Modern.az

Baş redaktor: “Nuşirəvan Səfərov bizə “müharibə” elan etdi, biz də qəbul etdik”

Baş redaktor: “Nuşirəvan Səfərov bizə “müharibə” elan etdi, biz də qəbul etdik”

Media

15 Yanvar 2016, 12:51


Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyilə keçirilən prosesdə “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə əmək haqqının 15 faizinin dövlət nəfinə köçürülməsi ilə 1 il 6 ay islah işi cəzası kəsilib. 

Modern.az-a açıqlamasında Elnur Məhərrəmli məhkəmə hökmünün sifarişli olduğunu söyləyib: “Məhkəmə hökmü tamamilə əsassız və sifarişlidir. Bunun xüsusi sübuta ehtiyacı yoxdur, təkcə bir faktı qeyd etmək kifayətdir ki, alınan ekspert rəyində ekspertizanı həyata keçirən "alim" "özündənrazı", "kobud" kimi sözlərin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun şərəf və ləyaqətini ləkələdiyi, onu təhqir etdiyi barədə rəy verib. Hakim də bu absurd rəyi əsas götürərək hökm verdi. Halbuki, biz məhkəməyə iddialarımızı tam şəkildə sübut edən kifayət qədər maddi sübut təqdim etmişdik. Lakin biz belə bir hökmün olacağını gözləyirdik. Məhkəmə prosesləri zamanı hakim açıq şəkildə tərəf tutmağa başlamışdı. Bunda da təəccüblü birşey yoxdur. Təxmin etdiyimiz kimi, illərdir DYP-ni şəxsi kontoruna, qazanc mənbəyinə çevirən dəstə güclü çıxdı. Apellyasiya şikayəti verəcəyik və bundan sonra faktlar danışacaq. Azərbaycanda ən çox korrupsiyalaşmış idarələrdən birinin rəhbəri bizə “müharibə” elan etdi, biz də qəbul etdik”.

Elnur Məhərrəmli bidirib ki, bundan sonra qarşı tərəfin onlarla mübarizəsi asan olmayacaq: “50-60 min oxucusu olan bir saytla “müharibə” istəyirsə, biz buna hazırıq. Əmin olsun ki, bundan sonra onlara asan olmayacaq.
Amma mən ümid edirəm ki, Nuşirəvan Səfərov özündə güc taparaq ATV telekanalı, “Səs TV” kimi hökumətə yaxın media strukturları ilə də şərəf və ləyaqət davasına çıxacaq. Axı onlar DYP-yə qarşı bizdən də sərt ittihamlar irəli sürüblər. Yəqin ki, hörmətli, savadlı, özündənnarazı, mənəvi dünyası təmiz Nuşirəvan müəllim, ATV və “Səs TV”nin rəhbərlərinin də həbsini tələb edərək, şərəf və ləyaqət məsələsində ikili standarta yol vermədiyini nümayiş etdirəcək”.

Qeyd edək ki, E.Məhhərəmli Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərov tərəfindən məhkəməyə verilib.

BDYP rəisi saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib.

E.Məhərrəmli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi