Valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib. Modern.az xəbər verir ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqlara, onların sağlam, savadlı, vətənpərvər böyüməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Fond uşaq evləri, internat məktəbi sakinlərinin istirahətini də ən yüksək səviyyədə təşkil etməklə onların mənalı və eyni zamanda maraqlı əylənmələri üçün bütün lazımi tədbirləri görür. Yeni ildə Heydər Əliyev Fondu bu uşaqlara daha bir sürpriz edib. AZƏRTAC xəbər verir ki, müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla yola düşdülər. İstiqamət isə ölkəmizin ən gözəl məkanlarından biri sayılan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən “Şahdağ” Turizm Kompleksi olub. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin edib.
“Şahdağ” Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanıb. İkigünlük səyahət zamanı onlar kompleksin “Pik Palace Şahdağ” otelində yerləşdilər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyib. “Şahdağ” Turizm Kompleksinin uşaqlar üçün nəzərdə tutulan oyun meydançalarında balaca qonaqlar qarda gəzdilər, yamaclarda tübinq gəzintilərində iştirak ediblər.
Növbəti gün səhər tezdən duran uşaqları yenə də dağ yamaclarında maraqlı oyunlar gözləyib. Gecədən yağan qarın səhər güclənməsi balacaların sevincini daha da artırdı. Qartopu oynayan, xizəklə sürüşən uşaqların səs-küyü hər tərəfə yayılıb. Nahar süfrəsi arxası isə fidanları onların sevimli nağıl qəhrəmanları və klounlar səbirsizliklə gözləyib. Şən melodiyalar, rəqslər, oyunlar, uşaqların sevinc dolu alqışları tədbirə əsl bayram əhval-ruhiyyəsi gətirib.
Uşaq evlərinin sakinləri üçün “Şahdağ” Turizm Mərkəzində təşkil olunan maraqlı istirahət Fondun növbəti humanitar aksiyası kimi yaddaşlara yazılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu 2004-cü ildən “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublikada 30-dan çox uşaq evi və internat məktəbinin yenidənqurma və əsaslı təmirini həyata keçirib, ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitini əvəz edən yaşayış və məişət şəraiti yaradıb. Bu müəssisələrdə təhsilin səviyyəsini yüksəltmək, uşaqların istirahətini və sosial qayğılarını təmin etmək məqsədilə Fond davamlı olaraq layihələr həyata keçirir. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri nümunəvidir. Bu xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini dəfələrlə vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, müvafiq proqram çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinəti olan ali dəyərlərdəndir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla reallaşdıran Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.
Modern.az