Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, Dövlət Baytarlıq Nəzarəti Xidməti ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir. DBNX-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatada bildirilib ki, daxil olan məlumat əsasında yanvarın 12-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Şərq massivində yerləşən "Zirvə" kolbasa məmulatları sexində reyd keçirilib.
Reyd nəticəsində mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmayan 675 kq toyuq farşı, 200 kq heyvan mənşəli farş , 450 kq toyuq filesi, 120 kq toyuq budu, 780 kq sümüksüz toyuq əti, 450 kq qarışıq toyuq əti, 49 kq toyuq qanadı aşkar olunub.
Mənşəyi məlum olmayan, sağlamlığı şübhə doğuran yuxarıda qeyd olunan məhsullardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan hüquqi və fiziki şəxslər barəsində ciddi inzibati tədbirlər davam etdiriləcək.
Gülşən RAUFQIZI