Modern.az

“Gürcüstanın Rusiyadan qaz alması qısa müddətli olacaq”

“Gürcüstanın Rusiyadan qaz alması qısa müddətli olacaq”

İqtisadiyyat

15 Yanvar 2016, 11:25

Son günlər Gürcüstanın Azərbaycan qazından imtina etməsi məsələsi gündəmə gəlib. Gürcüstanın "Qazprom" və İranla gizli neft danışıqları aparması ciddi müzakirələrə səbəb olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az saytına deyib ki, yaranmış narahatlığa heç bir əsas yoxdur.

Ekspert bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Gürcüstan enegetika naziri Kaxa Kaladze ilə görüşün nəticələrinə əsasən dediyini bildirib:

“Məlumdur ki, Dövlət Neft Şirkətinin böyük bir nümayəndə heyəti Gürcüstanın baş naziri ilə danışıqları yekunlaşdırıb. Gürcüstan bazarının hansısa bir şəkildə itirilməsi məsələsini daha çox mətbuat gündəmə gətirdi.

Baxmayaraq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze bir neçə dəfə vurğulamışdı ki, söhbət yalnız Rusiya yaxud İranla tərəfdaşlıqdan deyil, Gürcüstanın artan tələbatı olan 300-400 milyon kubmetr qazdan gedir.

Hesab edirəm ki, bu görüş Azərbaycan və Gürcüstan arasında yaxın və uzaq perspektivdə qaz əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Dövlət Neft Şirkəti tərəfindən Rövnəq Abdullayevlə yanaşı böyük nümayəndə heyətinin getməsi görüşün əhəmiyyətinə dəlalət edir”. İ.Şaban deyib ki, Gürcüstan özü Azərbaycanla tərəfdaşlıqda maraqlıdır:

“Azərbaycanda 2018-ci ilin 2-ci yarısında "Şahdəniz" qazı hasil ediləcək. Bu qaz Gürcüstan üzərindən Türkiyəyə ötürüləcək. 2019-cu ildən həcmlər artacaq. Artandan sonra Gürcüstana tranzit həcmləri, kommersiya qazı çoxalacaq.

Qaz elə bir hasilatdır ki, onu benzin kimi daşımaq mümkün deyil. Qazın saxlanması dünyada ən çətin məsələdir. İstehlakçı nə vaxt istəsə, onu ancaq həmin vaxt çatdırmaq olur. Qazın saxlanması üçün fərdi şəraitə malik yeraltı qaz anbarları olmalıdır.

Türkiyə kimi böyük bir ölkədə yeraltı qaz anbarı yoxdur. Ona görə də bu məsələlər nəzərə alınaraq Gürcüstanın təqribən 2,5 milyard kubmetrlik bazarının 10 faizini ödəmək səviyyəsində yeraltı qaz anbarı tikilməsi nəzərdə tutulur.

Anbarın Kaxateyidakı köhnə neft yatağında reallaşdırılması məsələsinə baxılacaq. Bu layihə gerçəkləşdiyi zaman Dövlət Neft Şirkəti uzun müddətli bir dövr üçün qonşuluğunda olan ölkədə bir nömrəli söz sahibi olacaq”.

İ.Şaban eyni zamanda Gürcüstanın Rusiyadan qaz almasının qısa müddətli olacağını vurğulayıb: “2016-2018-ci il üçün qazın pik vaxtında Gürcüstanın ehtiyacları üçün defisit yaranır. O defisiti onlar Rusiyadan alacaqlar. Bunun üçün də danışıqlar aparılır. Kaxa Kaldze də onu qeyd etdi ki, "Şahdəniz" qazı hasil ediləndən sonra biz qazın defisit hissəsini Azərbaycandan əldə edəcəyik. Yəni, bu qısa müddətli dövr üçündür. Ona görə də narahat olmağa dəyməz”.  

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama