Neçə gündür ki, çox narahatam. Qulağım da səsdə. Amma gözlədiyim xəbəri ala bilmirəm. Yox. Elə bilməyin ki, ZƏNG gözləyirəm. Səkkiz il yarımlıq evdar kişilik həyatıma son qoyub, vəzifəyə keçəcəyəm. Qıraqdan özümə baxa bilsəydim, mən də sizin kimi fikirləşərdim. Niyə də yox? Hazırın naziri olan icra başçılarına indiki ağır iqtisadi vəziyyətdə işləmək çətindir axı. Necə deyərlər, gərək işləyəsən. Neft isə çox ucuzlaşıb. Borudan dollar axıb gəlmir. Adam da kasıblayanda hörməti olmur axı... Rayon əhalisi üstünə xod gedir.
HAŞİYƏ: Nizami Xudiyev AzTV-yə sədr təyin olunanda kollektivi başına yığıb deyir ki, bəs efirə yeni verilişlər hazırlamalısınız. Baş redaktorlar yerbəyerdən səslənirlər ki, Nizami müəllim, yeni verilişlər hazırlamaq üçün 5-6 ay vaxt lazımdır. Onda Nizami müəllim nə cavab versə yaxşıdır: “Mən razı. Düz deyirsiniz. Yaradıcı adama yeni nəsə fikirləşmək üçün vaxt lazımdır. Onda siz 5-6 ay bundan qabaq fikirləşdiyiniz verilişləri bu gün üzə çıxarın. Mənim tapşırdığımı isə 5-6 aydan sonra təqdim edərsiniz” (SON)
İndi camaat da gəlib dayanıb icra başçısının qabağında. Yox, daha doğrusu, icra başçısı çıxıb xalqın qabağına. Və hər vəhclə bu xalqı başa salmağa çalışır ki, “vallah, bahalaşma mənlik deyil. Bu, ümumdünya bəlasıdır”. Xalq da Nizami Xudiyevsayağı cavab verir ki, sən neft 150 dollar olan vaxtı yığdıqlarını xərclə, bu nağıla 5-6 aydan sonra qayıdarıq. Vallah, yazığım gəlir icra başçılarına. İmkanları olsa, baş götürüb qaçarlar. Amma bacarmırlar. Sərəncamdan asılıdırlar. Yığdıqlarını isə xərcləsələr, nəvə, nəticə, kötükcələri ac qalacaq.
Ona görə də siz “qulağım səsdədir” sözümü başqa yerə yoxmayın. Elə bilməyin ki, Azərbaycanda Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov variantı oynanılacaq. Nədir bu oyun? Gəlin sizə də ərz edim.
Sovet dağılanda Azərbaycanın rayonlarında qeyri-sabitlik hökm sürürdü. Raykom katiblərinin, indiki dildə desək icra başçılarının hörməti sıfıra düşmüşdü. Elə raykomun (İcra Hakimiyyətinin) qabağında mitinq keçirib, I katibin (icra başçısının) üzünə söyürdülər. Raykom katibi də cürət edib mitinqə çıxa bilmirdi. Elə kabinetinin pəncərəsindən mitinqi seyr edirdi. Bunu görən mərkəz başladı bu raykom katiblərini Mərkəzi Komitə sistemində uzun illər işləyən, amma bir qəpik də rüşvət almayan, təmiz insanlarla əvəz etməyə. Mən şəxsən tanıdığım belə adamlar atamın dostları Vəli Məmmədov, Xeyrulla Əliyev idi. Vəli Məmmədovu keçmiş 26-lar, indiki Səbail rayonuna, Xeyrulla Əliyevi isə Cəlilabada raykom katibi göndərdilər. Xeyrulla müəllim də əslən Cəlilabaddan, təmiz adam... rayona çatan kimi gedir girir mitinqçilərin arasına ki, bəs “Bakıdan məni göndəriblər. Hər şey yaxşı olacaq. Əl-ələ verib bu ağır vəziyyətdən çıxacağıq. Mən də təmiz adamam. Ömründə bir qəpik də rüşvət almamışam”. Elə axırıncı sözü deyib, nöqtəsin qoyan kimi, mitinqçilərdən biri “Rüşvət almamısan, indi alıb altını doldurarsan” deyib, hücum çəkir Xeyrulla müəllimin üstünə. Xeyrulla müəllimi də tez maşına otuzdurub çatdırırlar Bakıdakı xəstəxanalardan birinə.
İndi ən yeni tariximizi yaxşı bilən biri kimi, elə bilirsiniz ki, hərifəm? Hərif öz yerində, özü də ki, keçələm. Keçəl isə suya getməz deyirlər. İstəyirsiniz ki, Qubaya icra başçısı gedim, əhali də başımı yarıb qaytarsın Bakıya? Heç vaxt. Bir də ki, əhali özü də köhnə başçılarını göz bəbəyi kimi qoruyub, rayondan çıxmağa qoymaz. Köhnələrin mədəsində qusmağa nəsə bir şey var. Mən mədəsi boşu neyləyəcəklər ki? Özüm adam axtarıram ki...
Nə isə. Mövzudan çox kənara çıxdım. Qayıdım mövzuya. Yəni ki, yazımın adında qeyd olunan insanlara – Abel Məhərrəmovla Vüsalə Mahirqızına. İxtisasca, cəmiyyətdə tutduqları mövqelərə görə tam başqa adamdırlar. Abel müəllimi şəxsən tanıyıram. Vüsalə Mahirqızını da bir dəfə görmüşəm. Yəqin ki, təqdimata ehtiyac yoxdur. Yox! Var! Röya, Aygün Kazımova, Elgiz, Mikayıl olsaydı ehtiyac olmazdı. Onları bütün xalq tanıyır. Bu insanlar isə elm, bilik, yazı-pozu adamlarıdır. Abel Məhərrəmov akademik, rektor, əməkdar elm xadimi............ Vüsalə Mahirqızı isə “APA Holding”in rəhbəri, el dilində desək media maqnatıdır. Elə bilməyin ki, mənim qızımdır. Sadəcə atasının adaşıyam. Yəqin ki, qəhrəmanlarım bir-birilərini tanıyırlar. Bəlkə də şəxsən, bəlkə də qiyabi. Ola bilsin ki, bir-birilərinə hörmətləri var. Ola da bilsin ki, bir-birilərindən zəhlələri gedir. Yazını oxuyandan sonra ilişməyə cümlə tapmasalar da “Mahir, yaxşı yazıdır e... Amma gərək malı mala qatmayaydın” el misalından istifadə edib, mənə bir ƏMMA da qoyacaqlar. Amma bir “Əmma” da var ki, mən yazanda belə şeyləri fikirləşmirəm. Fikirləşsəm gərək heç nə yazmayıb.
Bu mənim yazımın mıs-mısının girişi. Keçirəm mıs-mısa.
MIS-MIS
Müstəqilliyin ilk illəriydi. Müharibə, daxili çəkişmələr və sairə, ilaxır. Tarixə geniş ekskurs etmək istəmirəm. Mən də dördbaş ailənin başçısı idim. 25 yaşım vardı. İş tapa bilmirdim. Yazıçılar İttifaqının “Dədə Qorqud Ensiklopediyası”ndan ixtisara düşmüşdüm. Atamın Əlican Əliyev adlı bir dostu vardı. “Gənclik” nəşriyyatının baş redaktoru idi. Oğlu Qoşqar və qızı Sevdayla həm məktəbdə, həm də universitetdə bir yerdə oxumuşdum. Atam mənim işsiz olduğumu ona deyir. O da telefonu götürüb zəng edir bir dostuna. Sonra gedirlər yanına. Bir də gördüm ki, atam sevincək gəldi evə. Ki, “səninçün Əlican əmin iş tapıb. Xırdalandakı Bakı Süd Kombinatında işləyəcəksən. Özü də “otdelkadr””. Mənim üçün yeni söz idi kadrlar şöbəsinin inspektoru vəzifəsi. Bir qram təsəvvürüm yox idi. Maaşı da az. Amma məcbur idim.
Xülasə məni götürdülər işə. Həmin şöbədə ziyalı bir rus qadını işləyirdi. Azərbaycanca sənədləşməyə keçdiyindən çox çətinlik çəkirdi. Azərbaycan dili rus dilini sığışdırıb meydandan çıxarmışdı. Mən isə dili bilsəm də, qanunlardan xəbərsiz idim. Rus qadın isə 40 il bu sahədə çalışmışdı. Bir də gördüm ki, ağlayır. Əvvəl başa düşmədim. Kadrlar və iqtisadiyyat şöbəsinin rəisi İsmayıl Mahmudoviç mənə izah etdi ki, “bəs rusdur. Elə bilir ki, sənə görə onu işdən çıxaracağıq. O da ac qalacaq. Amma direktor Feyzulla Cəlilov onu daha çox maaş alsın deyə, qatıq sexinə butulka yuyan təyin edib. Adı orda gedir, özü isə kadrlar şöbəsində olacaq. Çox bilikli insandır. Öyrən ondan hər şeyi”.
Beləcə başladım öyrənməyə. Rus qadında da müəllimlik qabiliyyəti yüksək idi. Hər şeyi öyrəndim. Amma bezdirici günlərim başladı. Hər ayın əvvəli gedirdim sex rəislərinin yanına. Onlar mənə siyahı verirdilər. Mən də hər ayın əvvəli həmin işçiləri yanıma çağırıb, ərizələrini alırdım. Öz hesablarına məzuniyyətə buraxırdım. 300 işçidən 150-si ayaşırı pulu ödənilməyən məzuniyyətə çıxırdılar. Ərizədə öz xahişlərinə əsasən yazırdılar. Amma əslində biz məcbur edirdik. Çünki kombinat tam gücüylə işləmirdi. Bu əmrləri də çap makinasında bir-bir yazmaq, qol çəkdirmək əziyyəti mənim üzərimə düşürdü. Axırda bezdim. Direktora dedim ki, “camaatı niyə bugünə qoyursuz? Ya işdən çıxarın, gedib özlərinə gün ağlasınlar. Ya da maaşlarını bütöv verin qoy işləsinlər də...”.
Feyzulla müəllim bu sözümə görə məni otağından qova da bilərdi. Amma çox təmkinlə “Mahir, bu insanlar 20-30 ildir ki, burda işləyirlər. Doğmalaşıblar. Başqa gedəsi yerləri də yox. Mən də çıxartsam gedib acından öləcəklər. Az da olsa, heç olmasa uşağıyçın süddən, kəsmikdən, qatıqdan oğurlayıb apara bilirlər. Göz yumuram bu hallara. Maaş almasalar belə, dolanırlar. İndi müvəqqəti çətinlikdir. Heç olmasa adları işdə gedir”.
HAŞİYƏ: Kombinatın həyətində iş yoldaşımla söhbət edirdim. Bir hörmətli aktyor, xalq artistimiz həyətə girdi. Bizə yaxınlaşıb salam verdi. Utana-utana:
- Dostum xəstəxanada yatır. Ürəyi kəsmik istədi. Mağazalar da bomboş. Minib avtobusa gəldim bura. Mümkündürsə, puluyla 200 qram kəsmik təşkil edərdiniz mənimçün.
Yanımdakı iş yoldaşım sex rəisi idi. Tez gedib xüsusi sellofan kulyokda bir kiloqram kəsmik gətirib verdi aktyora. O, pul uzatsa da götürmədi. Artist də dua edə-edə getdi. (SON)
Müstəqilliyin ilk illəri olsa da, sovetin İNSAN qanunları işləyirdi. Müəssisə rəhbəri öz işçilərinə doğması kimi yanaşırdı. İxtisar aparıb, əldə olunan pulu müxtəlif vasitələrlə silərək cibinə də qoya bilərdi. Amma etmirdi. Sonra işçilərimizin bir çoxu alverə qurşandı. Ərizələrini yazıb işdən azad olundular. Sonda isə kombinat tamam bağlandı. Sonra özəlləşdi. Yerində meyvə şirəsi zavodu açıldı. Yox, elə bilməyin ki, meyvə tədarük edib şirə istehsal edirdilər. Əsla. Şirənin cövhəri kanıstrlarla xaricdən gəlirdi. Şüşə qablar da xaricdən gəlirdi. Sahibkar da ümumi su borusundan zavodun sexlərinə xətt çəkdirmişdi. Siropdan butulkalara tökür, üstünə krantdan su əlavə edirdilər. Olurdu 100 faiz meyvə şirəsi. Sırıyırdılar camaata. Hətta qazlı su da buraxırdılar.
ABEL MƏHƏRRƏMOV
Elə hey sübut etməyə çalışırlar ki, qayıtmışıq 90-cı illərə. Düz demirlər. Qayıtmamışıq. Qayıtsaq şad olaram. Ən azı itirdiyimiz insanlığı bərpa etməyimiz baxımdan. 90-cı illərə qayıda bilərik, yalnız neftin qiymətinə, inflyasiya səviyyəsinə, bahalaşmağa görə. O da nə vaxtsa. Amma bugünə yenə min şükür. O səviyyəyə düşməmişik. Düşmərik də inşallah.
Abel Məhərrəmov bir rektor, təhsil ocağının rəhbəri kimi son bir ildə iki dəfə maaşları artırdı. Çoxdur-azdır deyə bilmərəm. Məncə lap qaydasındadır. Amma söhbət artımın məbləğində deyil. Bir ifadə var: “Atalıq qayğısı”.
BDU çox qəliz bir təhsil ocağıdır. Orda Abel müəllim yek akademik deyil. Akademik Abel Məhərrəmov akademiklərin, professorların, dosentlərin, baş müəllimlərin, lobarantların, aspirantların rəhbəri, rektorudur. Sayı minlərlə ölçülən bir ailənin başçısıdır.
HAŞİYƏ: Müstəqillik dövründə yeni seçilmiş Parlamentin ilk iclasına hazırlıq gedir. Ən yaşlı deputat olan Xalq yazıçısı İsmayıl Şıxlını dəvət edirlər ki, bəs ilk iclası siz aparmalısınız. Ta yeni sədr seçilənə qədər. O isə razı olmur. (Onda indiki kimi deyildi. Hərəsinin ağzından bir avaz gəlirdi) Nə qədər deyirlər, razı sala bilmirlər onu. Onda yazıçıya bir sualla müraciət edirlər:
- İsmayıl müəllim, siz Yazıçılar İttifaqının rəhbəri olmusunuz. Neçə üzvü vardı oranın?
- Min nəfər.
- Neçə illər min nəfər “kapriznı” yazıçıya rəhbərlik etmisiniz. İndi neujeli bir saat 124 deputata rəhbərlik edə bilməyəcəksiniz? Hə?
İsmayıl əmi bu sözün qarşısında naəlac qalıb ilk iclası aparmağa razılıq verir. (SON)
İqtisadi sabitlik dövründə hər hansı addım atmaq asandır. Amma böhran vəziyyətində, qanunun ixtisar tələbinə məhəl qoymamağın özü də müsbət hal sayılmalıdır. Amma belə bir vəziyyətdə üçminlik bir kollektivin keçən ilin və bu ilin əvvələrlində maaşlarını artırmaq... Abel müəllim tərifə yox, ALQIŞA layiqdir.
VÜSALƏ MAHİRQIZI
Böhran mətbuatımızı da vurub. İxtisarlar öz yerində, maaş artımından heç söz də gedə bilməz. “Yüz yeyənin olsun, bir deyənin olmasın” misalını üstün tutanlar və ya jurnalistlərimizi çox sevən insanlar ciblərinin ağızlarını bərk-bərk tikiblər. Amma istisna insanlar da var.
Fərid Azəri və Ayxan Ayvaz adlı gənc jurnalistlərimiz var. Fərid Azərini mən yazılarına görə tanımıram. Ona fanatik insan kimi hörmət edirəm. Televiziyanı çox sevir. Özündən yaşlı jurnalistləri özünə müəllim bilir. Təmiz qəlbli insandır. Onu tanıyanı belə bir fikir formalaşıb məndə. “Heç maaş almasın. Amma televiziyada çalışsın. Ordakı insanlarla təmasda olsun”. Bu yaxınlarda “Xətai” metrostansiyasından çıxanda gördüm ki, operatorla dayanıb camaatdan müsahibə alır. Yaxınlaşdım. Görüşdük. APA TV-nin mikrafonunu fəxrlə tutmuşdu. Yeni işini təbrik elədim. Sevincindən uçurdu. Həmən telefonunun kamerasını açıb operatora verib “Mahir müəllimlə mənim şəklimi çək” dedi. Sonra mikrafonu mənə tutub ona tapşırılan mövzuyla bağlı sual verdi. 12 il televiziyada işləyən bir adam kimi bu, mənimçün adi bir şey idi. O qədər müsahibə almışdım ki, lap bezmişdim. Amma Fərid Azəriyə baxanda lap paxıllığım tutdu. Onun televiziyamıza olan sevgisinin fonunda mənim 12 illik telejurnalistika fəaliyyətim çox cılız və sönük görünürdü.
Ayxan Ayvazı isə cəmi bir dəfə görmüşəm. Çox da yaxşı təsir bağışlamamışdı mənə. Əlbəttə ki, özü yox, “Beş barmaq” verilişində irəli sürdüyü fikirlər. Bu yaxında çox kövrək notlarla əhatə olunmuş bir müraciət yaymışdı. Yazının məğzi bu idi ki, iş axtarır. O gün eşidirəm ki, Lent.az-da işə götürüblər onu.
Vüsalə Mahirqızının rəhbərlik etdiyi “APA Holding”də işləyənlərin çoxunu yaxşı tanıyıram. Jurnalistikamızın professional nümayəndələridir. Özü də xaraktercə də çətin adamlardır. İndividual yanaşma tələb edirlər. Burda qəribə heç nə yoxdur. Yaradıcı insana xas xüsusiyyətdir bütün bunlar. Onları qiymətləndirən və bir yerə toplayan adam isə Vüsalə Mahirqızıdır. Təqribən bir il bundan əvvəl tabeliyində olan bir neçə sayt bağlansa belə, işçilərini çölə atmadı. Amma onun haqqında bu yazını o vaxt yazmadım. Çünki iqtisadi böhran təzəcə başlamışdı. Bunu təbii qəbul etdim. Amma bu gün, hətta varlı təşkilatlarda ixtisar xəbərlərinin gəldiyi bir dövrdə Fərid Azəriylə Ayxan Ayvazı işə götürməsi məni təsirləndirdi.
SON
Bu yazının adını “Abel Məhərrəmov və Vüsalə Mahirqızı nümunəsi” də qoya bilərdim. Amma qoymadım. Çünki bu boyda respublikada iki nümunəni dilə gətirmək mənimçün çox ağırdır. Elə hey qulağım səsdədir. Gözləyirəm ki, görən kimsə də heç nümunə götürmədən, içindən gəlmək şərtiylə işçilərinin maaşını qaldıracaqmı? Çətin vəziyyətə düşən bir-iki nəfərə kömək edəcəkmi? Pionerlər var. Abel Məhərrəmov və Vüsalə Mahirqızı kimi. Əgər bacarmasalar... Heç olmasa ixtisara salmasınlar. Mənim nə vaxtsa işlədiyim Bakı Süd Kombinatının direktoru Feyzulla Cəlilov kimi.