Türkiyənin Van bölgəsində ötən gün PKK terror təşkilatına qarşı aparılan və 12 terrorçunun öldürüldüyü əməliyyata etiraz edən 300 nəfərlə polis arasında qarşıdurma yaşanıb. Modern.az saytı müsavat.com-a istinadən xəbər verir ki, Van valiliyinə və hökumət binasına yaxınlaşmaq istəyən aksiyaçılara polis müdaxilə edib.
Beşyol Meydanında olan HDP binası qarşısında toplanan və oturaq aksiya keçirən etirazçılara görə polis ətrafda təhlükəsizlik tədbirləri görüb. Qrupun şüarlar səsləndirməsindən sonra isə polis prosesə müdaxilə etmək məcburiyyətində qalıb. Gözyaşardıcı qaz və su şırnağı ilə edilən müdaxilənin ardından oturaq aksiya keçirənlər ara küçələrə dağılıblar. Təxminən yarım saat davam edən qarşıdurmanın ardından 8 nəfər saxlanılıb.
Hadisə zamanı 4 nəfər yaralanıb. Onların gözyaşardıcı qazdan və su şırnağından xəsarət aldığı bildirilir.
Modern.az