları daha genişdir, daha ciddi əlaqələri var. Təbii ki, Azərbaycana dost xalqların bu ölkədə fəaliyyət göstərən diaspor qurumları da azərbaycanlı icmasının təcrübəsindən yararlanır. Yəni, bu, qarşılıqlı əməkdaşlıq əsasında təcrübə mübadiləsidir, müasir dünyada isə belə əlaqələr olmadan uğur qazanmaq demək olar ki mümkün deyil”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu