Modern.az

“Neft Fondu 120 milyon dollar az satış həyata keçirib”

“Neft Fondu 120 milyon dollar az satış həyata keçirib”

İqtisadiyyat

14 Yanvar 2016, 11:54


“Neft Fondu yanvar ayının 13-də  32 banka ümumilikdə 200 milyon dollar satıb. Bazarı tam təmin etməsə də, indiki dövrdə Mərkəzi Banka böyük dəstəkdir”. Modern.az saytının məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib.

Bu haqda məlumatı şərh edən iqtisadçı deyib ki, orta hesabla hər banka 6,25 milyon dollar düşüb: “İlk baxışdan bank sektorunun 2/3-sinin dollar satışından yararlanması təsəvvürü yaranır. Əslində isə həmin vəsait əsasən 2 banka - Beynəlxaq bank və Paşa banka satılıb. Yerdə qalan banklara çox cüzi pay düşüb. Təəssüf ki, ölkə iqtisadiyyatındakı ayrı-seçkilik Neft Fondunun da fəaliyyətinə sirayət edib. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri də bir qayda olaraq məhdud sayda banka nəsib olur. Eyni banklar eyni mənbələrdən faydalanırlar”.

S.Əliyev satışa çıxarılan dolların həcmi ilə bağlı narazılığını ifadə edib:

“2016-cı ildə Neft Fondu dövlət büdcəsinə hər ay təxminən 320 milyon dollar transfer etməli olduğundan yanvarda həmin məbləği də satışa çıxartmalı idi.

Ancaq göründüyü kimi öhdəlikdən 120 milyon dollar az satış həyata keçirilib. Az ehtimal olunsa da, ola bilsin ay ərzində növbəti satış həyata keçirilsin. Ya da Fondun büdcə icrasında problem yarandığından öhdəliyini tam yerinə yetirməyə çətinlik çəkir və növbəti satış fevral ayına təsadüf edəcək. Deməli, manata təzyiqlər daha da artacaq”.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama