Bu gün “Respublika” qəzetinin əməkdaşı küçədə müəmmalı şəkildə dünyasını dəyişib. Belə ki, Sabir Mustafayev günorta saatlarında Elmlər Akademiyasının inzibati binasının qarşısında qəfildən yıxılıb.
Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi güman olunur.
Amma mərhumun yaxınları 64 yaşlı jurnalistin döyülərək öldürüldüyü iddia edir. Mərhumun qardaşı Səxavət Mustafayev ANS TV-yə bildirib ki, Sabir Mustafayev ədavətdə olduğu şəxs tərəfindən öldürülüb.
Qeyd edək ki, Yasamal rayon prokuroru, eləcə də “Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiziasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.
Modern.az