Modern.az

Neftin son 25 ildəki qiymət dəyişmələri

Neftin son 25 ildəki qiymət dəyişmələri

İqtisadiyyat

18 Yanvar 2016, 15:15


Bü gün dünyada baş verən siyasi proseslərin təsiri nəticəsində iqtisadi böhranın yaradılmasında əsas “silah” olaraq neftdən istifadə edilməsi iqtisadiyyatı neftlə bağlı olan bir çox ölkələrə daha ağır təsir göstərir. Neftin qiyməti Azərbaycan üçün də əhəmiyyətli olduğundan gələcək prosesləri hamı həyacanla izləyir. İqtisadiyyata böyük təsiri olan neftin qiymətindəki ucuzlaşma siyasi proseslərlə bağlı olduğu üçün onun gələcək taleyini proqnozlaşdırmaq çətin olsa da, son 25 ildə siyasi və iqtisadi səbəblərdən neftin qiymətində baş verən dəyişmələrə nəzər salmaq maraqlı olar.

Ötən əsrin 90-cı illərinə qədər Brent markalı xam neftin qiyməti (beynəlxalq bazarda neftin dəyərini müəyyən etmək üçün bu marka əsas götürülür) 15-18 ABŞ dolları olmaqla sabit qalıb. Yalnız 1990-cı ildə İraqın Küveytə hucum etməsi və məlum “Səhrada fırtına” əməliyyatları zamanı neftin qiyməti iyuldan oktyabara qədər 15 dollardan 41 dollara qədər qalxıb. Əməliyyatdan sonra tədricən vəziyyət sakitləşib və 1991-ci ilin fevralında barelin qiyməti 17-18 dollar səviyyəsinə geriləyib və uzun illər bu vəziyyət davam edib.

1998-ci ildə baş verən Asiya maliyyə böhranı yenidən neft bazarına təsirini göstərdi və dekabr ayında barelin qiyməti son 30 ilin ən aşağı həddinə düşüb- 9,1 ABŞ dolları.

1999-cu ilin martında qiymətlər yenidən 15-20 dollar səviyyəsinə qalxıb. Sonrakı ilyarımda neftin qiyməti stabil olaraq qalxmağa başlayıb və 2000-ci ilin noyabrında 34 dollara çatıb. İl ərzində orta qiymət isə 28-29 dollar arasında dəyişib. 

2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra neft yenidən 18 dollara qədər ucuzlaşıb.

2002-ci ildən etibarən isə neftin “ağ günləri” başlayıb. Belə ki, qiymət sürətlə və davamlı olaraq artıb. Bunun əsas səbəbi isə ABŞ və Böyük Britaniyanın İraqa hücumu, Meksika, Böyük Britaniya və İndoneziyada neft istehlakının azalması, Fars körfəzində neft ehtiyatlarının azalması və eyni zamanda dünya üzrə neftə tələbatın artması idi. 

Davamlı qiymət artımı nəticəsində 29 fevral 2008 tarixində ilk dəfə Brent markalı xam neftin qiyməti 100 dolları aşıb. Həmin ilin iyun ayında İsrailin İrana hücum edəcəyi ilə bağlı yayılan məlumatlar neftin fantastik sürətlə bahalaşmasına səbəb olub. 1 gün ərzində 11 dollar bahalaşan neft 4 iyulda tarixi rekord həddinə çatıb - 143.95 dollar. 

2008-ci ilin qlobal maliyyə böhranı qiymətlərinin qəfil düşməsinə səbəb olub. Həmin dövrdə baş verən proseslər hazırda baş verənlərə çox oxşayırdı. Elə neftin qiyməti baxımından da. Həmin ilin dekabrın 26-da neft 33 dollara qədər ucuzlaşıb. Lakin 2009-cu ilin iyulundan etibarən neftin qiyməti yenidən yavaş-yavaş artmağa başlayıb və 2009-cu ildə bir barel orta hesabla 62 dollar təşkil edib. 2010-cu il ərzində isə dünya bazarında neftin qiyməti 70-80 dollar səviyyəsində sabit olaraq qalıb.

2011-ci ilin əvvəlində Liviyada baş verən siyasi böhran nəticəsində yenidən neftin qiyməti artmağa başlayıb və artıq aprel ayında 124-126 dollar səviyyəsinə çatıb. Lakin Beynəlxalq Enerji Agentliyinin və Amerika Birləşmiş Ştatlarının strateji ehtiyatları hesabına bazara 90 milyon barel neftin çıxarılması qiymətlərin sonrakı artımının qarşısını alıb və 2012-ci ilin fevralına qədər barelin qiyməti 105-115 dollar səviyyəsində dəyişib və yalnız mart ayında 128 dollara qalxıb.

Lakin sonrakı aylarda Avrozonada yaranan problemlər, Fransa və Yunanıstandakı siyasi böhran səbəbiylə iyunda neft 98 dolları düşüb, avqust ayında Kaliforniya neft zavodunda yanğın və Suriya böhranını təsirindən yenidən 112 dollara yüksəlib. 

Neftin qiymətindəki stabillik 2014-cü ilin avqust ayına qədər davam edib və illik orta qiymət 108 dollar olub. Bu müddətdən sonra isə belə demək olarsa “qara qızıl”ın “qara günləri” başladı. Belə ki, yayın sonlarında ABŞ və Çində yanacağa tələbatın azalması neftin qiymətinə mənfi təsir etməyə başladı. Bu ərəfədə Liviya neftinin 1 iilik fasilədən sonra bazara qayıtması ilə yanaşı, ABŞ və Səudiyyə Ərəbistanın bazara əlavə neft çıxarması təklifin tələbatı üstələməsinə və qiymətlərin 90 dollara qədər düşməsiniə səbəb oldu.

Daha sonra İran və Səudiyyə Ərəbistanının xam neft ixrac müqavilələri üzrə qiymətin azaldılması barədə razılığa gəlmələri, oktyabr ayında Beynəlxalq Enerji Agentliyinin və Beynəlxalq Valyuta Fondunun hesabatlarında növbəti il üzrə açıqladıqları qlobal iqtisadi proqnozları dekabrın sonunda neftin qiymətinin 55-56 dollara qədər ucuzlaşmasına səbəb oldu.

2014-cü ilin avqust ayına qədər neftin qiyməti 55-60 dollar arasında dəyişsə də, sonrakı aylarda yenidən ucuzlaşma tendensiyası başladı və 2015-ci ilin yanvar ayında qiymətlər 2009-cu ildən bu yana ilk dəfə 50 dollardan aşağı düşdü.  

Mövcud şəraitdə ABŞ və Səudiyyə Ərəbistanın bazarda bolluq yaratmaları, Liviyanın yenidən bazara qayıtmasına şərait yaradılması, həmçinin 2015-ci ilin yayında İrana qarşı iqtisadi embarqoları aradan qaldırmaqla bağlı danışıqların aparılması və artıq bu sanksiyaları ləğv etməklə onun bazara neft çıxarmasına imkan verilməsi neftin taleyinin iqtisadi deyil, siyasi təsirlərlə idarə edilməsinə şübhə yeri qoymur.

Məhz bunun nəticəsidir ki, ötən bir il ərzində gündəlik olaraq ucuzlaşmaqda olan Brent markalı neftin qiyməti hazırda 27.7 dollardır.

Pərviz Rəhimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı