“Uşaqlarda anadangəlmə ürək qüsurları təkcə ölkəmizin deyil, bütün dünyanın problemidir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvi, ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudov deyib. O qeyd edib ki, 2015-ci ildə 500-dən çox anadangəlmə, ağır ürək qüsurlarından əziyyət çəkən uşaq Bakının fərqli-fərqli mərkəzlərində dövlətin öz dəstəyi ilə əməliyyat olunub.
“Bu əməliyyatlar əsasən Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitunda və Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirilir. Heydər Əliyev Fondunun da dəstəyini aldığımız zaman bu əməliyyatlar intensiv şəkildə reallaşır”.
R.Mahmudov bildirib ki, ölkədə ortalama 800-1000-ə yaxın anadangəlmə ürək qüsurları ilə doğulan körpələrdə açıq ürək əməliyyatına ehtiyac var.
“Ehtiyac olan 800 nəfərin 500-ü artıq dövlət hesabına əməliyyat olunur. Onların digərlərinin çoxu öz maddi imkanlarına edirlər. Yaxın gələcəkdə icbari sığorta ilə birlikdə bu işin daha planlı, effektli şəkildə həll olunması gözlənilir. Həmçinin, Azərbaycan səhiyyəsinin bu sahəsinin inkişafı ilə əlaqədar çox ciddi planları var və bu planlar üzərində işlər gedir”.
Cərrahın sözlərinə görə, normalda anadangəlmə ürək qüsurlarından əziyyət çəkən uşaqlarda 40-a yaxın fərqli xəstə qrupu var.
“Dünyada anadangəlmə ürək qüsurundan əziyyət çəkənlərin 5 faizə yaxınına əfsuslar olsun ki, istər Avropa, istər Amerika tibbində də heç cür kömək etmək olmur. Olunan əməliyyatlar da bəlli bir zamandan sonra effektsiz qalır. Amma 95 faizinin müalicə oluna bilən xəstəliklərdir və buna görə də davamlı işlərin aparılması dövlətin borcudur”.
R.Mahmudov uşaqlarda müşahidə edilən anadangəlmə ürək qüsurlarının fərqli səbəbləri olduğunu deyib. Onun sözlərinə görə bunun 90 faizinin səbəbi bilinmir.
“Yaxın qohum evlilikləri, hamiləyin ilk 3 ayı, uyğun olmayan dərman preparatlarından istifadə və s. belə səbəblərdir. Amma 90 faizinin səbəbi bilinmir. Yaxşı tərəfi odur ki, normalda körpə ana bətnindəykən, 16-18-ci həftələrdə artıq diaqnoz qoyula bilir. Lakin bu belə, hamiləliyin sonlandırılmasına səbəb olmamalıdır. Ölkədə bu işlə əlaqədar insanların maarifləndirilməsinə ehtityac var. Çünki anadangəlmə ürək qüsurlarının 95 faizinin düzəlmə şansı var. Ana bətnindəykən tam diaqnozun qoyulması ilə o uşağı sonlandırmaq məncə dünyəvi və dini biliklər qarşısında səhv olan addımdır. Əlbəttə, bəzi xəstəliklər var ki, birmənalı bilinir ki, bugünki tibbin imkanları ilə gələcəkdə hansı müalicə gedərsə getsin tam düzəlmə imkanı yoxdur. Sadəcə əvvəlcədən planlamanın qurulması o uşağın həyatının gedişatı ilə əlaqədar qərarlar üçün önəmlidir. Ən mürəkkəb qüsurlarda belə, hamiləyin sonlandırılması qəbul olunmur, çünki tibbdə 5-10 il sonra hansi irəliləyişlərin olacağı və bu gün müalicə olunmayan xəstəliyin müalicəsinin tapılacağı ilə bağlı böyük ümidlər var. Bu ümidlərin olduğu yerdə hamiləyin sonlandırılması məncə yanlış addımdır”.
R.Mahmudov bu gün ölkədə həyata keçirilməsi mümkün olmayan ürək köçürmə əməliyyatlarından da danışıb.
“Xaricdə işlədiyim zamanı ürək köçürmə əməliyyatları tmişik. Amma ölkəmizdə ürək köçürülməsi ilə əlaqədar hələ əməliyyat olmayıb. Ürək köçürmə əməliyyatı ürəkdə tətbiq edilən əməliyyatlar içərisində ən ağırı deyil. Daha ağır əməliyyatlar olub. Ürək köçürmə əməliyyatı ürək əməliyyatları içərəsində orta ağırlıqdadır. Bütün məsələ orqanın verilməməsi və ölkədə donor probleminin olmasıdır və beyin ölümünə baxmayaraq cəmiyyətin buna hazır olmamasıdır. Qanunlarda problem yoxdur, cəmiyyət buna hazır deyil. Buna görə KİV vasitəsilə insanların maarifləndirilməsi lazımdır. Əsas önəmli faktorlardan biri budur. Çünki işlədiyim ölkələrdə dinindən asılı olmayaraq, donorluq tətbiq olunub. Din faktoru burada maneə ola bilməz. Sadəcə, sosial əngəllər var. Səhiyyə Nazirliyi bu istiqamətdə bəlli islahatlar həyata keçirir və bunun üzərində işlər gedir. Düşünürəm ki, yaxın gələcəkdə bizdə də ürək donorları olacaq”.
Aytən ZƏHRA