Modern.az

İrandan heyvandarlıq məhsullarının gətirilməsi qadağan edildi

İrandan heyvandarlıq məhsullarının gətirilməsi qadağan edildi

11 Yanvar 2016, 17:43



İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov 11 yanvar 2016-cı il tarixində 01 saylı əmr imzalayıb.

Bu barədə Modern.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq  haqqında” Qanunun 8.1.7-ci maddəsini və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verdiyi bildirilir.

Bununla əlaqədar əmrdə həmin bölgədən və risk zonasına yaxın olan Arak, Kaşan və Tehran bölgələrindən də diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə İran İslam Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması qeyd edilir.

İran İslam Respublikasında baş vermiş dabaq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama