Modern.az

Azərbaycanda korrupsioner məmurların sayı açıqlandı

Azərbaycanda korrupsioner məmurların sayı açıqlandı

Ölkə

15 Yanvar 2016, 10:28

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarına dair hesabatını açıqlayıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2015-ci il ərzində baş idarə tərəfindən 460 cinayət işinin ibtidai istintaqı aparılıb. Bunlardan 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş Prokurorluq vasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb.

K. Əliyev qeyd edib ki, həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla bağlı olub.

O da qeyd olunub ki, hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. İstintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə 206 şəxs barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilib.

2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub.

İstintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə aidiyyəti müəssisə və təşkilatlara 49 təqdimat verilib, həmin təqdimatlara əsasən bir sıra əməkdaşlar intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib.



K. Əliyev bildirib ki, əməliyyat qurumları tərəfindən 31 şəxs barəsində 27 cinayət işi başlanıb. Keçirilmiş 14-ü əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 16 vəzifəli şəxs cinayət başında yaxalanıb, araşdırmalar nəticələrinə isə 15 şəxs barəsində 13 cinayət işi başlanıb.

Hesabat dövründə Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 138 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 51 material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 1 material isə aidiyyəti üzrə göndərilib. 

Bunlardan 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə, 66-sı dələduzluq, 32-si mənimsəmə, 12-si saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq, 14-ü isə digərləri ilə əlaqədar olub.

Aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və qeyd olunan qanun pozuntularına şərait yaradan halların gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 22 təqdimat göndərilib. 

2015-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, intizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili İşlər Nazirliyi üzrə 48,  Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəsi üzrə 1 və digər dövlət qurumları üzrə 35 olub.

K. Əliyev həmçinin bildirib ki, hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 7266 müraciət daxil olub, bunlardan 5820-si ilkin, 1446-sı təkrar müraciətlərdir.

Daxil olmuş 7266 müraciətin 5954-ü aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə 2100 müraciət üzrə qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib, 449-u Baş İdarədə, 833-ü isə prokurorluğun müvafiq struktur qurumlarında araşdırılıb.

2015-ci il ərzində “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Baş İdarədə 2614 vətəndaşın qəbul edilməsi təmin edilib ki, bunlardan 422-si Baş İdarə rəisi, 171-i Baş İdarənin idarə və şöbə rəisləri, 2021-i növbətçi prokurorlar tərəfindən qəbul olunub. 

K.Əliyev deyib ki, 2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165 iş maddi ziyanla bağlı olub.

O qeyd edib ki, həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manat və ya 25,1% ödənilib: “Belə ki, dövlət mülkiyyətinə vurulmuş 27 milyon 561 min manat ziyandan ibtidai araşdırma mərhələsində 4 milyon 805 min manat və ya 17,5%, xüsusi mülkiyyətə vurulmuş 116 milyon 313 min manat ziyandan ibtidai araşdırma mərhələsində 31 milyon 296 min manat və ya 27,0%, bələdiyyə mülkiyyətinə dəymiş 9 min 811 manat ziyandan ibtidai araşdırma mərhələsində 900 manat və ya 9,2%-in ödənilməsi təmin edilib”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi