Manatın 2-ci dəfə devalvasiyaya uğramasından sonra demək olar ki, xaricdən ölkəmizə gətirilən məhsulların, xüsusuən də ərzaq mallarının qiymətində ciddi şəkildə artım müşahidə olundu.
Vəziyyətdən sui-istifadə edib bəzi işbazlar yerli istehsal olan məhsulları da bahalaşdırdılar. İndi Azərbaycanda istehsal olunan kolbasa və sosislər, yağ, qənd, şəkər tozu, çay, hətta əl salfetləri belə, əvvəlki qiymətə satılmır.
Görəsən bu gün insanlar mövcud durumda özlərinin aylıq gəlirlərinə və büdcələrinə uyğun olaraq gündəlik qidalanmada daha çox hansı mıhsullardan, yeməklərdən istifadə edə bilərlər ? Yəni həm ucuz və keyfiyyətli, həm də sağlam qidalanmaq üçün…
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bu barədə danışarkən indiki vəziyyətdə daha çox kənd təsərrüfatı bitkilərinə üstünlük verməyin vacib olduğunu bildirib: “İnsanlar indiki vəziyyətdə həm ekoloji təmiz, həm də sağlamlıq üçün təhlükə törətməyən ucuz kənd təsərüffatı mallarından istifadə edə bilərlər. Turp, göyərti və yumurtayla qızardılmış, kartofla qarışdırılmış qidalar həm xeyirlidir, həm də ki, ailə büdcələrinə uyğun gələ bilər. Artıq unun qiymətində sabitik yarandığı üçün təbii ki, xəmirdən hazırlanmış makaron, vermeşil kimi qida məhsullarından da istifadə edə bilərlər”.
AİB sədri balıq, toyuq məhsullarından da istifadənin mümkünlüyünü , lakin əti əvəz edən soya adlı bitkinin çox qorxulu və təhlükəli olduğunu xüsusi vurğulayıb: “Ailə büdcələrinə uyğun olaraq ətin qiymətində ciddi dəyişiklik olmayıb, bu yaxşıdır. Həmçinin toyuq və balıqdan da istifadə edə bilərlər. Çünki onların qiymətində elə artım olmayıb. Əti əvəz edən soya bitkisindən birmənalı şəkildə uzaq olsunlar. Çünki soya geni modifikasiya olunmuş qida məhsuludur. Soyanın yağından, pendirindən, soyanın südündən uzaq olsunlar”.
Ağa AKİFOĞLU