Yanvarın 16-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.
Modern.az xəbər verir ki, müşavirədə 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov 2016-cı ilin Azərbaycan üçün uğurlu olmasını arzulayıb.
YAP sədrinin müavini qeyd edib ki, 2015-ci ildə nəzərdə tutulan proqramlar ardıcıl surətdə yerinə yetirilib. Əli Əhmədov bildirib ki, ötən il ərzində Azərbaycanın müasirləşməsi, modernləşməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi istiqamətində uğurlu siyasət həyata keçirilib.
«2015-ci ilin mühüm hadisələrindən biridə parlament seçkiləri oldu. Bu seçkilərdə xalqımız bir daha Preziddent İlham Əliyevin siyasətinə səs verdi. Yeni Azərbaycan Partiyası mütəşəkkil qaydada seçki kampaniyası həyata keçirdi və qələbə qazandı. Seçki kampaniyasının uğurlu olmasında təbii ki, partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətinin də böyük rolu var. Seçki kampaniyasında yerli strukturlarımız səmərəli fəaliyyət göstərdilər, partiyamızın qələbəsi üçün fəadakarlıqla çalışdılar. İnanırıq ki, yerli strukturlarımız bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yeriən yetirmək üçün səylə çalışacaqlar»- deyə, YAP-ın Sədr müavini vurğulayıb.
Əli Əhmədov qarşıda duran vəzifələrlə əlaqədər partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edib.