filologiya üzrə elmlər doktoru, professor
Yaxud İnsan – hər şey deməkdir
Pyesdəki məqamlardan biri də “gözlərin əllərdən çox bilməsidir”. Yəni gözlər təkcə görmür, həm də bilir. Bu mənada Ən qoca kor deyir: “Bizim hamımız bir-birimizi heç vaxt görməmişik. Bir-birimizə sual verib, cavab alırıq; bir yerdə yaşayırıq, həmişə vaxtımızı bir yerdə keçiririk, amma kim olduğumuzu bilmirik!.. Boş yerə əllərimizlə bir-birimizə toxunuruq – istənilən halda gözlər əllərdən çox bilir...”
Pyesdə “Görmək nədir və nəyə lazımdır?” sualına da cavab var. Birincisi, görmək olmasa, işıq da lazım deyil. Məsələn, Birinci kordoğulan deyir: “Görməyən adamlara işıq lazım da deyil”. İkincisi, görmək olmasa, insanlar, heyvanlar yolu azarlar, itirərlər. Məsələn, Altıncı kor deyir: “Mən sığınacağın yaxınlığında qoyun otararkən qoyunlar qüllədəki işığı görüncə özləri evə dönürlər...Onlar bir dəfə də olsun yolu azmayıblar”. Üçüncüsü, görmək olmasa, sevmək olmaz. Məsələn, Ən qoca kor deyir: “Biz artıq uzun illərdir bir yerdə yaşayırıq və bir-birimizi heç vaxt görməmişik! Düşünmək olar ki, bizim hər birimiz tənha ömür sürürük!.. Sevmək üçün görmək lazımdır”.
Pyesdə “Bəs görəsən korlar nə vaxt görür” sualına da cavab axtarılır. Məsələn, Ən qoca kor deyir: “Mən yalnız yatanda görürəm”. Birinci kordoğulan deyir: “Mən yuxuları yalnız gecəyarısında görürəm...”
“Korlar” pyesində düşündürücü suallardan biri də korun, karın, yaxud da digər əlillərin hansının daha çox bədbəxt olması məsələsidir. Məsələn, Üçüncü kordoğulan ağır eşidən Beşinci kor barədə deyir: “Sözün açığı, korlar çox bədbəxtdirlər”.
“Korlar” pyesində düşündürücü bir məqam da var. Bu da odur ki, korlarda qorxu hissi, ümumiyyətlə qorxmaq varmı? Məsələn, Ən qoca kor qadın Dəli kor qadın barədə deyir: “O, uşaq doğandan bəri danışmır... Elə bil, hər şeydən qorxur...” Ən qoca kor isə deyir: “Bəs siz qorxmursunuzmu?” Bu zaman Birinci kordoğulan soruşur: “Kim?” Ən qoca kor deyir: “Siz hamınız!” Bu söhbət zamanı Ən qoca kor qadın deyir: “Hə, hə, biz qorxuruq!” Gənc kor qadın isə məsələyə belə müdaxilə edir: “Biz çoxdan qorxmağa başlamışıq!”
“Korlar” pyesinin əsas ideyası yenə də düşündürür. Düşündürür ki, hansı korlar sığınacaqdan qaçmağa tələsir, hansı korlar sığınacağa tələsir. Hər halda sığınacaqdan qaçmağa tələsən korlar vaxtilə görən korlardır. Onlar sonra kor olmuşlar. Ancaq sığınacağa tələsən korlar isə anadangəlmə korlardır. Onlar anadangəlmə kor olduqları üçün sığınacaqda qalmağı hər şeydən üstün tuturlar. Pyesdəki Birinci kordoğulanın dediyi kimi: “Biz yolu tapacağıq. O, məni dartır!.. O, məni dartır! Sevincindən özünə yer tapa bilmir!.. Onu saxlaya bilmirəm!.. Arxamca! Arxamca! Biz sığınacağa qayıdırıq!..”
Ancaq bir həqiqət də var. Sığınacaqdan qaçanları da, sığınacağa qaçanları da, anadan kordoğulanları da, sonradan kor olanları da bir sual həmişə və əbədi olaraq düşündürür: Aman Tanrım! İlahi! Bizim axırımız necə olacaq?
Bəlkə də kor olanlar kar olmadıqları üçün özlərini xoşbəxt sayırlar. Bəlkə də kar olanlar kor olmadıqları üçün özlərini xoşbəxt sayırlar. Hər halda kor olanlarda eşitmək hissiyyatı, kar olanlarda görmək hissiyyatı güclənir. Kor olanlar görmədiklərini eşitmək hesabına, kar olanlar isə görmək hesabına konpensasiya etmək istəyirlər. Odur ki, kor olanlar səs gələn tərəfə daha diqqətlə baxırlar. Kar olanlar isə gördüklərini daha çox eşitmək, dinləmək, hiss etmək, duymaq, anlamaq istəyirlər. Bu mənada Moris Meterlinkin “Korlar” pyesində Gənc kor qadın Birinci kordoğulanın addım səslərinə olan reaksiyası barədə belə deyir: “Addım səsləri gələn tərəfə!.. Baxın! Hamınız baxın! Mən onu bu tərəfə tuturam, o isə yenə də o tərəfə baxır... O görür! Görür! Görür!.. Görünür, nəsə qeyri-adi bir şey görüb!..” Bu zaman Ən qoca kor qadın irəli çıxaraq Birinci kor doğulan qadının uşağı yaxşı görə bilməsi üçün (halbuki kor necə görə bilər?!) deyir: “Onu bacardıqca yuxarı qaldır ki, yaxşı görə bilsin”. Deməli, yaşamaq uğrunda hər bir kəs mübarizə aparır. O cümlədən korla da, karlar da...
Bütün bunların hamısı həyatın reallıqlarıdır. İnsanların bir qisminin taleyidir, qismətidir. Bəli, sığınacaqlara doğru tələsənlər də, sığınacaqlardan qaçmağa tələsənlər də insandır. Moris Meterlinkin “Göy quş” pyesində İt obrazının dediyi kimi: “Səfeh!.. İnsan – hər şey deməkdir!.. Onun əmrinə müntəzir durmaq və bütün istəklərini yerinə yetirmək lazımdır!.. Həqiqət budur... Mən yalnız bunu qəbul edirəm!.. Yaşasın İnsan!.. İnsan naminə yaşamalı və ölməli!.. İnsan səcdəgahdır!..” (Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s.204).