Dolların bahalaşmasının ilk “qurbanı” yumurtalar oldu. Əksər azərbaycanlıların gündəlik qida rasionuna daxil olan yumurta ucuz və asan başa gələn, doyumcul ərzaq məhsulu sayılır. Məsələ burasındadır ki, manatın sonuncu devalvasiyasından əvvəl yumurtanın satışında süni qıtlıq yaradılmışdı. Ədədi 8-9 qəpiyə satılan bu məhsul dolların bahalaşmasından az sonra piştaxtalarda 18-19 qəpiyə “peyda oldu”.
İndinin özündə isə yumurtanı bəziləri az qala “zadəgan” qidası saymağa başlayıblar.
Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasında süni qiymət artımına qarşı mübarizənin sərtləşdirilməsi barədə göstərişlər verdi. Nədənsə dərhal hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədə daha çox ehtiyac duyulan və daha çox bahalaşmaya məruz qalan digər məhsullardan deyil, məhz yumurtadan başladılar...
Un, çörək, kartof, meyvə-tərəvəz, yağ, çay, şəkər tozu, ət, toyuq, dondurulmuş və təzə balıq, kolbasa-sosiska məhsullarının qiymətində ən azı 1 manat bahalaşma müşahidə edildiyi halda, niyə məhz yumurta?..
Belə çıxır ki, yumurtadan başlayan reydlər digər qidaların istehsalı ilə məşğul olan böyük istehsal müəssisələrinin kənarda qalması ilə nəticələnəcək. Hər halda baş verənlər belə deməyə əsas verir.
Yeri gəlmişkən, broyler müəssisələrinin istehsalı olan yumurtalarla yanaşı, fərdi təsərrüfatların satışa çıxardığı və hamının “kənd yumurtası” adlandırdığı yumurtanın da qiyməti avtomatik olaraq 15 qəpikdən 25-30 qəpiyə qalxıb.
Olmaya hüquq- mühafizə orqanları fərdi şəkildə yumurta istehsalı və satışını həyata keçirən insanlara qarşı da cinayət işi açacaq?..
İndi bu yerdə o məşhur məsələ yada düşür: toyuq birinci yaranıb, yoxsa yumurta... Əgər bütün “məsuliyyət” məhz yumurta satanların boynundadırsa, onda vay halımıza, Allah axırımızı xeyir eləsin...
Gülşən RAUFQIZI